Tarixi fakt belədir ki, Cahandar ağanı torpaq üstündə kazaklar öldürürlər. Onun Kür sahilində böyük torpaqları var idi. Çar Rusiyası tərəfindən göstəriş verilib ki, o sahələr Rusiyanın xeyrinə müsadirə edilsin. Buna da Cahandar ağa razılıq verməmişdi. Bundan qəzəblənən qubernator onun ərazisinə kazakları göndərir. Ağa və ruslar arasında atışma başlayır. O, kazakların 5-ni atışma zamanı öldürür. Arxadan yaxınlaşan rus əsgəri onu kürəyindən vurur və ağır yaralı halda özünü Kür çayına atan Cahandar ağa oradaca ölür.
Rejissor Hüseyn Seyidzadənin çəkdiyi ilkin variantda film Cahandar ağanın kazaklar tərəfindən arxadan güllələnməsi və Rus Əhmədin kazak zabitinin üzünə sillə vurması ilə bitirdi. Sovet senzurası "rus zabitinə azərbaycanlının əl qaldırmasını" qəbul etmədiyi üçün həmin səhnə kəsilib və itib.
Cahandar ağanın ölümü ilə bağlı səhnə Moskvanı xüsusilə qıcıqlandırırdı. Orada Zaqafqaziya kinoları üzrə rəhbər Adil müəllimə: "Yalvarıram sizə, özünüz-özünüzü öldürün, ruslar sizi öldürməsin. O epizoddan başqa bütün epizodlar dəyişməz qalsın”, – demişdi. Beləliklə, torpağı uğrunda döyüşərək ölən Cahandar Ağanı sonda namus üstündə qurban verirlər. Filmin sonluğunu rejissorun özünə deyil, Adil İsgəndərova montaj etdirirlər. Orijinal lent yazıları isə arxivlərdən tamamilə silinir və ya yandırılır.
Fotoda: Quruluşçu rejissor Hüseyn Seyidzadə və ssenari müəllifi İsmayıl Şıxlı
Filmdə maraqlı məqamlardan biri də Mirzə Babayevin apardığı zikr səhnəsidir. Filmdə gördüyümüz o səhnə İslam dünyasında, xüsusən də sufizmdə geniş yayılmış "cəhrı zikr" və "səma" ayininin bədii formada təsviridir. O dövrdə Azərbaycanda bu cür zikrin Allaha olan sevgi kimi kinoda göstərilməsi qəti qadağan idi. Rusların niyyəti isə dini gözdən salmaq və xalqa bu zikrlərin "əxlaqsız” məclis kimi təqdim etmək idi. Buna görə də Molla Sadıq obrazından bu dini duyğunun tamamilə manipulyasiya edilməsi üçün birbaşa göstəriş verilir.
Rejissora deyirlər ki, bu dini ritualı göstərməklə həm də din pərdəsi altında gizlənən "mənfi" qüvvələrin "xalqın beynini necə dumanlandırdığını” göstərsin.
Zikr rəqsini ifa edənlər peşəkar rəqqaslar və aktyorlar dəvət edən rejissor Moskvanın dediyini etsə də, zikrin ilk səhnədə necə ruhani ritual olmasını göstərə bilmişdi. Hətta deyilir ki, çəkiliş dayandırıldıqdan sonra da bəzi mürid obrazlarını canlandıran şəxslər ritmdən çıxa bilmir, fırlanmağa və zikr etməyə davam edirlər. Onları sakitləşdirmək üçün çəkiliş meydançasına həkim çağırmalı olurlar.
Tofiq Quliyev nəhəng insan olduğunu bu filmdə bir daha isbat etmişdir. O, adətən lirik, şən və modern melodiyalar bəstələsə də, bu səhnədə daxili ritmi elə tənzimləmişdi ki, musiqi tamaşaçını da daxilən gərir, qorxu və vahimə hissi yaradırdı. Nağaranın vuruşları insan ürəyinin döyüntüləri ilə sinxron sürətdə sürətlənirdi.
Sovet dövründə Çar Rusiyasına qarşı münasibət bu filmdə minimuma endirilmiş idi. Çarı yıxan Leninin ardıcılları tələb edirdilər ki, filmdə ruslar mənfi obrazda göstərilməsin. "Rusiyanın regiona gəlişi ancaq tərəqqi və mədəniyyət gətirib" tezisini qorumaq üçün çar zabitlərinin mənfi, qəddar tərəflərini göstərən səhnələrin əksəriyyəti ixtisar etdirildi.
Filmdə təbliğ edilən "Azərbaycanı cəhalətdən xilas edən yeganə rus işığı" əslində bu seminariyaların məqsədi həm də imperiyaya sadiq, rusdilli kadrlar yetişdirmək idi. O dövrdə bunu açıq görən İsmayıl Şıxlı romanda maarifçiliyin vacibliyini qeyd etməklə yanaşı, ruslaşdırma siyasətinin daxili təhlükələrinə də eyham vururdu. Filmin çəkildiyi 1960-cı illərin sonlarında Azərbaycanda gizli bir milli oyanış var idi. İsmayıl Şıxlının əsərini incələyən senzura onu tamamilə başqa formata saldı.
Prof.Dr. Zaur Aliyev
Şərhlər