Xəbər lenti

Mənzil hüququ ilə bağlı BMT-yə şikayət mümkün olacaq - Hüquqşünas bu sahədəki problemləri açıqlayır
Ekonomiks 15:32 22.05.2026

Mənzil hüququ ilə bağlı BMT-yə şikayət mümkün olacaq - Hüquqşünas bu sahədəki problemləri açıqlayır

(Yazı "Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” mövzusu üzrə hazırlanıb)
 
WUF13 çərçivəsində keçirilən "Qlobal Mənzil Böhranı - Plan Nədir?” adlı paneldə BMT-nin adekvat mənzil hüququ üzrə xüsusi məruzəçisi Koldo Casla mənzil hüququnun pozulması ilə bağlı şikayətlərin birbaşa BMT-yə təqdim edilə biləcəyini bildirib. Bu açıqlama fonunda BMT-yə edilən şikayətlərin hüquqi baxımdan hansı nəticələr yaratdığı, eləcə də tikinti şirkətləri ilə bağlı şikayətlərdə əsas problemlər kimi məsələlər yenidən gündəmə gəlib.

Ekspert Əkrəm Həsənov Qaynarinfo-ya açıqlamasında bildirib ki, BMT-yə müraciət etmək hüquqi baxımdan istənilən vətəndaş üçün mümkündür, lakin bu müraciətlərin məcburi icra gücü yoxdur. Hüquqşünasların sözlərinə görə, BMT-yə edilən şikayətlərin mahiyyəti əsasən yazışma xarakteri daşıyır: 

"İstənilən vətəndaş BMT-yə məktub yaza bilər ki, mənim mənzil hüququm pozulur. BMT isə həmin müraciəti götürüb aidiyyəti yerə göndərir. Burada hüquqi baxımdan məcburi nəticə yoxdur. Bundan başqa, BMT Təhlükəsizlik Şurasının qərarları və qətnamələri belə bəzən tam icra olunmur və bu, beynəlxalq təcrübədə də müşahidə edilir".

Hüquqşünas qeyd edib ki, Azərbaycanda vətəndaşların mənzil hüquqlarının pozulması əsasən tikinti sektoru və köçürmə prosesləri ilə bağlıdır:

"Tikinti aparılan zaman ən çox pozuntular ya yeni tikililərin inşası, ya da vətəndaşların mənzillərindən məhrum edilməsi zamanı baş verir. Bu sahədə əsas problem tikinti şirkətləri ilə bağlı hüquqi mexanizmlərin tam işləməməsidir. Qanunvericiliyə görə tikinti şirkətləri tikinti aparılan torpaq sahəsini əvvəlcədən mülkiyyətə almalı və bütün proseslər şəffaf şəkildə rəsmiləşdirilməlidir, lakin Azərbaycanda bu praktika tam tətbiq edilmir. Bir çox hallarda mənzil tikinti kooperativləri vətəndaşlardan ya əvvəlcədən tam ödəniş alır, ya da hissə-hissə pul toplasa da, hüquqi təminat mexanizmləri zəif olur. Bu halda nə torpaq üzərində mülkiyyət hüququ düzgün rəsmiləşdirilir, nə də gələcək mənzillərin hüquqi qeydiyyatı vaxtında aparılır".
 


Tikinti sahəsində baş verən problemlər haqqında danışan Əkrəm Həsənov bu sahədəki ən ciddi problemlərdən biri kimi eyni mənzilin bir neçə şəxsə satılmasını qeyd edərək bildirib ki, mənzillər Daşınmaz Əmlak və Dövlət Reyestrində əvvəlcədən qeydiyyata alınsa, belə hallar baş verməz:

"Tikilən bina hələ hazır olmasa da, qanun imkan verir ki, gələcək mənzil hüququ əvvəlcədən qeydiyyata alınsın. Əgər bu mexanizm işləsə, bir mənzilin bir neçə nəfərə satılması mümkün olmaz".

Əkrəm Həsənov qeyd edib ki, tikinti şirkətləri bəzən layihələri yarımçıq saxlayır və belə olanda vətəndaşlara ciddi zərər dəyir:

"Doğrudur, belə hallarda adətən cinayət işi açılır və şirkət rəhbərləri məsuliyyətə cəlb olunur, lakin real sahiblərin məsuliyyəti məsələsi çox vaxt kölgədə qalır. Yeni tikilən binaların təhvil veridlikdən sonra idarə edilməsi ətrafında yaranan problemlərə də toxunan həmsöhbətimiz vurğulayıb ki, bina tikilib təhvil verildikdən sonra idarəetmə funksiyası tikinti şirkətində qalmamalıdır.

Qanunvericiliyə əsasən, binanın idarə olunması sakinlərin ümumi yığıncağı tərəfindən müəyyən edilməlidir. Amma Azərbaycanda bu mexanizm tam işləmir. Tikinti şirkətləri binanı tikdikdən sonra da idarəetməni özlərində saxlayır və sakinlərdən ödəniş yığırlar. Halbuki bu səlahiyyət sakinlərin özündə olmalıdır".

Əkrəm Həsənov deyir ki, köhnə binaların sökülməsi zamanı da müxtəlif problemlər yaranır:

"Bəzi hallarda tikinti şirkətləri sakinləri razı salmadan köçürməyə çalışır və bu zaman mülkiyyət hüququ kobud şəkildə pozulur. Dövlət ehtiyacları üçün söküntü halları qanunla tənzimlənsə də, özəl tikinti şirkətlərinin bu prosesə müdaxiləsi hüquqi baxımdan problem yaradır".

Hüquqşünas əlavə edib ki, bəzi hallarda Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən tikinti şirkətlərinə torpaq sahələrinin istifadəyə verilməsi ilə bağlı qərarlar qəbul olunur, lakin bu yanaşma mülkiyyət hüququ baxımından suallar doğurur:

"Qanuna əsasən, binanın altındakı torpaq sahəsi həmin binadakı mənzil sahiblərinin ümumi mülkiyyətində olmalıdır və bu hüququn pozulması yolverilməzdir. Mövcud problemlərin əsas səbəbi isə tikinti sektorunda şəffaflığın zəif olması, mülkiyyət hüququnun vaxtında qeydiyyata alınmaması və nəzarət mexanizmlərinin tam işləməməsidir".
 
Günay İlqarqızı
 
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.


--> -->