NATO-nun baş katibi Mark Rutte ABŞ prezidenti Donald Trampın Şimali Atlantika Alyansından çıxmasının qarşısını almaq üçün yeni plan hazırlayır.
Qaynarinfo xəbər verir ki, bu barədə "Politico” yazıb.
Məlumata görə, plan ABŞ üçün sərfəli olacaq yeni müdafiə sazişlərinin bağlanmasını nəzərdə tutur. Bildirilir ki, Rutte son həftələrdə hərbi istehsalın və müdafiə müqavilələrinin həcminin artırılması kampaniyasına rəhbərlik edir. Məqsəd iyul ayında Ankarada keçiriləcək alyans liderlərinin sammitini uğurlu keçirməkdir. Bu kampaniyanın əsas hədəfi Avropadakı real çatışmazlıqları aradan qaldırmaq və Trampın diqqətini cəlb edəcək iqtisadi arqumentlər formalaşdırmaqdır.
"Düşünürəm ki, Ruttenin bunu Ankarada vurğulaması çox yaxşıdır ki, biz ümumi standartlara, daha yaxşı operativ uyğunluğa malik olaq və daha çox, daha ucuz istehsal edək. Biz silah istehsalını və ticarəti davam etdirməliyik, ABŞ-ın isə bəzi unikal imkanları var”, deyə İsveçin xarici işlər naziri Mariya Malmer bildirib.
Eyni zamanda, nəşr qeyd edir ki, Ruttenin planı Aİ daxilində müqavimətlə üzləşə bilər. Aİ öz müdafiə sənayesinin inkişafına üstünlük verməyi planlaşdırır. Bu strategiya həm də Rutte üçün alyans daxilində mövcud gərginliklər fonunda vahid mövzu tapmaq çətinliyini əks etdirir.
"Diqqətin sənaye əməkdaşlığına yönəldilməsi digər fikir ayrılıqlarını arxa plana keçirmək üçün tamamilə məntiqlidir”, deyə NATO-nun keçmiş rəsmisi Gerlinde Nixus bildirib.
Xatırladaq ki, Yaxın Şərqdəki müharibə fonunda ABŞ NATO-ya qarşı kəskin tənqidlər səsləndirib və Vaşinqtona həmin münaqişədə dəstək verilməməsini irad tutub. "Reuters"in məlumatına görə, ABŞ NATO-dakı müttəfiqlərinə mümkün ciddi böhran zamanı istifadə oluna biləcək hərbi resurs ehtiyatlarının azaldılması barədə məlumat verməyi planlaşdırır.
Avropada isə Vaşinqtonun NATO-dakı rolunu azaltmasından narahatlıq var. NATO-nun keçmiş baş katibi Yens Stoltenberqin fikrincə, ABŞ olmadan alyansın mövcudluğu mümkün deyil. O, həmçinin ABŞ-ın iştirakı olmadan Avropa müdafiə alyansı ideyasına inanmadığını bildirib.
Günay
Şərhlər