Xəbər lenti

9-cu siniflərin imtahanı da təkrar keçiriləcək
Ölkə 18:42 22.05.2026

9-cu siniflərin imtahanı da təkrar keçiriləcək

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən 2026-cı il mayın 17-də ümumi (9 illik) orta təhsil bazasında müxtəlif imtahanlar keçirilib. Həmin gün Bakı, Abşeron və Sumqayıt şəhərlərinin bəzi yerlərində imtahan zamanı əlverişsiz hava şəraiti müşahidə olunub. Bu hal nəzərə alınaraq qeyd olunan şəhərlərdə imtahanda iştirak etmiş və ya imtahana gedə bilməmiş şəxslər üçün 21 iyun tarixində imtahanın təkrar keçirilməsi nəzərdə tutulur.

Qaynarinfo xəbər verir ki, bununla bağlı Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, təkrar imtahana ancaq qeyd olunan şəhərlərdə keçirilmiş imtahanda iştirak etməli olan şagird və abituriyentlər qatıla bilərlər.

"Bu il 9 illik təhsil bazasında kolleclərin müsabiqəsində iştirak etmək üçün qeydiyyatdan keçən və təkrar imtahanda iştirak etmək istəyən abituriyentlər 25-26 may tarixlərində Mərkəzin saytında yerləşdiriləcək keçid vasitəsilə qeydiyyatdan keçə bilərlər. 17 may tarixində imtahanda iştirak etmək üçün buraxılış vərəqəsini əldə etmiş, lakin əlverişsiz hava şəraiti ilə bağlı gecikmə səbəbinə görə imtahanda iştirak etməmiş abituriyentlər üçün bu imtahan ödənişsizdir.
 
İmtahanda iştirak etmiş abituriyentlər isə istədikləri təqdirdə müvafiq qaydada ödəniş etməklə imtahanda yenidən iştirak edə bilərlər.

Kollecə qəbul olmaq üçün sənəd təqdim etməyən, lakin mayın 17-də qeyd olunan şəhərlərdə buraxılış imtahanında iştirak etməli olan şagirdlər (apreldə keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari və əvvəlki illərin IX sinif şagirdləri, eksternat qaydasında IX sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər) 25-27 may tarixlərində təhsil aldıqları məktəbə müraciət edərək 21 iyunda keçiriləcək təkrar imtahanda iştirak edə bilərlər. 21 iyunda keçiriləcək imtahanda iştirak etmək istəməyən şagirdlər ənənəvi olaraq sentyabrda keçirilən imtahana da qatıla bilərlər”, - məlumatda deyilir.


--> -->