Xəbər lenti

Klassika deyib keçməyin
Könül Nuriyeva
Sənət 16:57 19.05.2026

Klassika deyib keçməyin

"Onun üzünün gözəlliyi sanki qəlbinin dürüstlüyündən asılıydı” yazan müəllifin dördüncü kitabını oxuyub bitirmək, özünün dediyi kimi "minnətdarlıq ifadəsini xatırladan lal heyranlıq anları” yaşatdı. Çimnaz Vəliyevanın tərcümə etdiyi Qustav Floberin "Hisslərin tərbiyəsi” kitabı müəllifin ənənəvi üslubuna sadiqliyi ilə seçilir. Oxuyaraq adam düşünür ki, realist dəst-xəttiylə fərqlənən yazıçının 58 illik ömrünə Fransa ədəbiyyatının zirvəsinə ucalmaq da yazılıbmış. 

"Əxlaqi dəyərləri təhqir etdiyinə görə” məhkəməyə verilən Flober əsərləri üzərində uzun müddət işləməsiylə və yazdığı əsərləri dəfələrlə uca səslə oxumasıyla məhşurdur. Onun "Hisslərin tərbiyəsi” romanının qəhrəmanı 1840-cı ildə əyalətdən Parisə yola düşən Frederik Morodur. Bu obraz əslində hissləri tərbiyələndirməyən cəmiyyətin qurbanıdır. Bütöv bir nəslin güzgüsü olan bu qəhrəman ümidlərinin puç olması ilə üzbəüz qalır.

Xüsusi təsir gücünə malik olan bu əsər romantik gəncin xəyalları kimi görünsə də, əslində XIX əsr Fransa cəmiyyətinin geriləməsinin nümunəsidir. Həyatın sərt üzünü görməmiş gənc karyera qurmaq, öz yerini Paris mühitində tapmaq üçün yola çıxır. Bu yol onun taleyini müəyyən mənada Madam Anru ilə bağlayacaq. Qadına olan məhəbbəti onun mənəvi dünyasının daimi səsinə çevriləcək. Frederik tələsir, o həyatda yeni yer tutmağa, imkansız eşqin arxasınca düşməyə tələsir. O, özü olmağın, öz yerində qalmağın, öz aurasını qorumağın, özüylə xoşbəxt olmağın dərinliyini anlamayan gəncdir. Əslində bizim heç birimiz gənc yaşlarımızda bunu dərinliyi ilə başa düşmürük. Amma Frederikin süst xarakteri onun həyat yolunu müəyyən edir. Çox vacib sual meydana çıxır. İnsanlar xarakterlərini başqa cür edə bilərlərmi? Özlərinə xas təbiəti dəyişməklə taleylərini də dəyişə biləcəklərmi? Yəni, Frederik özünə inamlı gənc olsaydı, bir qadının dalınca düşməkdənsə mənəvi kamilləşmə yolunu tutsaydı, Paris cəmiyyətinin eybəcərliyini bəsirət gözüylə görsəydi onda nə olardı? Frederikin düşdüyü mənfəətpərəst mühitdən vaxtında yaxasını qurtarmaq cəsarəti olsaydı, nə baş verərdi? Çox ehtimal ki, o ömrünün yaşlı cağlarında ah-vay edən qocaya dönməyəcəkdi. Suallar isə oxucunun ixtiyarına verilir. Axı bədii kitabları gözəl nitqimiz olsun deyə, düşüncə tərzimiz inkişaf etsin deyə yox, həm də özümüzü yetkin və ağıllı adama çevirək deyə oxuyuruq. 
 


Kitabının adını kinayəli mənada qoyan yazıçı obrazını kamilləşdirmir, onu burjua mühitinin və siyasətin aciz qurbanına çevirir. Onun saf hisslərinin eybəcərləşdirilməsi oxucunu kədərləndirir. İstər-istəməz özümüzə sual veririk. Görəsən, bizi kim və harada özünün maddi və riyakar davranışı ilə eybəcərləşdirdi? Görəsən, bizim saflığımızı hansı yol aldı və apardı? 

Fəlsəfə, incəsənət və siyasət aləminə daxil olan Moronun böyük xəyalları, sənətə olan sevgisi cəmiyyətin ikiüzlülüyü və pula hərisliyi qarşısında yoxa çıxır. Yazıçı hələ səssizdir, hələ obrazını izləyir. Obrazın varlığını itirməsi, daha doğrusu mənəvi aşınmasını təsvir edir, sona doğru olan yolu bizə əyani şəkildə usta qələmiylə göstərir.

Həmin dövrün tarixi portretinə baxsaq, 1848-ci il burjua inqilabi və ikinci Respublikanın qurulması Moronun bəxtinə düşdüyünü görərik. Siyasi dalğalanmalar, inqilabi şüarlar altında gizlənən şəxsi intriqalar yazıçının aydın gördüyü şəraitdir. Bütöv bir fransız gəncliyinin sosial və mənəvi iflası Moronun timsalında görünür.

İllər keçdikdən sonra Frederik və onun dostu Deslorye yaşlanmış halda qarşılaşırlar. Onlar istədiklərinə nail olmayan insanlar olduqlarını dərk edirlər və yaşadıqlarını kədərli şəkildə danışırlar. Cəmiyyətə uyğunlaşmaq, hamı kimi olmaq, saflığından və ən əsası özün olmaqdan imtina etməkdir. Dünyanı dəyişmək istəyi çox adamın xəyalı, arzusu və istəyi olur. Amma axırda dünya onları dəyişir. Real həyatla toqquşmağı demək olar ki, çox adam yaşayıb. Müəllif bir nümunə əsasında onu Frederikin həyatıyla bizə göstərib.

Əgər bu mövzuda yazılmış digər əsərlərlə Floberin əsərini müqayisə etsək, Balzakın "İtrilmiş illüziyalar” əsəri yada düşür.

"İtirilmiş illüziyalar” əyalətdən gələn hər iki qəhrəmanın taleyini yaxınlaşdırır. Özünü istedadlı hesab edən Balzakın qəhrəmanı elə Floberin obrazına çox bənzəyir. Çox adam Parisi fəth etmək, hər kəsi özünə heyran buraxmaq və şöhrət arzusu ilə yanır. Balzakın qəhrəmanı Lüsyen də Frederik kimi Paris həyatına heyran olur, amma sonra başını itirir və mənəvi olaraq parçalanma dövrünü yaşayır. Bu gənclərin heç biri çirkinlikdən xilas ola bilmirlər. Amma Bakzakın qəhrəmanı daha ehtiraslı və coşqun təbiətlidir, məhz buna görə də o mübarizə aparır və sərt şəkildə yıxılır. Floberin qəhrəmanı isə çəkingən, passiv və özgüvənsizdir. O idarəedici deyil, özünü hadisələrin axınına könüllü verir.

Əgər dünya ədəbiyyatının digər əsərlərinə müraciət etsək, Stendalın "Qırmızı və Qara əsəri”nin qəhrəmanı yada düşür. Jülyen Sorel də əyalət adamıdır. Saydığımız bütün qəhrəmanlar saf mühitdən gəlir. Həm Jülyen, həm Frederik özlərindən yaşca böyük qadına aşiq olurlar. Onların aşiq olduqları qadınlar evlidirlər və cəmiyyətdə mövqeyləri var. Hər ikisinin sosial mühitin iştirakçısı olmasında bu qadınlar mühüm rol oynayırlar. Stendalın qəhrəmanı soyuqqanlıdır, çox rasionaldır, Bonapart aşiqidir, hər addımı hesablayan strategiyası olan adamdır. Floberin qəhrəmanı isə xəyallarda üzür, çox romantikdir və plansızdır.

Müqayisə və oxşarlıq üçün digər əsəri Çarlz Dikkenzin "Böyük ümidlər” əsərinin adını çəkə bilərik. Hər iki baş qəhrəmanda ciddi mənəvi oxşarlıqlar var. Dikkenzin Pip obrazı qəfil gələn var-dövlət sayəsində London kübar cəmiyyətinə daxil olur. O özünün əvvəlki halından utanır və bunu gizlətməyə çalışır. Əlçatmaz qadın olan Estellaya aşiq olur. O da Floberin qəhrəmanı kimi həyatının ahıl çağında boş ümidlərə qapıldığını dərk edir. Yaşlaşanda həyatının böyük hissəsini boşa xərclədiyini başa düşür.

Amma Dikenz əsərinin sonunda öz qəhrəmanına mənəvi təmizlənməni rəva görür. Nəhayət ki, daxili dincliyini tapır. Dikenz realist xarakteri ilə bədbinliyə meyl edir. Axı realizm və bədbinlik əkiz qardaşdır. Floberin qəhrəmanı bir ömür böyümür, böyüyə bilmir. Boşluqda asılı vəziyyətdə qalır, onun yanında təkcə bədbinlik və puç olmuş ümidlər var.

Əsərlərin müqayisəsi insan taleyinin çətinliklərlə dolu olduğunu və oxşar olduğunu göstərir. Eyni faciəni müxtəlif adamlar yaşayır. Bu, bədii ədəbiyyatda da, real həyatda da eynidir. Mövcudluğun acı tərəfi həmişə var və daimi olaraq artıq dozada olur. Sevinc bir gündürsə, kədər on gün olur. İşıq və qaranlığın bir-birini əvəz etməsi olmasaydı, kədərə dözmək çətin, əzablı və zülm olardı. Yuxarıdakı bədii əsərlərin qəhrəmanları gənclərdir. Məhz bu səbəbdən bu mövzuda əsərləri gənclərin oxuması tövsiyyə olunur. 

Özünü dərk etmək, səhvlərdən uzaqlaşmaq, hər gün yenidən başlamağın mümkünlüyünü başa düşmək üçün kitablar vacibdir. İndi bədii təxəyyülümüzün bir küncündə Frederik əyləşib. O düşünür, amma düşüncəsi də xarakteri kimidir, yəni cəsarətli deyil. Yenidən başlamağın fəlsəfəsindən uzaqdır, yəni təslimçi yaradılışa malikdir. "Kaş ki, Frederik başqa cür olsaydı…” deyib Floberin bu dəyərli kitabıyla vidalaşırıq, fikrimiz isə hələ uzun müddət bu qəhrəmanın yanında qalacaq…

Könül Nuriyeva
--> -->