Mənzil yalnız əmtəə deyil, insan hüququdur.
Trend xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudiya Rossbax Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) bağlanış mərasimində deyib.
O bildirib ki, forum çərçivəsində dövlətlər, yerli və regional hakimiyyət orqanları, vətəndaş cəmiyyəti təşkilatları, özəl sektor nümayəndələri və icmalar bir araya gələrək mənzilin insan ləyaqətinin, inklüzivliyin, imkanların və iqlim dayanıqlılığının təməli olduğu barədə ortaq mövqe ortaya qoyublar.
"Mənzil Dayanıqlı İnkişaf Məqsədlərinə, o cümlədən inklüziv, təhlükəsiz, dayanıqlı və davamlı şəhərlərin qurulmasına nail olmaq üçün ən mühüm vasitələrdən biridir”, – deyə o qeyd edib.
Anaklaudiya Rossbax vurğulayıb ki, Yeni Şəhər Gündəliyinin icrasının orta mərhələsinə çatıldığı bir vaxtda Bakıdan verilən mesaj aydındır: qarşıdakı onillik sürətləndirilmiş icra, genişmiqyaslı nəticələr və insanların həyatında ölçülə bilən dəyişikliklərlə xarakterizə olunmalıdır.
UN-Habitat rəhbərinin sözlərinə görə, forum çərçivəsində keçirilən altı dialoq, 10 xüsusi sessiya, 355-dən çox yan tədbir və geniş sərgi şəhər inkişafının insan mərkəzli yanaşma əsasında həyata keçirilməsinin vacibliyini bir daha nümayiş etdirib.
O qeyd edib ki, bunun üçün mənzil siyasətinin yenidən ictimai məsuliyyət kimi qəbul edilməsi, şəhərlərin və icmaların səlahiyyətləndirilməsi, məcburi köçürmələrin dayandırılması və həssas qrupların müdafiəsi vacibdir.
"Eyni zamanda mənzil maliyyələşdirmə mexanizmləri transformasiya edilməli, məlumat sistemləri gücləndirilməli və qərarlar etibarlı, icma əsaslı məlumatlara söykənməlidir. Nəhayət, aydın hədəflər, ölçülə bilən hesabatlılıq və icmalarla birgə fəaliyyətə əsaslanan icra mexanizmləri qurulmalıdır”, – deyə Anaklaudiya Rossbax əlavə edib.
Şərhlər