Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyəti qurultayda dəstəkləyəcəyi namizədin adını açıqlayıb.
İdarə Heyətinin üzvü Baba Vəziroğlu Qaynarinfo-ya açıqlamasında bildirib ki, Şəfiqə Məmmədovanın namizədliyi irəli sürülüb:
"İdarə Heyətinin iclası keçirildi. İclasda mən də daxil olmaqla bir neçə nəfər Şəfiqə Məmmədovanın namizədliyini irəli sürdü. Şəfiqə xanım buna etiraz etmədi və namizədliyinin irəli sürülməsinə razılıq verdi. İttifaqın sədri hörmətli və nüfuzlu şəxs olmalıdır. Binanın alınmasında Şəfiqə xanımın böyük rolu olub. Büdcənin ayrılması üçün də ciddi səylər göstərib, əziyyət çəkib. Rasim müəllim xəstə olduğu vaxtlarda onu tez-tez əvəz edib. Hətta Rüstəm İbrahimbəyovun dövründə də ittifaqda fəaliyyət göstərib. Uzun illərin təcrübəsinə malikdir".
Baba Vəziroğlunun sözlərinə görə, ittifaqda "mən yaşlıyam, istəmirəm" kimi yanaşma yoxdur:
"İttifaqa həm xalq tərəfindən sevilən, həm də dövlət tərəfindən dəyərləndirilən rəhbər lazımdır. Bu gün biz həmin keyfiyyətləri Şəfiqə Məmmədovada görürük. Şəfiqə xanımın namizədliyini hamı dəstəklədi".
O, qurultaya sayılı günlərin qaldığını da xatırladıb:
"Nizamnaməyə əsasən, istənilən şəxs namizədliyini irəli sürə bilər. Amma qurultay günü namizədlər səsverməyə çıxarılır. Əgər namizəd nümayəndələrin kifayət qədər səsini qazana bilməsə, seçkiyə buraxılmır. İttifaqın qurultayları həmişə bu qaydada keçirilib. Ötən qurultayda iki namizəd var idi - Şəfiqə Məmmədova və Rasim Balayev. Səsvermədən əvvəl Şəfiqə Məmmədova namizədliyini geri götürdü və Rasim Balayev sədr seçildi".
Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının qurultayı mayın 26-da keçiriləcək.
Bahar Rüstəmli
Şərhlər