Hal Foster sənət tənqidçisi və tarixçisidir, Prinston Universitetinində dərs deyir. "The Paris Review" nəşrində "Cahil sənət tarixçisi”adlı silsilə yazılarla çıxış edir. Müəllif bu layihədə məqsədinin "sənət əsərinə baxmağı bir az sadələşdirmək, bu işi bayağılaşdırmadan hər kəsin sənəti anlaya biləcəyini göstərmək” olduğunu bildirir.
"Cahil sənət tarixçisi"ndən: "Kisə parçası 1953"
Bir rəsm əsəri deşik-deşik, cırıq-cırıq olmuş kobud kisə parçasından ibarətdirsə, ona hələ də "rəsm əsəri” demək olarmı? "Kisə parçası 1953” əsərindəki yarıqların çoxu yamaqlansa, calansa və ya tikilsə də, bəziləri hələ də açıq qalaraq altından qara və qəhvəyi rəngə boyanmış kətanı göstərir. Sırf bu alt kətanın sayəsində bir yerdə duran kisə parçası, eyni zamanda açıq qəhvəyidən qırmızıya, solğun narıncıdan sarıya qədər dəyişən ləkələrlə ağardılıb və çirkləndirilib.
Bəs bu yöndəmsiz, bərbad kisə parçasını xilas etmək və təmir etmək nəyə lazımdır axı? Əgər bu işin əsas mövzusu elə "xilas etmək və təmir etmək” deyilsə... Eyni zamanda, açıq qalan yarıqlar, sökülən tikişlər və bir-birinə uymayan yamaqlar — hər şey, ən azından tam bərpa iddiasında olan hər hansı sağalma cəhdinin puçluğunu pıçıldayır.
Alberto Burri bu rəsm üzərində üfüqi vəziyyətdə — onu masanın üzərinə sərərək və tikərək işləyib, yalnız bundan sonra bizim divarda görməyimiz üçün onu şaquli vəziyyətə gətirib. Lakin o ilkin toxunuş əsərin son variantında da özünü hiss etdirir. Rəsmə baxarkən sanki aşağıya — alt-üst edilmiş, aşınmış bir relyefə baxırıq; yamaqlar, deşiklər və tikişlər fiziki coğrafiyanı xatırladır: bir təpə, bir yarğan, bir tarla, bir çay və ya göl. Təbii ki, mənzərə rəngkarlıqda çox geniş yayılmış mövzudur və "Kisə parçası 1953”ün ölçüləri də bu janra tam uyğun gəlir. Lakin burada mənzərə həm vizual, həm də toxunula bilən, taktil mücərrəd bir topoqrafiyaya çevrilib.
Yaralı bədən və dağılan estetika
Bəzən rəsm əsərinin səthini "dəri” adlandırırlar. Burada isə səth yer-yer cırılıb və yarıqlar çapıqları xatırladan tərzdə tikilib. Beləliklə, "Kisə parçası 1953”ün kələ-kötür mənzərəsi həm də yaralı bir bədəni canlandırır. Bu assosiasiya Qərb estetikasının təməl prinsiplərindən birini hədəf alır: düzgün kompozisiya insan bədəninin mükəmməlliyinə yaxın olmalıdır. Burri bu qədim modeli kökündən sarsıdır; sanki sənətə qarşı qəzəbini, hətta sivilizasiyadan duyduğu narahatlığı dilə gətirir.
Əksər rəsmlərdən fərqli olaraq, bu əsər hamarlığın tam ziddidir; əksər rəsmlərdən fərqli olaraq, o, baxışlarımızı oxşamaq, bizi sakitləşdirmək məqsədi güdmür. Əksinə, gözlərimizi onun kələ-kötür səthində gəzdirdikcə görmə qabiliyyətimiz üçün qorxu duya bilərik. O yarıqlar, deşiklər və yamaqlar sanki bizim vizual sahəmizdəki cırıqlardır — maddiləşmiş zədə nöqtələridir.
Rəngkarlıq bazar üçün istehsal olunan, daşına bilən əmtəəyə çevriləndən bəri rəssamlar kətan altlıqlara üz tutublar. Kisə parçası da daşınma rəmzidir, lakin daha kobud və tələm-tələsik daşınmanın. Biz kisəni sənətlə deyil, gündəlik istifadə ilə, hətta tullantı ilə əlaqələndiririk — axı bir çox şəhərlərdə zibil məhz kisə torbalarda toplanırdı. Burri ondan istifadə etməklə rəsm sənətini sanki küçəyə, çirkaba sürükləyir. O, kisə parçasını təkrar emal etsə də, aşağı silsilədən olan materialların sənətdə adətən uca tutulması, sublimasiyası kimi onu gözəlləşdirməyə çalışmır.
Müharibə travması və günahkarlıq duyğusu
Burri İkinci Dünya müharibəsi zamanı İtaliya ordusunda hərbi həkim olub. 1943-cü ildə Tunisdə əsir düşərək Texasdakı hərbi əsirlər düşərgəsinə köçürülüb və elə orada rəsm çəkməyə başlayıb. 1946-cı ildə İtaliyaya qayıtdıqdan sonra da bu işə davam edib və 1952-ci ilə qədər onun əsərlərində "Marşal Planı” çərçivəsində İtaliyaya göndərilən yardımlardan qalan kisə parçaları görünməyə başlayıb. Deməli, bu materialın mayasında qənaət, qıtlıq və eyni zamanda müharibənin gətirdiyi tükənmişlik yazılıb.
İstər mənzərə, istər bədən kimi oxunsun, istərsə də heç biri olmasın, "Kisə parçası 1953” bizə travmanı çatdırır — yunan dilində "trauma” elə "yara” deməkdir — tarixin həm şəxsi, həm də ümumi ağrılı, travmatik bir dövrünü. Bəlkə də elə buna görə rəsmdə sənətin zorlanması hissi və sivilizasiyaya qarşı qəzəb var — belə bir fəlakətə səbəb ola biləcək sivilizasiyaya qarşı.
Bəs əsərin adının — "Sackcloth”, yəni kisə parçası, matəm geyimi — gizli mənası nədir? Burada günahkarlıq duyğusuna, bəlkə də "Ox” dövlətlərinin (İkinci Dünya Müharibəsi zamanı (1939–1945) ABŞ, Böyük Britaniya və SSRİ-nin rəhbərlik etdiyi Müttəfiqlər blokuna qarşı döyüşən hərbi-siyasi ittifaq- red.) əsgəri kimi rəssamın öz günahına eyham varmı? Çünki qədim ənənədə kisə parçası geyinmək — matəm saxlamaq və tövbə etmək — günahların bağışlanması, peşmançılıq rəmzidir.
Redaksiyadan: ALBERTO BURRİ HAQQINDA
Alberto Burri (1915–1995) — XX əsr bədii sənət dünyasını kökündən dəyişdirən, müharibədən sonrakı Avropa mücərrəd rəngkarlığının və modernizminin ən nüfuzlu italyan nümayəndələrindən biridir. O, İtaliyada yaranan məşhur Arte Povera (Yoxsul Sənət) cərəyanının intibah xəbərçisi və mənəvi atası hesab olunur.
Burrinin ən möhtəşəm və nəhəng layihəsi sənət tarixinə ən böyük Land Art (Torpaq Sənəti) nümunələrindən biri kimi düşüb. 1968-ci ildə Siciliyada baş verən güclü zəlzələ nəticəsində tamamilə dağılan və xarabalığa çevrilən qədim Cibilina (Gibellina) şəhərinin qalıqlarını Burri ağ sementlə örtərək nəhəng bir beton labirint yaratdı. Şəhərin köhnə küçələrinin xətləri boyunca uzanan bu nəhəng ağ çatlaqlar bütöv bir şəhərin və itirilmiş həyatların xatirəsinə ucaldılmış nəhəng bir matəm abidəsidir.
Alberto Burri daşlaşmış, estetik qaydalara sıxışdırılmış Qərb sənətini küçəyə, zibilliyə və gerçək həyatın kobud reallığına endirərək müasir sənətdə tam bir qırılma nöqtəsi yaratmış sənətkardır.
Alberto Burrinin məqalədə bəhs olunan bu məşhur əsəri — sənətçinin "Sacchi" (Kisələr) seriyasına aid olan "Sackcloth 1953" (orijinal adı ilə Sacco və ya Composizione) sənət dünyasında inqilabi bir addım hesab olunur.
Şərhlər