Xəbər lenti

Dünyada psixi xəstəliklərdən əziyyət çəkənlərin sayı - 30 ildə 95,5 faiz artım
Dünya 15:14 22.05.2026

Dünyada psixi xəstəliklərdən əziyyət çəkənlərin sayı - 30 ildə 95,5 faiz artım

Dünyada psixi pozuntulardan əziyyət çəkən insanların sayı son 30 ildə 95,5% artaraq təxminən 1,17 milyarda çatıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Lancet” jurnalında dərc olunan beynəlxalq araşdırmada qeyd edilir.

Tədqiqat Rusiya, Avstraliya, ABŞ, Çin və digər ölkələrdən olan alimlərin iştirakı ilə hazırlanıb. Araşdırmada 1990–2023-cü illər ərzində 204 ölkədən toplanmış məlumatlar əsasında kişilər və qadınlar arasında 12 müxtəlif psixi xəstəlik kateqoriyası təhlil edilib.

Nəticələrə görə, 2023-cü ildə psixi xəstəliklər qlobal miqyasda səhiyyə sistemləri üçün ciddi problemə çevrilib və bu, ölkələrin inkişaf səviyyəsindən asılı olmayaraq müşahidə olunur. Alimlər xüsusilə narahatlıq pozuntuları, depressiya, distimiya, anoreksiya, bulimiya, şizofreniya və davranış pozuntularının artdığını bildiriblər.

Tədqiqat göstərir ki, psixi pozuntular ən çox 15–19 yaş arası qadınlar arasında qeydə alınıb.

Mütəxəssislər vəziyyətlə mübarizə üçün xüsusilə aşağı və orta gəlirli ölkələrdə epidemioloji nəzarət sistemlərinin gücləndirilməsini tövsiyə edirlər. Bundan əlavə, erkən diaqnostika və effektiv profilaktika tədbirlərinin inkişaf etdirilməsinin vacibliyi vurğulanır.

Aydın
--> -->