Beynəlxalq geoloqlar qrupu müəyyən edib ki, nadir torpaq metallarının yataqları onilliklərdir düşünüləndən tam fərqli şəkildə formalaşır. Yeni araşdırmaya görə, əsas rol qədim subduksiya zonalarına məxsusdur. Bu, milyardlarla il əvvəl bir tektonik plitənin digərinin altına batdığı bölgələrdir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Indian Defence Review” yazır.
Tədqiqat Adelaide Universitetinin professoru Karl Şpandler və onun həmkarları tərəfindən aparılıb. Alimlər Yer kürəsinin təxminən 2 milyard illik geoloji tarixini analiz edərək belə nəticəyə gəliblər ki, məhz qədim tektonik proseslər ən böyük nadir torpaq metal yataqlarının formalaşmasına şərait yaradıb.
Nadir torpaq metallarından elektrik avtomobilləri, smartfonlar, külək turbinləri və hərbi texnikada istifadə olunur. Lakin onların axtarışı həmişə çətin olub, çünki bu elementlər geniş yayılsa da, iqtisadi baxımdan sərfəli konsentrasiyalarda nadir hallarda tapılır.
Əvvəlki nəzəriyyələr
İndiyədək əsas nəzəriyyə belə idi ki, bu yataqlar Yer mantiyasından yüksələn isti maddə axınları – mantiy plümləri nəticəsində yaranır. Lakin yeni tədqiqat bu modeli faktiki olaraq təkzib edib.
Alimlərin yeni nəticəsi
Tədqiqat göstərib ki, bir tektonik plitə digərinin altına batarkən mantiya kimyəvi elementlərlə zənginləşir. Sonradan, yüz milyonlarla il keçdikdən sonra bu sahələr maqma mənbəyinə çevrilərək faydalı yataqların yaranmasına səbəb olur.
Nəticələrə görə, nadir torpaq elementləri olan karbonatitlərin 67%-ində, son 1,8 milyard ildə formalaşmış yataqların 72%-ində bu qədim subduksiya izləri aşkar edilib. Daha qədim yataqlarda isə bu göstərici 92%-ə çatır.
Professor Şpandlerin fikrincə, bu kəşf faydalı qazıntıların axtarışında yeni yanaşma yaradacaq və geoloqlara daha dəqiq perspektiv bölgələri müəyyən etməyə imkan verəcək.
Alimlərin sözlərinə görə, Yer mantiyası bu cür zənginləşmiş zonaları yüz milyonlarla il ərzində saxlayaraq sonradan yeni yataqların formalaşmasına şərait yarada bilir.
Tədqiqat həmçinin qitələrin formalaşması, qədim vulkanik fəaliyyət və iqlim dəyişikliklərinin daha yaxşı anlaşılmasına kömək edə bilər.
Aydın
Şərhlər