Xəbər lenti

Azərbaycanın ən böyük ticarət tərəfdaşı niyə İtaliyadır? (ŞƏRH)
Ekonomiks 16:12 22.05.2026

Azərbaycanın ən böyük ticarət tərəfdaşı niyə İtaliyadır? (ŞƏRH)

Azərbaycanın 2026-cı ilin yanvar-mart ayları üzrə əsas ticarət tərəfdaşları açıqlanıb. Açıqlanan məlumatlara görə, xarici ticarət dövriyyəsində ən böyük paya malik ölkə İtaliya olub. Hesabat dövründə Azərbaycanla İtaliya arasında ticarət dövriyyəsinin həcmi 2 milyard 604,5 milyon ABŞ dolları təşkil edib. Siyahıda Türkiyə 1 milyard 308,9 milyon dollarla ikinci yerdədir. Çin üçüncü, Rusiya isə dördüncü olub. 

Azərbaycanla İtaliya arasında yüksək ticarət dövriyyəsi əsasən hansı iqtisadi amillərlə bağlıdır?

İqtisadçı ekspert Akif Nəsirli Qaynarinfo-ya açıqlamasında bildirib ki, Azərbaycanla İtaliya arasında yüksək ticarət dövriyyəsinin əsas hissəsi neft və qaz məhsulları ilə bağlıdır:

"İtaliya uzun illərdir Azərbaycanın ən böyük enerji tərəfdaşlarından biri hesab olunur və xüsusilə xam neft ixracında əsas bazarlardan biridir. "Cənub Qaz Dəhlizi" layihəsi çərçivəsində Avropaya qaz nəqlinin artması da bu ticarət əlaqələrinin genişlənməsinə təsir göstərir. Buna görə ticarət dövriyyəsində əsas pay məhz enerji sektorunun üzərinə düşür. Qeyri-neft sektoru üzrə də müəyyən məhsul mübadiləsi mövcuddur. Buraya kənd təsərrüfatı məhsulları, qida sənayesi malları, kimya məhsulları və müəyyən sənaye avadanlıqları daxildir. Lakin ümumi dövriyyədə onların payı neft-qaz sektoru ilə müqayisədə daha azdır".



Xarici ticarət dövriyyəsinə təsir edən əsas amillər haqqında danışan Akif Nəsirli bir neçə faktor sadalayıb:

"Əsas amillərdən biri dünya bazarında dəyişən enerji qiymətləridir. Neftin və qazın qiyməti yüksəldikdə Azərbaycanın ixrac gəlirləri artır, qiymətlər düşdükdə isə ticarət dövriyyəsində azalma müşahidə olunur. Bundan başqa, qlobal iqtisadi vəziyyət, beynəlxalq siyasi münasibətlər, logistika imkanları, nəqliyyat marşrutları və valyuta məzənnələri də xarici ticarətə birbaşa təsir edir. Tərəfdaş ölkələrin iqtisadi aktivliyi və enerji tələbatı da mühüm rol oynayır. Eyni zamanda qeyri-neft sektorunun inkişafı, yerli istehsalın artması və ixracın şaxələndirilməsi gələcəkdə xarici ticarətin daha dayanıqlı olmasına kömək edə bilər".

"Eyni zamanda daxili qeyri-neft-qaz istehsalının artması da idxalın azalmağın gətirib çıxarar ki, bu da xarici ticarət balansında müsbət saldonun artmasına kömək edər", deyə Akif Nəsirli əlavə edib.
 
Günay İlqarqızı

--> -->