Dəbdəbəli toyların görünməyən hesabı
Son illərdə toylarımız tədricən ailə-məişət hadisəsindən çıxaraq açıq şəkildə sosial yarışa çevrilib. Artıq əsas sual "necə ailə qururuq?” deyil, "neçə nəfər çağırdıq, hansı müğənni gəldi, menyu nə idi?” ətrafında formalaşır. Toyun mahiyyəti dəyişib. Toylar ailə qurulmasının başlanğıcı yox, sosial statusun nümayiş səhnəsinə çevrilib. Bu dəyişiklik sadəcə mədəni zövq məsələsi deyil, birbaşa iqtisadi davranış problemidir. Çünki burada qərarları ehtiyac və imkan yox, müqayisə və sosial təzyiq idarə edir. Nəticədə rasional seçim mexanizmi sıradan çıxır, yerini "geri qalmamaq” psixologiyası tutur.
Ən böyük paradoks da məhz buradadır. Evlilik institutu mahiyyət etibarilə uzunmüddətli sabitlik, yığım və gələcək planlama üzərində qurulmalı olduğu halda, biz onun başlanğıcını maksimum qısamüddətli və yüksək xərcli istehlakla yükləyirik. Beləliklə, bir çox ailə evliliyə emosional başlanğıcla yox, maliyyə baxımından "borc portfeli” ilə daxil olur. Bugünkü real mənzərəni açıq desək, orta toy artıq kiçik bir iqtisadi layihədir. Şadlıq saraylarında menyu qiymətləri adambaşı bəzən yüzlərlə manata qədər yüksəlir. 150–200 nəfərlik bir toyun menyu xərci çox rahatlıqla 15 000–30 000 manat aralığını keçir. Bu isə orta aylıq gəlirlə müqayisədə təxminən 2–3 illik əmək haqqına bərabərdir. Yəni biz bir gecəlik mərasimə iki-üç illik iqtisadi əməyin nəticəsini yönləndiririk. Amma məsələ təkcə yemək və zal xərci ilə bitmir.
Toyun ikinci, daha sürətlə böyüyən bazarı var. Bu da şou və görüntü iqtisadiyyatıdır. Toya bir neçə məşhur müğənni çağırmaq artıq sadəcə musiqi seçimi deyil, sosial mesajdır. Tanınmış ifaçılar üçün 5–15 min manat, daha yüksək populyarlıq səviyyəsində isə 20–30 min manat və daha artıq xərclər bazarda normal hala çevrilib. Bunun üzərinə dekor, foto-video xidmətləri, gəlinlik, avtomobil korteji və digər "vizual detallar” əlavə olunduqda ümumi büdcə artıq nəzarət olunan xərcdən çıxır və sürətlə şişən sosial göstəriciyə çevrilir. Əslində, iqtisadi sual çox sadədir: Biz nə üçün bu qədər xərcləyirik? Cavab getdikcə daha aydın olur. Toy bazarında artıq əsas məhsul "təəssüratdır”. Və təəssürat iqtisadi cəhətdən ən bahalı, amma ən tez istehlak olunan məhsullardan biridir.
Burada sosial faktor daha sərt işləyir. İnsanların davranışını gəlir səviyyəsi yox, müqayisə mexanizmi müəyyən edir. "Filankəs belə toy etdi, biz geri qalmamalıyıq” düşüncəsi rasional büdcə planlamasını sıxışdırır. Nəticədə ailələr real maliyyə imkanlarına uyğun qərar vermir, sosial təzyiqə uyğun xərcləyir. Bu modelin nəticəsi isə kifayət qədər aydındır. Yeni qurulan ailələr evliliyə investisiya ilə yox, borcla başlayır. Mənzil, təhsil, biznes və uzunmüddətli yığım kimi məhsuldar istiqamətlərə yönələ biləcək resurslar bir günlük sosial tədbirdə istehlak olunur və iqtisadi baxımdan geri dönüşü olmayan xərclərə çevrilir. Maraqlıdır ki, bir çox inkişaf etmiş ölkələrdə bu davranış modeli xeyli dərəcədə rasional çərçivəyə salınıb.
Almaniya kimi ölkələrdə toylar daha çox real büdcə imkanları daxilində planlanır və sosial təzyiqin təsiri zəifdir. Yaponiya isə minimalizm və funksionallığı önə çıxararaq toyun mahiyyətini sadələşdirib, onu nümayiş yox, ailə institutu kimi saxlayıb. Türkiyə və Gürcüstan kimi ölkələrdə isə hələ keçid prosesi gedir. Ənənıvi böyük toy mədəniyyəti ilə iqtisadi reallıqlar arasında balans axtarılır. Bizdə isə əsas problem odur ki, toy hələ də iqtisadi hadisə kimi deyil, sosial status vitrini kimi qəbul olunur. Və status vitrininin məntiqi çox sərtdir. Hər kəs daha çox görünməyə çalışır, amma heç kim göstərilən dəyərin real iqtisadi yükünü sorğulamır. Nəticə etibarilə sual təkcə "toy neçəyə başa gəlir?” deyil. Əsas sual budur: Biz bir ailənin gələcəyini qururuq, yoxsa bir gecənin görüntüsünü maliyyələşdiririk? Əgər cavab ikincidirsə, bu artıq fərdi seçim yox, formalaşmış iqtisadi mədəniyyət problemidir. Və bu mədəniyyət dəyişmədikcə, toyların qiyməti yox, onların yaratdığı uzunmüddətli sosial və maliyyə yükü artmağa davam edəcək.
Çinarə Ağayeva
Biznes məsləhətçi
Şərhlər