Xəbər lenti

Hörmətə nə deyirsən?..
Hüseynbala Səlimov
Ölkə 11:29 18.05.2026

Hörmətə nə deyirsən?..

Yox, heç kim inciməsin, bizim teatrı heç vaxt sevməmişəm, indi nə qədər beynimi qurdalayıram, "Qatar”da və buna bənzər bir-iki babat tamaşadan qeyri şey xatırlaya bilmirəm - bir tamaşaçı kimi yazıram bunu, üzürlü sayın, qüsur bilməyin, 62 yaşımda artistlik eşqinə düşüb sizə problem yaratmaq fikrim yox. 

Düzdür, sonradan deyirdilər, danışırdılar ki, bəs rəhmətlik Mehdi Məmmədov "İblis” kimi tamaşalar qoyurmuş, hətta sovetin vaxtında da bizim rus dram teatrında ara-sıra diqqət çəkən əsərlər olurmuş, amma yalançı ola bilmərəm, rayon uşağı olmuşam, belə şeylərdən xəbərim olmayıb - bir daha deyirəm ki, çox təəssüf! Rayon uşaqlarının televizordan və kitablardan savayı bir şeyi olmurdu, televizorda nəsə göstərirdilərsə, kitablarda nəsə yazırdılarsa, xəbərimiz olurdu...

Sovetdən sonra da guya bəzi "eksperiment”lər oldu, bizim teatrşünaslar, hətta kulturoloqlar hərdən bu haqda da yazırdılar - olsun, amma şəxsən məni tamaşaçı - seyrçi kimi cəlb etmədi onlar, çünki bu ölkənin qeyri-sferalarında o qədər oyunbazlıq - "eksperiment” görmüşəm ki, mənə bəs edər, gəlin bir az da ciddi şeylərdən danışaq.

Sovet kinosu başqaydı, o cümlədən bizim. Bilirsiz, bəzən yasaqlar, qadağalar da sənətə işləyir, sənətə xidmət edir, çünki hamının hər şeyi deyə bildiyi mühitdə sənətkar özü də çaşıb qalır, bilmir nə desin, nə göstərsin, çox şey qiymətdən düşür, hətta söz, işarə də! Amma yasaqlar, qadağalar olanda onları aşmaqçün məharət, hətta cəsarət tələb olunur ki, hər adamda olmur.

Bu səbəbdən də bir neçə sovet filmimiz var ki, bu gün də onları xatırlayıram - bilmirəm, bəlkə də mən bir az geri qalmışam, yenilikləri bilmirəm, onlardan xəbərsizəm, amma hətta belə olsa da günah mənim kimilərdə yox, sənətkarların özündədir ki, yazmırlar, demirlər, göstərmirlər ki, biz də bilək. Yox, demirəm, əlbəttə, bəzi cəhdlər, hətta diqqət çəkən kiçik uğurlar da var, amma "sarı simə” toxunanı tapmaq olmur hələ - söhbət sənətimizdən, ümumiyyətlə, mədəniyyətimizdən gedir. Dünyada söz, sənət sarıdan indi də kasadlıq yaşanmır: yaradıcı böhransa sosial-iqtisadi böhran deyil, həmişə olmalıdır ki, yenisi yaransın, hərçənd, bunun da psixoloji məqamları olur, hətta böyük intiharlar da baş verir hərdən, yaradıcı insanlar da çox ciddi mənəvi sarsıntılar da yaşayırlar bəzən...

Bizim sovet kinosundan yadımda qalanlardan rəhmətlik Fərman Kərimzadənin ssenarisilə çəkilən "Axırıncı aşırım” filmi idi, heç sözsüz, əsəri də oxumuşduq, başqa cür olardımı? Amma filmi dəfələrlə göstərdiklərindən daha çox yadda qalıb. Allahım, gör, nə qədər sətiraltı deyimlər, işarələr vardı orada!..

Sözü "Dəli Kür”, "Tütək səsi”, Nəsimi”, "Bir cənub şəhəri”, hətta "Yeddi oğul istərəm” haqqında da demək mümkündür. Formal olaraq Cahandar ağa, Gəray bəy, elə Kərbalayı İsmayıl da guya mənfi personajlar idi, amma formal olaraq, özü də o qədər formal olaraq ki, hətta hazırlıqsız tamaşaçı da birdən qayıdırdı ki, sən bir sözə bax eee!.. 

Heç bilmirdin ki, komsomol Bəxtiyarı sevəsən, yoxsa ki, "Get, komsomol, get Sarı Şəmistana de ki, öldürdüm Gəray bəyi!” söyləyən Peykanlı bəyini, hansı ki, hərdən sınaraq, bir az da gileyli-gileyli  "Gizir, yəni mən o günə qalmışam ki...” deyirdi!.. 

Təkrar-təkrar söyləyirik ki, adam ağlına da gətirmirdi ki, hamı kimi sürünə-sürünə, ona-buna baş əyə-əyə yaşaya bilər, bir bəy, kişi kimi hansısa prinsipindən geri durar, nədəsə güzəşt edər, hesablaşar, yox, belə adam deyildi. 

Yadıma gəlir, 90-cı illərdə qəhrəman, sarsılmaz çeçenlər haqqında danışanda hamımız deyirdik ki, Kərbalayı İsmayıl, Gəray bəy kimilər də vaxtilə bizim çeçenlərimiz olub. Həqiqətən də belə idi. Adam deyirdi: Şura hökumətinin bayrağını çıxarıb oradan özümün bayrağımı asacam...

Yeri gəlmiş, bir dəfə tamam təsadüfən oxudum ki, həqiqətən də Sarı Şəmistan adlı köhnə bolşevik olubdur, amma 37-də özünü də, az qala,  ailəsini də məhv ediblər–bəli, bu da daha bir ideyalı adamın son aqibəti! 

Çox maraqlıdır, axı niyə hər yerdə, həmişə belə olur? Adamın karına yenə Makronun həmyerlisi böyük Hüqonun məşhur sözləri gəlir, kiçicik  düzəlişlə: bütün inqilabları dahilər fikirləşir, fanatlar həyata keçirir, fırıldaqçılarsa... 

Güman, Spartak vaxtından belə olub, belə də qalacaq, çünki həyat da teatrdır, adətən hərəyə bir rol ayrılır, amma burada da "dublyorlar” olur, bəzən Sarı Şəmsistan kimiləri götürüb yerində Mircəfərləri oturdurlar! 

Əslində qullar heç vaxt azad olmur, yaxşı halda, ağaları dəyişir və hamı həqiqətən azadlıq istəyən, azad olmağa çalışan adamlara həm də bu səbəbdən nifrət edir: onlar hamı kimi qəbul edə bilmirlər ki, əsl azadlıq həmişə xəyaldır, nə bilim, ilgımdır...     

Bəli, bilmirdin, hətta Abdasqulu bəyə də, artıq "qırmızı”lara, bolşeviklərə təslim olmuş, tamamilə "sınmış”ın birisi, yoxsa bəylik nümunəsi kimi baxasan – obraz nə qədər ləyaqətli, məğrur görünürdü!.. 

Kərbalayi İsmayıl nisbətən kiçik "amplua”da görünsə də, guya adi "qulaq”–"səsikəsik”, qolçomaq təsiri bağışlasa da, görürdün ki, yox, adam əsl köhnə kişilərdəndir...

Həmişə bir şey yazır, sonra hətta özümdən də soruşuram ki, bunu niyə xatırlatdım?

Zəmanə hamını çaşdırıb. Hərdən adamı sanki "qarabasma” tutur, özündən soruşursan ki, haradayıq? Bəzən elə gəlir ki, özümüz də hərdən, hansısa məmurun, yaxud deputatın hikkəsi qarşısında ani də olsa, az qala, Kərbalayi İsmayılın gününə düşür, özümüzü də bir anlığa "səsikəsik”, keçmiş "qulaq” hiss edirik - bircə anlığa olsa da... 

Sətirləri yazanda qəfil ağlıma gəldi ki, keçmişdəki "qulaq” sözü Soljenitsınkilə necə səsləşir, həmin müdhiş abreviaturanı necə xatırladır!

Kərbalayi İsmayılın monoloqları, epizodları sanki sovet rejiminə məhkəməydi. Yadınızda? "Adamın malını da alarlar, amma KİŞİLİYƏ, HÖRMƏTƏ nə deyirsən?”...

Düz deyilmi? Əlbəttə, adam yaşlaşanda deyingən olur, odur, çox da dərinə getməyin, amma görürsən, hər şey edilir ki, bəzi adamlar yazmasın; çox hallarda heç qonarar da vermirlər, amma görürlər ki, oradan- buradan beş-üç manat tapıb, yenə də yazırsan, başlayır başqa "fəndlər”! 

Jurnalistlik düşüncəsi də qalmayıb: əgər görürəmsə, bu, daha ciddi yazıdır, niyə onu görünən yerə qoymayım, axı nəşri nüfuzlu edər!.. 

Ürək ağrıdan digər "təzyiq” də son illərdə yaranmış "qeyri-ənənəvi media”dan gəlir: təəssüf, onlar da ağına-bozuna baxmadan bütün yazarları qaralayırlar, guya hamı kiməsə, harasa "işləyir”, adamı tamam ruhdan salırlar, halbuki hələ də "ənənəvi media”da qalan iki-üç jurnalist onsuz ağır pressinqin alıtındadır, həm maddi, həm də mənəvi mənada.  

Həm də bəylər, xanımlar, inciməyin, mənim fikrimcə, yaxşı yazmaq üçün cəsarətdən savayı da nəsə lazımdır və ən əsası: biz də, siz də  jurnalistikaya heç də təzə, dünən gələn adamlar deyilik, hamımızın heç nəyi olmasa da, heç olmasa, keçmişi var...    

On illərdir, bu adamlardan, o cümlədən də ölkənin ən fəal jurnalistlərindən bir suala cavab ala bilmirəm: bəylər, xanımlar, əgər Siz yeniliyi və həqiqi yenilikçi adamları sevmirsinizsə, "qəbul etmirsinizsə”, nəyisə dəyişməyin və yaxud buna çalışmağın mənası varmı? Artıq yadımda deyil, bir dəfə bir yazıda oxumuşdum ki, savadlı olmaq azdır, gərək, vətənpərvər də olasan! Yox, məncə bəzi insanların "problemi” bir qədər başqadır: savadlı olmaq azdı, gərək, bəzi "süzgəc”lərdən keçəsən!..                 

Bugünlərin söhbətidir, bir gənc jurnalistlə ayaqüstü, elə-belə, kiçik söhbətimiz oldu. Ritorik tərzdə soruşdu ki, axı biz nə edə bilərik? Dedim ki, sən nəyəsə cəhd etmisənmi, et, bəlkə nəsə alındı? Axı azı onu edə bilərsən ki, deyərsən: filankəs də yazıqdır, qoy, mən əlli manat az alım, eybi yoxdur, amma o, da heç olmasa, qəpik-quruş alsın!.. 

Hələ onu demirəm ki, rəhmətliklər Yusif Səmədoğlu, ya Fərman Kərimzadə düşünmürdülər ki, kimsə onların ssenarisini dinləyib dərhal inqilabçı olacaq, yox, belə şey yox idi, amma tamam faydasız da deyildi,  azı ona görə ki, insanlar bunu hələ də xatırlayırlarsa, deməli böyük iş idi, heç də hədər getmədi...     

İndikilər qəti bunu etmirlər, həm eqoizm imkan vermir, həm də "tapşırıq”lar. Deyirlər qonarar verə bilmirik. Tutaq ki, belədir, olsun! Amma Kərbalayi İsmayılın sözü olmasın, bəs hörmətə, səmimi münasibətə, sadəcə, quruca "sağ ol”a nə gəlib? Nəyin ədavətidir bu? 

Niyə görə bunlar hara siyasi istiqamət götürürlərsə, ən birinci düşmən bəzi adamlar olur? Niyə görə bütün dövrlərdə bəzi adamlar hamı üçün həmişə ən əsas düşmən, hətta maneə sayılırlar?..  

Aciz olmamışıq, bəlkə on dəfə başqa ölkəyə getmək imkanımız da olubdur, getməmişəm. Hərdən düşünürəm ki, bəlkə səhv etmişəm? Bütün hallarda, gecdir, o yaş deyil, həm də "müxalifətçilik” də dönüb az qala, "arayış”la olub – "filan yerdə” olmamısansa, danışmamısansa, deməli "müxalifətçi” deyilsən! Halbuki bəzi "filan yerlər” məndə arabir şübhələr də doğurur, çünki "siyasi desant” atılmasını az görməmişəm...  

Qətiyyən hamını nəzərdə tutmuram, özüm bu yolu, necə deyər, A-an Z-yə qədər keçmişəm, həqiqətən bu yolda birgə addımlayanları görmüşəm,   heç vaxt haqqı tapdayan, danan adam olmamışam, əksinə həmişə haqqı tapdanan olmuşam. Amma hərdən eləsi olur, adam soruşmaq istəyir ki, böyük sənətkarımız, rəhmətlik Ədil İsgəndərov (Kərbalayi İsmayılı çox gözəl oynamışdı, digər nəhəng –Yusif Vəliyevsə gözəl səsləndirmişdi!) demiş: qada, o müxalifətçilikdən burada niyə etmirdin?..

Yenə də umurunda deyiləm, bir müxalifətçi tanışım həmişə deyirdi ki, arzularımızı yox, taleyimizi yaşayırıq. Hərçənd, onunla həm razıyam, həm də yox, ona görə ki, insanların taleyi həm də özlərindən asılıdır; çox böyük səhvlərimiz oldu, ağıllı adam bir, uzağı iki dəfə aldanır, bizsə çox aldandıq... 
Daha çox da yandıran budur ki, düşündüklərimin, bildiklərimin on faizini yaza bilmədim, hələ ötən əsrdən ölkədə formalaşan siyasi-ictimai SİMBİOZU istədiyim qədər çözə bilmədim ki, heç olmasa, sonrakı nəslin əlində "kələfin ucu” olsun ki, bəlkə bu, onlara bir az kömək etdi...

Hüseynbala Səlimov
--> -->