Dünyada doğum göstəricilərinin kəskin enməsi yalnız iqtisadi səbəblərlə izah olunmur.
Qaynarinfo xəbər verir ki, "Financial Times" qlobal doğum səviyyəsinin azalması ilə bağlı təhlil yayımlayıb.
Nəşrin araşdırmasına görə, 2007-ci ildən sonra smartfonların və 4G texnologiyasının sürətlə yayılması insanların üzbəüz ünsiyyətini azaldıb. Bu amilin qlobal doğum səviyyəsinin aşağı düşməsində mühüm rol oynadığı qeyd olunur.
Araşdırmaya əsasən, hazırda Avropa, Amerika və Şərqi Asiyanın böyük hissəsində doğurganlıq səviyyəsi əhalinin sabit qalması üçün tələb olunan həddən aşağıdır.
Belə ki, 195 ölkənin 65 faizindən çoxunda qadın başına düşən orta uşaq sayı 2,1 göstəricisindən aşağı enib. 66 ölkədə isə bu rəqəm 1-ə yaxınlaşıb.
Ən aşağı doğurganlıq göstəricisinin 0,7 ilə Cənubi Koreyadə qeydə alındığı vurğulanıb. Bildirilir ki, 2023-cü ildə ölkədə gözlənilən 350 min doğum əvəzinə cəmi 230 min uşaq dünyaya gəlib.
İqtisadçı Cesus Fernandez-Villaverde hesab edir ki, TikTok, Instagram və digər rəqəmsal platformalar ailə anlayışını dəyişdirib. Onun sözlərinə görə, insanlar sosial mediada fərqli həyat tərzlərini gördükcə ənənəvi ailə modellərini daha çox sorğulamağa başlayırlar.
Təhlildə həmçinin qeyd olunur ki, yüksək sürətli mobil internetə daha erkən çıxış əldə edən bölgələrdə doğum səviyyəsi daha tez və daha kəskin şəkildə azalıb.
Böyük şəhərlərdə həyat xərclərinin artması, gec evliliklər və karyeraya üstünlük verilməsi də uşaq sahibi olmağın zərurətdən çox fərdi seçimə çevrilməsinə səbəb olub.
Günay
Şərhlər