Yaxın günlərdə Avropa bu ilin ilk ciddi istilik dalğasının təsirinə məruz qalacaq. Sinoptiklər bildirirlər ki, bir çox ölkədə temperatur iqlim normasından xeyli yüksək olacaq, bəzi regionlarda isə may ayı üçün yeni rekordların qeydə alınması mümkündür.
Qaynarinfo "Bloomberg"ə istinadən xəbər verir ki, anomal istilərin səbəbi güclü antisiklon, yəni "istilik qübbəsi” adlandırılan hava sistemi ilə bağlıdır. Bu sistem isti havanı saxlayır və onun yer səthinə yaxın qatlarda daha da isinməsinə səbəb olur. Meteoroloqların proqnozuna əsasən, temperatur adi göstəricilərdən 5–11 dərəcə yüksək olacaq.
Xüsusilə Böyük Britaniyada istilər daha çox hiss olunacaq. Londonda həftəsonunadək temperaturun +32°-yə çatacağı gözlənilir ki, bu da may ayının sonu üçün qeyri-adi göstəricidir. Sinoptiklər bunun son illərin ən diqqətçəkən erkən istilik dövrlərindən biri ola biləcəyini bildirirlər.
Fransada Parisdə temperatur təxminən +31°-yə yüksələcək, ölkənin cənub-qərbində isə bəzi yerlərdə +35° qeydə alına bilər. Ən ekstremal istilər İspaniyada gözlənilir. Ölkənin bəzi bölgələrində hava +38°-ə qədər isinəcək.
Meteoroloqlar istiləşmənin güclənməsini iqlim dəyişikliyi ilə əlaqələndirirlər. Onların sözlərinə görə, Avropada istilik dalğaları artıq daha tez başlayır və daha uzun sürür. Bundan əlavə, torpağın quruması da prosesə təsir göstərir: quru torpaq rütubəti daha zəif saxlayır, bu da temperaturun artmasını sürətləndirir və yağış ehtimalını azaldır.
Qeyri-sabit, ildırımlı və temperatur dəyişkənliyi olan hava şəraitindən sonra Avropada daha quru və sakit bir dövrün olması gözlənilir. Aydın səma günəş enerjisi istehsalının artmasına da şərait yaradacaq. Bununla belə, Fransada və Almaniyada küləkli havanın zəifləməsi səbəbindən külək enerjisi istehsalı müvəqqəti olaraq azalacaq.
Aydın
Şərhlər