Xəbər lenti

Çip nəhəngi
Texnologiya 10:32 21.05.2026

Çip nəhəngi "Nvidia" rekord gəlir açıqladı

"Nvidia” qabaqcıl süni intellekt çiplərinə kəskin tələbat fonunda rüblük mənfəət və gəlir üzrə rekord göstəricilər açıqlayıb.

Qaynarinfo-nun verdiyi xəbərə görə, ABŞ texnologiya nəhəngi çərşənbə günü bildirib ki, fevral-aprel dövründə mənfəəti 58,3 milyard dollara yüksəlib. Bu, əvvəlki rüblə müqayisədə 37 faiz, illik müqayisədə isə 200 faizdən çox artım deməkdir.

Şirkətin gəliri 81,6 milyard dollara çatıb. Bu, əvvəlki rüblə müqayisədə 20 faiz, 2025-ci ilin eyni dövrü ilə müqayisədə isə 85 faiz çoxdur.

"Nvidia” cari rüb üçün gəlirin 91 milyard dollara çatacağını proqnozlaşdırıb. Bu göstərici analitiklərin əksəriyyətinin gözləntilərindən yüksəkdir.

"Nvidia”nın məlumat mərkəzi biznesi artımın əsas hərəkətverici qüvvəsi olub. Bu bölmənin rüblük gəliri illik müqayisədə 92 faiz artaraq 75,2 milyard dollara yüksəlib.

Kaliforniyanın Santa-Klara şəhərində yerləşən çip nəhənginin aparat təminatı bölməsi 6,4 milyard dollar gəlir əldə edib. Bu, əvvəlki illə müqayisədə 29 faiz artım deməkdir.

Dünyanın ən dəyərli şirkəti səhmdarlar üçün əlavə stimul kimi daha 80 milyard dollar dəyərində səhm geri alacağını və rüblük nağd dividendini hər səhm üçün 0,01 dollardan 0,25 dollara qaldıracağını açıqlayıb.

"Nvidia”nın qurucusu və baş icraçı direktoru Censen Huan (Jensen Huang) "fövqəladə” nəticələri süni intellektin artan faydalılığının sübutu kimi qiymətləndirib.

"Tələbat parabolik şəkildə artıb”, – Huan investorlar və analitiklərlə konfrans zəngi zamanı bildirib.

"Səbəb sadədir. Agent süni intellekt dövrü başlayıb”, – Huan yarıavtonom süni intellekt modellərinin meydana çıxmasına istinad edərək deyib.

"Süni intellekt artıq məhsuldar və dəyərli iş görə bilir”.
 


Huan bildirib ki, mart ayında təqdim edilən "Vera” CPU-su agent əsaslı süni intellekt sistemləri üçün xüsusi hazırlanıb və artıq yüksək satış göstəriciləri nümayiş etdirir. Onun sözlərinə görə, məhsul həm ayrıca, həm də "Rubin” GPU-su ilə birlikdə təqdim olunur.

Şirkət rəhbəri qeyd edib ki, "Vera” "Nvidia” üçün əvvəllər fəaliyyət göstərmədiyi yeni bazara çıxış imkanı yaradır.

"Vera "Nvidia” üçün əvvəllər fəaliyyət göstərmədiyimiz tamamilə yeni 200 milyard dollarlıq bazar yaradır. Dünyanın aparıcı hiperskalerləri və sistem istehsalçıları bu texnologiyanın tətbiqi üçün bizimlə əməkdaşlıq edir”, – Huan bildirib.

Onun sözlərinə görə, süni intellekt modellərinin hesablama hissəsi əsasən GPU-larda həyata keçirilsə də, agent sistemlərinin işləməsi CPU-lardan asılıdır. Huan hesab edir ki, gələcəkdə milyardlarla süni intellekt agenti fəaliyyət göstərəcək və onların hamısına yüksək performanslı prosessorlar lazım olacaq.

Huan bildirib ki, "Nvidia” artıq bu il ayrıca satılan "Vera” CPU-larından 20 milyard dollar gəlir əldə edib.

CPU bazarında əsas rəqiblər kimi "Intel”, "AMD”, eləcə də öz süni intellekt çiplərini hazırlayan "Amazon Web Services” və digər texnologiya şirkətləri çıxış edir. Buna baxmayaraq, "Nvidia” rəhbərliyi agent əsaslı süni intellekt sahəsində şirkətin lider mövqe tutacağına inanır.

Analitiklərin gözləntilərini yenidən əhəmiyyətli dərəcədə üstələməsinə baxmayaraq, "Nvidia”nın son nəticələri bazarda zəif reaksiya doğurub.

"Nvidia”nın səhmləri birja bağlandıqdan sonrakı ticarətdə təxminən 1,3 faiz ucuzlaşıb. Bu, 2022-ci ildən bəri sürətli artımı sayəsində bazar kapitallaşmasını 5 trilyon dollardan yuxarı qaldıran şirkətlə bağlı son dərəcə yüksək gözləntilərin göstəricisidir.

"Nvidia”nın yüksəlişi və "Microsoft”, "Amazon” kimi digər texnologiya nəhənglərinin yüksək qiymətləndirilməsi süni intellektin həddindən artıq şişirdilib-şişirdilmədiyi və böyük bazar köpüyü yaradıb-yaratmadığı barədə müzakirələri gücləndirib.

"Gözləntilər çox yüksəkdir və ‘Nvidia’ kimi bir şirkət uzun müddətdir bu qədər yaxşı nəticələr göstərirsə, investorları həyəcanlandırmaq üçün daha böyük nailiyyətlər tələb olunur”, – "Seaport Research” şirkətinin yarımkeçiricilər və elektronika üzrə baş analitiki Cey Qoldberq (Jay Goldberg) "Əl-Cəzirə”yə bildirib.

"Bu, sadəcə, Uoll-stritin təbiətidir”.

"Bu səhmlərin hamısı bu il xeyli bahalaşıb, lakin bunun böyük hissəsi press-relizlərdən qaynaqlanır”, – Qoldberq deyib. O əlavə edib ki, texnologiya şirkətləri hələ süni intellekt üçün "genişmiqyaslı istehlakçı istifadəsi” nümunəsi nümayiş etdirməyiblər.

Nyu-Yorkda yerləşən "GraniteShares” investisiya şirkətinin baş icraçı direktoru və təsisçisi Uilyam Raynd (William Rhind) bildirib ki, zəif reaksiya gözləntilərin "fundamental göstəricilərə çatdığını” göstərir.

"‘Nvidia’ artıq yüksək meyarı aşan şirkət deyil — meyarın özüdür”, – Raynd "Əl-Cəzirə”yə bildirib.

Raynd qeyd edib ki, buna baxmayaraq, "Nvidia” ilə bağlı nikbin ssenari güclü olaraq qalır. O, dividend artımı və səhm geri alışı proqramını şirkətin "biznesə yenidən yönəldə biləcəyindən daha çox nağd vəsaitə” malik olmasının əlaməti kimi göstərib.

"Kapitalın əlavə istifadəsi geri alışlara və dividendlərə yönəlməyə başlayanda hiperartım hekayəsinin real vaxtda yetkinləşməyə başladığını görürsünüz”, – o deyib.

"Bu, pessimist siqnal deyil, nikbinliyin başqa bir növüdür”.

"Gabelli Funds” şirkətinin portfel meneceri Con Belton (John Belton) bildirib ki, "Nvidia”nın son nəticələri "hekayəni bu və ya digər istiqamətdə kəskin şəkildə dəyişməməlidir”.

"Ümumilikdə, bu, daha bir güclü mənfəət hesabatıdır”, – Belton "Əl-Cəzirə”yə bildirib. Onun sözlərinə görə, nəticələr əvvəlki rüblərin "güclü göstəricilərini” təkrarlayır, "hərçənd bu dəfə sarsıdıcı yeni inkişaf yoxdur”.
 
Aydın
--> -->