Xəbər lenti

İlon Mask yenə gündəmdə: Vəd edilən 420 dollar haradadır?
Texnologiya 16:10 20.05.2026

İlon Mask yenə gündəmdə: Vəd edilən 420 dollar haradadır?

Süni intellekt sahəsindəki rəqabət şirkətləri məlumat toplamaq üçün qeyri-adi və riskli üsullara yönəldir. İlon Maskın süni intellekt şirkəti "xAI” da "Grok” çat-botunun maliyyə bacarıqlarını inkişaf etdirmək məqsədilə əməkdaşlarının həssas maliyyə sənədlərinə müraciət edib.

Qaynarinfo xəbər verir ki, iddialara görə, şirkət əməkdaşlardan şəxsi vergi bəyannamələrini sistemə yükləməyi tələb edib. Bunun qarşılığında isə hər əməkdaşa 420 dollar ödəniləcəyi bildirilib. Lakin vergi dövrü başa çatsa da, sənədləri təqdim edən şəxslərə bu vəsaitin ödənilmədiyi qeyd olunur.

"Grok” hazırda bazar payına görə OpenAI-ın "ChatGPT”, "Google”un "Gemini” və "Anthropic” şirkətinin hazırladığı "Claude” platformalarından geri qalır. İstifadəçi sayını artırmaqda çətinlik çəkən Mask çıxış yolunu "Grok”u "X” platformasının mərkəzinə yerləşdirməkdə və siyasi əlaqələrdən istifadə etməklə dövlət müqavilələri əldə etməkdə görür.

Bununla belə, rəqiblərlə fərqi azaltmaq mümkün olmayınca şirkət vergi mövsümündən əvvəl radikal addım atıb. "Grok”un maliyyə biliklərini sürətlə inkişaf etdirmək məqsədilə başladılan məlumat toplama əməliyyatında vəd edilən 420 dollar isə Maskın internet mədəniyyətində məşhur olan simvolik zarafatına işarə kimi qiymətləndirilir.

"Bloomberg”in yaydığı məlumata görə, "xAI” məlumat bazasını genişləndirmək üçün əməkdaşlarla yanaşı onların ailə üzvlərini və mühasiblərlə çalışan yaxın çevrələrini də prosesə cəlb edib.

Şirkətin məqsədi "Grok”un real vergi sənədlərini analiz etməklə mürəkkəb maliyyə suallarına daha düzgün cavab verməsini təmin etməkdir. Uzunmüddətli planlar arasında sistemin gələcəkdə vergi məsləhətçisi kimi fəaliyyət göstərməsi də var.

Lakin əməkdaşlar vəd edilən ödənişin taleyini soruşmağa başlayanda şirkət daxilində qeyri-müəyyənlik yaranıb. Bildirilir ki, proqramı idarə edən rəhbər artıq "xAI”da çalışmır.

Digər iddialara görə isə nağd ödəniş planı tamamilə ləğv edilib. Əməkdaşlara ödənişlərin "X Money” adlı rəqəmsal pul kisəsi sistemi vasitəsilə ediləcəyi müzakirə olunur.

Maskın bu addımının arxasında rəqib şirkətlərin maliyyə sektoruna daxil olmaq planları dayanır. Məsələn, "OpenAI” hazırda ABŞ istifadəçilərinin bank hesablarını sistemə inteqrasiya edən və xərcləri analiz edən yeni maliyyə funksiyasını sınaqdan keçirir.

İlon Mask 2023-cü ildə süni intellekt araşdırmalarının altı ay müddətinə dayandırılmasını tələb edən beynəlxalq çağırışa qoşulmuşdu. Daha sonra məlum olmuşdu ki, Mask bu müddətdə gizli şəkildə "xAI” layihəsini formalaşdırmaq üçün vaxt qazanmağa çalışıb.

Aradan üç il keçməsinə baxmayaraq "Grok” hələ də gözlənilən uğuru əldə edə bilməyib. "xAI”ın "SpaceX” çətiri altında IPO-ya hazırlaşdığı bir dövrdə Maskın yaranan məlumat və ödəniş böhranını necə idarə edəcəyi maraqla izlənilir.

Aydın
--> -->