Xəbər lenti

Astrofizik süni intellektin heç vaxt edə bilməyəcəyi şeyi açıqladı
Texnologiya 18:37 20.05.2026

Astrofizik süni intellektin heç vaxt edə bilməyəcəyi şeyi açıqladı

Süni intellektin (Al) yaxın zamanda insanları demək olar ki, bütün sahələrdə əvəz edəcəyi barədə müzakirələr artsa da, elmi dairələrdə bu iddialara daha ehtiyatlı yanaşılır.

Qaynarinfo-nun məlumatına görə, "Forbes" üçün yazdığı köşə yazısında Roçester Universitetinin fizika və astronomiya professoru Adam Frank bildirib ki, o, süni intellektin imkanlarından dərin şəkildə təsirlənsə də, bunun yalnız bir alət olduğunu düşünür.

"Nəinki kiçik bir hissəsi belə insanı unikal edən xüsusiyyətləri təkrarlaya biləcək "daxildə" heç kim yoxdur", deyə astrofizik qeyd edib.

Alim fikrini izah etmək üçün Yaponiyanın "Atarashii Gakko!” adlı musiqi qrupunu nümunə göstərib. Onun sözlərinə görə, dörd məktəbli obrazında çıxış edən bu qrup punk-rokdan hip-hopa və cazadək müxtəlif üslubları birləşdirir və unikal səhnə performansı nümayiş etdirir. Frankın fikrincə, məhz bu cür yaradıcı yanaşma onları fərqləndirir və süni intellekt belə bir ideyanı müstəqil şəkildə yarada bilməz:

"Siz sevdiyiniz Al-a belə deyə bilərsiniz: "Mənə Yapon məktəbli formalarında dörd qızın punk-rok ifa etdiyi, eyni zamanda həm qorxulu, həm də şirin görünən bir video yarat". Amma məsələ bundadır ki, bu qəribə ideyanı düşünmək üçün əvvəlcə siz insan kimi bunu təsəvvür etməlisiniz. Üstəlik, Al-ın bunun yarısına belə yaxın bir nəticə yarada biləcəyinə şübhə edirəm", deyə o bildirib.

Alim əlavə edib ki, süni intellekt insan yaradıcılığı üçün yeni imkanlar açsa da və bu, həm həyəcanverici, həm də narahatedici nəticələr doğursa da, onun inkişafı həddindən artıq "məhsuldarlıq” naminə tətbiq olunur.

"Bir şey aydındır: insan yaradıcılığı sərhədləri aşır və süni intellekt bunu təkbaşına heç vaxt təkrarlaya bilməyəcək”, deyə Adam Frank vurğulayıb.

Aydın
--> -->