Xəbər lenti

Bir gündə 274 alpinist Everest zirvəsinə qalxdı - Rekord qırıldı
Dünya 12:00 22.05.2026

Bir gündə 274 alpinist Everest zirvəsinə qalxdı - Rekord qırıldı

Nepal marşrutu ilə bir gündə 274 alpinist Everest zirvəsinə çataraq rekord müəyyənləşdirib.

Qaynarinfo xəbər verir ki, dünyanın ən hündür zirvəsi olan Everestə Nepal və Çinin Tibet bölgəsi üzərindən qalxmaq mümkün olsa da, bu mövsüm Çin marşrutunun bağlanması Nepal istiqamətində sıxlığa səbəb olub.

Əlverişli hava şəraitindən istifadə edən alpinistlər çərşənbə günü ardıcıl şəkildə zirvəyə çatıb. Beləliklə, bir gün ərzində 274 nəfərin Everestin zirvəsinə yüksəlməsi yeni rekord kimi qeydə alınıb.
 


Məlumata görə, bu il əsas marşrut üzərində yerləşən iri buz kütləsinin çökmə riski səbəbindən dırmanma mövsümü gec başlayıb. Küləyin zəifləməsindən sonra düşərgələrdə gözləyən yüzlərlə alpinist eyni anda hərəkətə keçib. Bu isə zirvə xəttində insan sıxlığı yaradıb.

Alpinistlərin böyük hissəsi Şerpa bələdçilərinin müşayiəti və oksigen balonlarının dəstəyi ilə zirvəyə qalxıb. Yalnız ekvadorlu alpinist Marcelo Segovia Everestə təkbaşına və oksigen istifadə etmədən çatmağı bacarıb.
 


Nepal hakimiyyəti bu mövsüm üçün 494 dırmanma icazəsi verib. Hər bir icazənin qiymətinin 15 min dollar olduğu bildirilir. Bu gəlirlər ölkə iqtisadiyyatı üçün mühüm mənbələrdən biri hesab olunur.

Qadın alpinist Lhakpa Sherpa Everest zirvəsinə 11-ci dəfə qalxaraq qadınlar arasında rekordunu qoruyub.

Bundan əvvəl nepallı alpinist Kami Rita Sherpa Everestə 32-ci dəfə qalxaraq öz rekordunu yeniləmişdi.
 
Günay
--> -->