Azərbaycanın daha beş yunan-Roma güləşçisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında bu gün mübarizəyə başlayacaq.
"Report"un məlumatına görə, Nihat Məmmədli (60 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Qurban Qurbanov (82 kq) və Murad Əhmədiyev (97 kq) xalça üzərinə çıxacaqlar.
Digər dörd yunan-Roma güləşçisi isə medal görüşündə qüvvəsini sınayacaq. Eldəniz Əzizli (55 kq) finalda Emin Seferşayevlə (UWW), Murad Məmmədov (63 kq) bürünc medal uğrunda Tino Ojala (Finlandiya) - Vitali Yeriomenko (Ukrayna) cütünün qalibi ilə, İslam Abbasov (87 kq) isə Karen Xaçatryan (Ermənistan) - Yaroslav Filçakov (Ukrayna) duelinin güclüsü ilə üz-üzə gələcək. Beka Kandelaki (130 kq) təsəlliverici qarşılaşmada David Ovasapyanın (Ermənistan) müqavimətini qırmağa çalışacaq.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilər 1 qızıl, 1 gümüş və 4 bürünc mükafata sahib çıxıblar. Giorgi Meşvildişvili (125 kq) Avropa çempionu olubsa, Osman Nurməhəmmədov (92 kq) gümüş, İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq) və Ağanəzər Novruzov (74 kq) bürünc medala sahib çıxıblar.
Azərbaycanın sərbəst güləş millisi komanda hesabında Avropa çempionu olub. Qadınlardan isə Jalə Əliyeva (57 kq) bürünc mükafat əldə edib.
Qitə birinciliyi aprelin 13-də başa çatacaq.
Şərhlər