"Əgər hansısa restoran və şadlıq evlərində bu kimi hallara rast gəlinirsə, müvafiq tədbirlər görülməlidir".
Bu sözləri Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla şadlıq evlərində masalardan artıq qalan qidaların növbəti mərasimlərdə yenidən istifadə olunmasının mümkün fəsadlarından danışarkən bildirib.
Adil Qeybulla nəzəri cəhətdən belə halların mövcud ola biləcəyini qeyd edib:
"Düşünürəm ki, bu məsələlər təsadüfi deyil. Hər bir şayiənin arxasında müəyyən qədər həqiqət dayanır. Qida məhsulları, xüsusilə də tez xarab olanlar uzun müddət saxlanıla bilməz. Onların saxlanma qaydalarının pozulması olduqca təhlükəlidir. Digər tərəfdən, müxtəlif masalardan qalan və artıq istifadə olunmuş qidaların qarışdırılaraq yenidən təqdim olunması insanlarda müxtəlif xəstəliklərə səbəb ola bilər. Çünki biz bir şənlikdə iştirak edən şəxsin hər hansı yoluxucu xəstəlik daşıyıcısı olub-olmadığını bilmirik".
Professor əlavə edib ki, süfrəyə verilmiş qidanın təkrar istifadəsi yalnız ailə daxilində və xüsusi nəzarət şəraitində mümkün ola bilər:
"Digər hallarda bu cür təkrar istifadə yolverilməzdir. Qidalar masalara ümumi qablarda təqdim olunur və həmin qablarda qalan məhsullar mütləq utilizasiya edilməlidir".
Adil Qeybulla aidiyyəti qurumlara çağırış da edib:
"Təhlükəsizlik qaydalarına əməl etməyən iaşə obyektləri ciddi məsuliyyət daşıyırlar. Təəssüf ki, qida toksiki infeksiyalarının böyük əksəriyyəti məhz bu qidaların düzgün saxlanmaması, istifadəsi və utilizasiyası qaydalarının pozulmasından irəli gəlir. Belə hallara yol verənlərlə bağlı ciddi tədbirlər görülməlidir".
Qeyd edək ki, Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov şadlıq evlərini qida sektorunda istehlakçı hüquqlarının ən çox pozulduğu sahə adlandırıb. O bildirib ki, toy sahibi artıq qalmış bütün qidaları aparmaq hüququna malikdir:
"Çünki həmin məhsulların pulunu toy sahibi ödəyib. Təbii ki, artıq qalan qidalar növbəti toy mərasimlərində istifadə olunur. Halbuki bəzi qidaların saxlanma müddəti 4-5 saatdan artıq deyil".
Bahar Rüstəmli
Şərhlər