Xəbər lenti

Yaxşı ki, “Neftçi” var imiş...
Amal Abuşov
İdman 09:27 07.04.2025

Yaxşı ki, “Neftçi” var imiş...

"Sabah” ölkə kubokunun yarımfinalı çərçivəsində keçirilən ilk oyunda "Neftçi” üzərində qələbə qazandı. Bununla da finala yüksəlmək yolunda bir addım irəli atdı. Masazırda bu ayın 23-də keçiriləcək cavab qarşılaşmasında üstünlüyü qorumaq elə də çətin olmamalıdır. Turu keçmək üçün heç-heçə də kifayət edəcək. Düzdür, "Neftçi”nin baş məşqçisi Samir Abasov və ağ-qara rənglərə könül verən nikbin azarkeşlərin ümidləri hələ də var ki, finala çıxan məhz ölkənin ən qocaman klubu olacaq. Amma indiki vəziyyətdə bu, o qədər də inandırıcı görünmür.

Mən "Neftçi” ilə "Sabah”ın kubokun yarımfinalındakı qarşılaşmasını əbəc yerə xatırlamamışam. "Sabah” rəhbərliyi və komandanın rusiyalı baş məşqçisi Vasili Berezutski "Neftçi”yə dua etməlidirlər. Bəli, onların komandası məhz "Neftçi” ilə qarşılaşmada çoxdandı unutduqları qələbənin dadını yenidən hiss etdilər, qalib gəlməyin sevincini yaşadılar. Qeyd etdiyim ki, bu qələbə də ölkə kubokuna təsadüf etdiyindən Premyer Liqadakı xal durumuna təsir etmir. Orda isə Masazır təmsilçisinin işləri xeyli pisdir. "Sabah” Premyer Liqada sonuncu dəfə fevralın 9-da qələbə qazanıb. Həmin qarşılaşmada Vasili Berezutski həmyerlisi Kurban Berdıyevin çalışdırdığı "Turan Tovuz”u 2:1 hesabıyla üstələyib. Maraqlıdır ki, bu qələbə cari mövsümdə "Sabah”ın "Turan Tovuz”ü məğlub etdiyi yeganə oyundur. Qalan iki qarşılaşma qollu bərabərliklə yekunlaşıb.

Fevralın 9-dan bəri az qala iki ay keçib. Amma əcnəbi baş məşqçisi olan, heyətində düz 13 legioner saxlayan "Sabah” qələbə üzünə həsrətdir. Komandanın iştirak ərizəsinə baxırsan, adamı heyrət bürüyür. Hücum xətti bütünlüklə əcnəbilərdən ibarətdir. Bu sırada Almaniyadan, Nigeriyadan, Serbiyadan və Slovakiyadan "qolçular” yer alır. Di gəl ki, "Sabah” dünən keçirilən qarşılaşmada elitada yerini qorumaq uğrunda mübarizə aparan "Kəpəz”ə 0:1 hesabıyla uduzdu. Yəni ki, bu "uzaqvuran artileriya” "Kəpəz”in qapısına yol tapa bilmədi. 

9 fevraldan üzübəri Vasili Berezutski Vaqif Cavadova, Elmar Baxşıyevə, Cavid Hüseynova, Azər Bağırova, Ayxan Abbasova, Rəşad Sadıqova və Qurban Qurbanova qarşı meydana komanda çıxarıb. Bu görüşlərin heç birində rusiyalı baş məşqçi qələbə sevinci yaşaya bilməyib. Siyahıdakı azərbaycanlı məşqçilərin cəmi ikisi büdcəsi "Sabah”la müqayisə oluna biləcək komandanın "sükanı arxasındadır”. Söhbət Qurban Qurbanovun çalışdırdığı "Qarabağ”dan və Rəşad Sadıqova etibar edilən "Zirə”dən gedir. Qalanları hamısı məhdud maliyyə imkanları ilə fəaliyyət göstərir. "Şamaxı”, "Səbail”, "Sumqayıt”, "Araz Naxçıvan” və "Kəpəz” istədiyi futbolçunu alacaq qədər böyük büdcəyə sahib deyil. Deməli, onları "Sabah”a uduzdurmayan məşqçilərinin əməyidir. Həmin o azərbaycanlı məşqçilər məhdud imkanlardan daha yaxşı istifadə edib, ölkənin ən zəngin üç klubundan biri sayılan "Sabah”ı büdrədiblər.

"Sabah” rəhbərliyi isə bu boyda həqiqəti ya görmür, ya da görmək istəmir. İsrarla əcnəbi məşqçilərdən yapışıb, qiymətli zamanı və elə zaman qədər qiymətli milyonları boşa verirlər. Ortada nəticə yoxdur. Bu gedişlə heç olmayacaq da. Arada yerli məşqçilərə də güvənmək, onlara şans vermək lazımdır. Yoxsa növbəti qələbəni heç "Neftçi” üzərində də qazanmaq olmayacaq. 

Amal Abuşov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->