Misli Premyer Liqasında mövsümün bitməsinə cəmi səkkiz tur qalıb. Birinci pillədəki "Qarabağ” rəqiblərindən xeyli aralanıb və möcüzə baş verməsə, növbəti çempionluğunu tezliklə bayram edəcək. Elə digər mükafatçıların da adı böyük ölçüdə məlumdur. "Zirə” ilə "Araz Naxçıvan” gümüş və bürünc əyarlı medalları qazanmağa çox yaxındılar.
Hal-hazırda əsas sual elitanı kimin tərk edəcəyidir. Bu "fəxri yerə” də iki namizəd var. Həmin namizədlərdən biri Gəncə təmsilçisi "Kəpəz”dir, digəri isə Cavid Hüseynovun baş məşqçi postundan istefa verərkən sahibsiz klub adlandırdığı "Səbail”. Düzdür, riyazi baxımından "Neftçi” ilə "Sabah”ın belə sonuncu pilləyə düşməsi mümkündür. Amma indiki halda buna inanmaq çətindir. Ona görə də elitada qalmaq uğrunda mübarizənin "Kəpəz”lə "Səbail” arasında getdiyi heç kimdə şübhə doğurmur.
28-ci turda bu iki komanda üz-üzə gəlirdi. Özü də "Kəpəz” üçün xeyli vaxtdır doğmalaşmış Tovuzda. "Kəpəz” bu stadionda "Neftçi”ni, "Sabah”ı, hətta "Turan Tovuz”un özünü məğlub edib. Cəmi bir tur əvvəl Azər Bağırovun komandası Tovuzdakı süni örtüyün üzərində "Qarabağ”ı da büdrətmişdi, görüş qolsuz heç-heçəylə yekunlaşmışdı. "Səbail”lə oyunda qələbə qazanmaqla "Kəpəz” Premyer Liqadakı yerini böyük ölçüdə qoruyacaqdı. Çünki bu komandalar arasındakı fərq beşə bərabər idi, bunun üzərinə 3 əlavə etməklə "Kəpəz” fərqi 8-ə çatdıracaqdı. Qalan turlar ərzində həmin fərqin əriməsi xeyli müşkül məsələydi. İlk hissə ehtimallaı doğrultdu, nominal meydan sahiblərinin təzyiqi 41-ci dəqiqədə bəhrəsini verdi və "Kəpəz” fasiləyə üstün yollandı. Nə oldusa, elə fasilədə oldu. Gəncəlilər irəli atılmaq, rəqibi təzyiqdə saxlamaq əvəzinə geri çəkildirlər, müdafiədə səhvlər, boşluqlar bir-birini əvəz etməyə başladı. Zaman-zaman futbolçular arasında mübahisəyə də şahidlik etdik. Nəticədə "Səbail” cavab qolunu vurdu. Bundan sonra da "Kəpəz” "ayılmadı” və görüş 1:1 hesabıyla yekunlaşdı. Yəni, 5 xallıq fərq qorundu.
Yenə də "Kəpəz” "Səbail”dən üstün durumdadır. Amma hər şey daha yaxşı ola bilərdi. Bunun üçün "Səbail”i üstələmək yetərli idi. Sanki "Kəpəz”in futbolçuları bunu istəmədilər. Oyundan sonrakı mətbuat konfransında da baş məşqçi Azər Bağırov ehyamla danışıb. Hiss etmək çətin deyil ki, "Kəpəz”in daxilində problemlər var. Bağırovun bu cür ehyamlarına buna qədər də rastlamışdıq. "Kəpəz” "Neftçi”ni məğlub edib, "Sumqayıt”ın qolsuz seriyasına son qoymağı "bacarmışdı”. Yaxud da, elə həmin "Səbail”ə "Turan Tovuz” üzərində 5:2 hesablı qələbə qazanandan sonra 0:1 hesabıyla yenilmişdi. Razıyam ki, futbol proqnozu sevmir, hər nəticəyə açıqdır. Di gəl ki, bu cür hallar sistematik şəkil alanda, futbolçular fasiləyə qədər bir cür, fasilədən sonra başqa cür oynayanda şübhələr də cücərməyə başlayır.
Fevralın 14-də "Kəpəz”ə sponsor tapıldığı klubun rəsmi açıqlamasıyla ictimaiyyətə çatdırıldı. Həmin açıqlamada qeyd olunurdu ki, sənədləşmə işləri aparılır, proses bitdikdən sonra əlavə informasiya veriləcək. Az qala iki ay keçib, təəccüblüdür ki, həmin o "sənədləşmə işləri” hələ də bitməyib. Bitsəydi, sponsorun kimliyi rəsmən açıqlanardı, təqdimetmə mərasimi keçirilərdi. Həmin ərəfələrdə qeyri-rəsmi sponsorun futbolçulara mükafat paylaması barədə məlumatlar da sosial şəbəkələrdə tez-tez qarşıma çıxırdı, sponsurun artıq yeni məşqçi axtarışında olduğu da yazılırdı. Qəribə təsadüfdür ki, "Kəpəz”in enişli-yoxuşlu, hamını təəccübləndirən nəticələri də məhz o vaxtdan bəri qeydə alınır.
Ehtimallar üzərində çox da dayanmaq istəmirəm. Fakt odur ki, ortada çox ciddi sirr, qəribə proseslər var. Biz bunlardan xəbərsizik. Sanki o sirri Kəpəz dağının zirvəsində gizlədiblər, düz 3066 metr yüksəklikdə...
Amal Abuşov
Şərhlər