Şərab dolu piyalələr, kuzələr və qədəhlər
(tünd esse)
Nə üçün insanlar bunca böyük eşq, yanğı, təşnə və divanəliklə Cənnətə can atırlar?! Təkcə iman, sədaqət və ibadətlə deyil, hətta bir-birini öldürərək, din yolunda canlarını fəda edərək! Çünki dinlərin tövhidi – İslam, İslamın əsası – "Quran”, "Quran”ın cövhəri – Cənnətdir. Cənnətin mayası – Həzz! Məhz burada din özünün kulminasiya nöqtəsinə çatır. Bütün din yalnız onun cazibə qüvvəsi ətrafında fırlanır. Bəs bu cazibə qüvvəsinin mahiyyəti nədir? O, "Quran” ayələri və hədislərin təqdim etdiyi mənzərədə açılır:
"(Ya Peyğəmbər!) İman gətirən və yaxşı işlər görən kimsələrə müjdə ver: onlar üçün (ağacları) altından çaylar axan cənnətlər (bağlar) vardır. (O cənnətlərin) meyvələrindən bir ruzi yedikləri zaman: "Bu bizim əvvəlcə (dünya evində) yediyimiz ruzidir”, – deyəcəklər. Əslində isə bu (ruzi, meyvələr) onlara (dünyadakılara zahirən) bənzər olaraq verilmişdir. Onlardan ötrü orada (hər cəhətdən) pak (olan) zövcələr də var. Onlar (möminlər) orada əbədi qalacaqlar.” (əl-Bəqərə, 25).
"Orada (o cənnətlərdə) gözlərini (yalnız ərlərinə) dikmiş, bundan əvvəl özlərinə heç bir ins-cins (insan və cin) toxunmamış qadınlar vardır”; "Onlar (o qadınlar rəng və gözəllikcə), sanki yaqut və mərcandırlar”; "Orada (o cənnətlərin hamısında) xoş xasiyyətli, gözəl üzlü qadınlar vardır”; "Çadırlarda gözlərini (yalnız öz ərlərinə) dikmiş hurilər vardır”; "Onlara (ərlərindən) əvvəl heç bir ins-cins toxunmamışdır.” (ər-Rəhman, 56, 58, 70, 72, 74)
"(Möminlərin Cənnətdəki əhvalı) belədir. Hələ onları iri (ahu) gözlü hurilərlə evləndirəcəyik.” (əd-Duxan, 54).
"Siz də, zövcələriniz də sevinc içində Cənnətə daxil olun.” (əz-Zuxruf, 70).
"Həqiqətən, müttəqilərin nicat yeri (Cənnət); Bağçalar və üzüm bağları; Sinələri yenicə qabarmış (dolmuş, tumurcuqlanmış, gözəllikdə və məlahətdə bir-birinə bənzər) həmyaşıd qızlar; (Cənnət şərabı ilə) dolu qədəhlər gözləyir! (ən-Nəbə, 31-34).
"Şübhəsiz ki, Biz onları (huriləri) başqa cür (yeni bir yaradılışla, doğulmadan) yaradacağıq!; Onları bakirə qızlar; Ərlərini sevən, həmyaşıdlar edəcəyik. (əl-Vaqiə, 35-37)
"(Onlar qızıl-gümüş, ləl-cavahiratla) bəzənmiş taxtlar üstündə qərar tutacaq; Onlara (o taxtlara) söykənib bir-biri ilə qarşı-qarşıya əyləşəcəklər; Onların dövrəsində həmişəcavan xidmətçi oğlanlar dolanacaqlar; (Cənnət bulağından axan) məin (şərab) dolu piyalələr, kuzələr və qədəhlərlə; (Dünyadakı şərabdan fərqli olaraq) ondan başları ağrımaz və keflənməzlər; (O cavan xidmətçilər Cənnətdə olanların) bəyənib seçdikləri meyvələr; Və istədikləri hər cür quş əti ilə (onların dövrəsində fırlanacaqlar); (Onlar üçün orada) iri (ahu) gözlü, qəşəng hurilər də vardır; (O hurilər rəng və gözəllikcə) sanki sədəf içində gizlənmiş (qorunub-saxlanmış) incidirlər.” (əl-Vaqiə, 15-23).
Cənnətdə bazar və Cənnət qadınlarının baldırları
Hədislər də ayələrdəki mənzərəni daha parlaq şəkildə diri insanlara çatdırırlar ki, öləndən sonra Cənnətə düşsələr, görəcəkləri Nə olacaq:
Ənəs rəvayət edir ki, Allahın Rəsulu (s.a.s) buyurdu: Gözəl gözlü, parlaq vücudlu hurilər Cənnətdə mahnı söyləyərək deyərlər: "Biz parlaq bədənli gözəl Hurilərik, Dəyərli ərlər üçün yaradılmışıq.” (Əbu Nuaym, "Sıfatul Cənnət” 3/280, H. 432; Təbərani, "Mucəmus Sağir” 2/35, H. 734; əl-Albani, "Səhihul Cəmiul Sağir”, s.331, H. 1561, 1602).
İbn Məsud rəvayət edir ki, Allahın Rəsulu buyurdu: "Cənnət əhlinin qadınlarından bir qadının baldırının bəyazlığı 70 qat Cənnət libaslarının altından görünər və hətta onun iliyi də görünər.” (Tirmizi, 2654; Muslim, 2834).
Əbu Hureyrə rəvayət edir ki, Allahın Rəsulu (s.a.s) buyurdu: "(Cənnətə girənlərin) hər birinin iki zövcəsi vardır. Bunların ayağının iliyi ətinin üstündən görünür və Cənnətdə subay yoxdur.” (Muslim, 2178).
Ənəs rəvayət edir ki, Allahın Rəsulu (s.a.s) buyurdu: "Cənnət əhlindən bir qadın dünya üzünə çıxsa, bütün dünyanı işıq bürüyər, (gözəl) qoxu ilə doldurar. O qadının baş örtüsü dünya və içindəkilərdən xeyirlidir.” (Buxari, 2796; Tirmizi, 1651).
Əbu Umamə rəvayət edir ki, Allahın Rəsulu (s.a.s) buyurdu: "Cənnətə girən hər bir qulun biri baş tərəfində, biri də ayaq ucunda olmaq üzrə iki gözəl gözlü, parlaq bədənli Huri oturur. İnsanların və Cinlərin eşitdiyi ən gözəl səslə mahnı söyləyərlər.” (Təbərani, "Kəbir” 8/119, H. 7478; Heysəmi, "Məcmuaz Zəvaid” 10/418).
Ənəs rəvayət edir ki, Allahın Rəsulu (s.a.s) buyurdu: "Cənnətdə möminə bu qədər və bu qədər cinsi münasibət qüvvəsi veriləcəkdir”. Bir nəfər: "Ya Rəsulullah! Onun gücü çatacaqmı?! – deyə soruşdu. Allahın Rəsulu (s.a.s): "Ona yüz kişinin gücü veriləcəkdir” – deyə buyurdu. (Tirmizi, "Cənnət” 2536; əl-Albani, "Mişkət” 3/1567, H. 5636).
Başqa rəvayətdə: "72 (73) zövcəsi olacaqdır möminin Cənnətdə.” (Tirmizi, 2562; İbn Məcə, 4337; Əbu Nuaym, "Sıfət əl-Cənnəh”, 372).
Başqa rəvayətdə: "Muhəmmədin (s.a.s) nəfsi əlində olana and olsun ki, (mömin) bir gecədə 100 bakirə qadına yaxınlaşacaqdır.” (Əbu Nuaym, "Sıfət əl-Cənnəh” 2/215; Təbərani, "Mucəm əs-Sağir” 2/12-13; Beyhəqi, "əl-Bas vən Nuşur”, 365; Məcmuaz Zəvaid 10/417; əl-Albani, "Səhih” 1/641, H. 367).
Əbu Hureyrə rəvayət edir ki, Allahın Rəsulu (s.a.s) buyurdu: Soruşdular: "Ey Allahın Rəsulu! Cənnətdə cima (cinsi yaxınlıq) varmı? Allahın Rəsulu (s.a.s): "Canım əlində olana and olsun ki, Bəli. İstədiyi qədər edəcəkdir. Hər şey bitdiyi zaman qadın təkrar tərtəmiz bir bakirə olacaqdır.” – deyə buyurdu. (Təbərani, "Mucəm Sağir” 1/91; Əbu Nuaym, "Sıfət əl-Cənnəh” 393).
Ənəs rəvayət edir ki, Allahın Rəsulu (s.a.s) buyurdu: "Hurilər zəfərandan yaradılmışdır.” (Təbərani, "Nihayə” 2/461; Əbu Nuaym, "Sıfət əl-Cənnəh” 385).
Ənəs rəvayət edir ki, Allahın Rəsulu (s.a.s) buyurdu : "Cənnətdə bir bazar vardır...”
...Gəlin, "bazarla” istinadlarımızı bitirək. Çünki "Cənnətlə bazarlıq” edənlər saysız-hesabsızdır. Və onlar heç də adi qaramollalar və ya qocaman mədrəsə ruhaniləri deyillər. İstinad etdiyimiz müəlliflər – fikirləri bütün Şərq dünyasında mötəbər sayılan İslam alimləri, görkəmli ilahiyyatçılardır! Əlbəttə, hədisçilər, təfsirçilər, şərhçilər Cənnət xüsusunda bəzən bir-biri ilə ziddiyyət təşkil edən, hətta təfriqə və təriqətlərə yol açan cürbəcür yozumlar irəli sürmüşlər.
Cənnət, yoxsa Hərəmxana?!
Ancaq bütün hallarda, nə qədər bər-bəzək vurulsa da, Cənnətin cismani dünya əlamətləri göz qabağındadır: Cənnətdə Qadın, Zövcə (Arvad) və Huri bir-biri ilə eyniləşdirilir də, ayrılır da. Cənnət qızıl-gümüşlə, ləl-cavahiratla bəzənmiş taxtlar, şərab dolu piyalələr, kuzələr və qədəhlərlə süsləndirilir.
Fəqət bütün Cənnət gözəlliklərinin başında Bədən dayanır! Bədən – bütün şəhvani görsənişləri ilə bərq vurur! Bəyaz baldırlarından tər məmələrinə, tər məmələrindən bakir bətninədək Qadın vəsf edilir! Bir gecədə 100 bakirə qadınla yaxınlıq edəcək, yüz kişinin seksual gücünü göstərəcək Kişi (Erkək!) vəsf edilir! Gündə bir "Xurma” yeyən Şeyx Nəsrullaha min şükür!
Əgər bu süsləri, erotik əndam gözəlliklərini və onların bir-birinə toxunuşundan qopan qığılcımları, par-par ehtirasları dartıb çıxarsan, Cənnət Ərəbistan səhrası kimi boş qalar! İndi isə oralarda "Cənnət arxitekturası” ilə şəhərlər salınır: Abu Dabi, Dubay, Doha... Hələ "Cumeyra Palması Cənnəti”!
"Cənnət erotikasının” elmi izahı isə belədir ki, bir çox erkən sivilizasiyalarda olduğu kimi, semit dinlərində də fallos kultu yaşanılıb. Ziqmund Freyd isə bu motivi psixoanalizin əsasına qoyub: "Bizim bütün fəaliyyətlərimizin təməlində iki nəsnə dayanır: libido və qüdrətli olmaq yanğısı!” Cənnət də elə libidonun və qüdrətli olmağın parlaq timsalı, yerüzünün xəlifələrindən hökmdarlarına qədər çatılmaz güc sahiblərinin elə bu dünyada yaratdıqları Hərəmxanaların oxşarı olur! İlahi Varlığın Alilik, Qüdrət, Ülviyyət və Qüdsiyyətindən əsər-əlamət belə görünmür...
Dünya elmi kosmosun dərinliklərinə nüfuz edirkən, İslam ilahiyyatçıları da Cənnətdə insan ehtiraslarının necə kəlləçarxa qalxmasından bəhbəhlə bəhs edirlər. Kosmosu Cənnətlə dəyişik salan bir kal dünyagörüşünün meyvələri ağızlarda gəvələnir...
Subaylığın olmadığı, körpələrdən qarılara qədər hamını eyni gənclik (seksual yetkinlik) yaşına çatdıran Cənnət – başdan-başa patriarxal Cənnətdir.
Əgər bütün cinslər burada, doğrudan da, bərabərdirsə, onda gərək bir kişinin 72 (73) zövcəsi olduğu kimi, bir kişi bir gecədə 100 bakirə qadınla sevişə bildiyi kimi, bir qadının da 72 (73) əri olsun, 100 bakirə kişi ilə sevişə bilsin! Nədir?! Xoşunuz gəlmir?! Belə bir Cənnəti bəyənmirsiniz?! Onda barı özünüzdən soruşun: Kişixaqanlığı təməlində belənçi Cənnət orgiyası – həsənsoxdu dəyirmanı yaratmaqda, bir gecədə yüz qadını (hurini) bir kişinin altına yıxmaqda nə imiş Uca Tanrının ilahi məqsədi?!
Ey Cənnət eşqi ilə alışıb-yananlar! Siz buna da hazır olun: siz saleh əməllərinizə görə axirətdə Cəhənnəmə yox, Cənnətə düşəcəyiniz və bu məkanda, bir çox hədisçi və təfsirçilərin yozduğu kimi, Qadın, Zövcə (Arvad) və Hurilərin elə eyni varlıq olduğunu biləcəyiniz təqdirdə, heç uçunmayın: kişilər bu dünyadakı xanımlarını huri şəklində başqa kişilərin qucağında, qadınlar bu dünyadakı ərlərini huri şəklində başqa qadınların qucağında görəcək! Özü də əbədi olaraq! Əsla darılmayın, sınmayın! Ayıbdır axı! Bura Cənnətdir!!! Doyunca həzz alın!!!
Qorxu və Həzz
Yüz minləri, milyonları, milyardları, bəlkə də bəşəriyyətin böyük əksəriyyətini öz ardınca aparan Dinin başlıca cazibə qüvvəsi elə budur – Cənnət Həzzi. Gerçək dünya nemətlərindən barınmayan çoxlar – "tamarzılar” da, barınan azlar – "bəxtəvərlər” də onun qatı şirnisinə yapışırlar.
Bir dəfə "Allahı sevin!” – deməyən (yalnız iki halda Allaha məhəbbəti dolayı dilə gətirən – əl-Bəqərə, 165; Ali-İmran, 31), min dəfə "Allahdan qorxun!” – deyən bir məntiq Cənnət Həzzindən daha dadlı bir şey, Cənnət Həzzindən daha üstün bir dəyər təklif edə bilməz İnsana!..
Dinin hipnotik-psixoloji tilsimi də elə bundadır: zidd olan Qorxu və Həzzi daha məharətlə birləşdirə bilməkdə. – Gerçək dünyada Allahdan qorxursan ki, axirətdə Onun lütfü ilə həzz alasan!
Qorxu və Həzz! – Kahinlərdən ayətullahlara, tiranlardan diktatorlara qədər bütün amirlərin çalın-çarpaz işlətdiyi iki üzlü Güc Siyasəti!
Güc Siyasəti məhz Qorxu və Həzz xəlitəsi sayəsində hər cür itaət funksionallığını can-başla yerinə yetirən Kütləni – onun Ordu və Proletariat kimi marionet tiplərini yaradır.
Ona görə mən illər öncə yazmışdım: Din Allahı inkar edir.
Rahid Ulusel
Fəlsəfə elmləri doktoru, professor,
Fəlsəfə Cəmiyyətləri Beynəlxalq
Federasiyasının üzvü
Şərhlər