"Qarabağ" Azərbaycan çempionatlarında 1600-cü qolunu vurub. Bu, Misli Premyer Liqasının XXX turunun "Səbail”lə matçına təsadüf edib.
Qaynarinfo PFL-in saytına istinadən xəbər verir ki, səfərdə 4:1 hesablı qələbə qazanan qonaqların 2-ci topuna imza atan Leandro Andrade yubiley qolunun müəllifi kimi tarixə düşüb. Ağdam klubu 1600-cü qolunu 955-cü matçında vurub. Ümumilikdə 1602 topdan 913-ü ev, 674-ü səfər, 15-i neytral meydana təsadüf edib.
"Qarabağ" Azərbaycan çempionatlarında 1600 qol vuran ilk komanda olub. Komandanın orta məhsuldarlığı 1,68-ə bərabərdir.
Qeyd edək ki, komandanın tarixində ilk qola Mehman Alışanov imza atıb. O, 1992-ci il mayın 3-də "İnşaatçı” (Sabirabad) ilə ev oyununda (1:2) təkcə "Qarabağ” deyil, yarışın tarixində ilk topun müəllifi olub.
Bu arada, Misli Premyer Liqasında mövsümün 3-cü het-triki qeydə alınıb. "Qarabağ”ın futbolçusu Leandro Andrade XXX turun "Səbail”lə görüşündə 3 qola imza atıb.
Portuqaliyalı yarımmüdafiəçiyə qədər yalnız Davit Volkov het-trik müəllifi olub. "Zirə”nin hücumçusu I turda "Səbail”, XV turda "Sumqayıt”ın qapısına 3 dəfə yol tapıb. Maraqlıdır ki, het-trik qeydə alınan hər üç qarşılaşma 4:1 hesabı ilə başa çatıb.
Volkovun 3 qol vurduğu matçlar ev oyunları olub və 2024-cü ilə təsadüf edib. Andrade cari mövsümdə səfərdə het-trik edən ilk oyunçudur. O, həm də 2025-ci ildə bunu bacaran ilk futbolçu olub.
Şərhlər