Ö söhbətin üstündən bəlkə də otuz ildən çox vaxt keçib. O vaxt biz siyasi yazarlar bir araya gələndə nə qədər paradoksal olsa da, siyasətdən çox ədəbiyyatdan-sənətdən danışırdıq.
Bunun bir səbəbi bu idi ki, o dövrün siyasi yazarlarının çoxu ədəbiyyata meyilli insanlar idi, bəzilərinin nəinki ilk ədəbi-bədii təcrübələri də vardı, hətta aralarında artıq ədəbi mühitin diqqətini çəkənlər də az deyildi.
Mənim kimi daha çox politologiyaya meyilli siyasi yazarlara gəldikdə isə, hələ o vaxtlar bir avropalı kommunistin fikrini oxumuşdum. Yazırdı ki, siyasətlə bağlı bacarmırsınızsa, cəhdləriniz alınmırsa, onda çalışın, mədəniyyəti götürün, çünki mədəniyyət heç də siyasətdən az iqtiqamətləndirmir, yönəltmir insanları.
Bu, məsələnin bir tərəfi idi. Digər bir səbəbi isə bu idi ki, yazı elə prosesdir ki, onun gedişində istər-istəməz bütün oxuduqların-eşitdiklərin, dünyagörüşün özünü göstərir. Üstəgəl, siyasi yazarın özündən irəli gələn subyektiv məqamlar da var.
Beş-altı ayın söhbəti olar. Bir media eksperti demişdi ki, jurnalist esse yazmır, yazmamalıdır da! Amma bunu oxuyanda mənim ağlıma gələn ilk sual bu oldu: axı niyə? Şəxsən mənim bu vaxta qədər yazdıqlarımın 95 faizi siyasi esselər olub! Hətta indinin özündə də Putindən, Trampdan yazdığım yerdə birdən durub öz yuxularıma keçə bilərəm!..
Az da olsa bununla səsləşən bir detalı sizinlə bölüşə bilərəm. 90-cı illərdə bir amerikalı kəşfiyyat analitiki yazırdı ki, vaxtilə biz analitik məruzələrimizdə lətifələrdən də istifadə edirdik ki, onlar daha rahat və həvəslə oxunsunlar...
Qərəz, qayıdaq otuz il bundan əvvəlki söhbətə. İndi xatırlamıram, necə oldusa, filoloji savadına çox hörmət etdiyim gənc yazarlardan biri (o dövr üçün!) qayıtdı ki, Seyyid Əzimdə orijinal heç nə yoxdur, hamısı Fizuliyə nəzirədir! O vaxt mən heç nə demədim, çünki bununla bağlı heç bir savadım yox idi...
Yox, demirəm ki, indi bu mövzuda xeyli savadlanmışam. Yox, belə bir şey yoxdur. Amma mənim bir xasiyyətim var: bir fikir beynimə "mıxlandısa” daim məni təqib edəcək! Bu da belə oldu. Demirəm ki, bunun üçün gedib M.F.Axundov adına Milli Kitabxanada oturub araşdırmalar apardım. Yox, belə şey olmadı. Fizuli də, Seyyid mənə bir az məktəbdən tanış idi. Yadıma gəlir, biz məktəbdə oxuyanda Fizulinin "Leyli-Məcnun”unu gözəl tərtibatda çar etmişdilər, illüstrasiyaların da müəllifi, səhv etmirəmsə, xalq rəssamı Mikayıl Abdullayev idi. Bəzi sənətşünasların yazılarından oxudum ki, Səttar Bəhlulzadənin də "Leyli-Məcnun” albomu varmış və bu adam Fizulini çox yaxşı bilirmiş.
Mənə qaldıqda isə, uzun müddət, elə indi də Fizuli, onun sehrli dünyası mənim üçün sirli bir aləm kimi qalır.
Hətta bir ara Fizulıinin dili mənə bizim bəzi rusdillilərinin dili kimi təsir bağışlayırdı: siz rus-Azərbaycan sözlərini horra kimi biri-birinə qatan adamları heç sevirsinizmi? Belə "dil” sizə xoş gəlirmi? Bəs niyə görə ərəb-fars-türk dillərini horra kimi biri-birinə qatan bizə xoş gəlməlidir?
Amma zaman keçdikcə anlamağa başladım ki, bu dilin də, əruzun da nəsə bir sehri var. Bir ara bir cənublu soydaşımız – siyasi mühacir mənə bir azca əruzu izah etmişdi, məktəbdə onlara bunları daha ciddi öyrədirlərmiş. Amma, nə gizlədim, sonradan bunu da unutdum: axı mən ədəbiyyatşünas yox, siyasi yazar idim! Amma Fizuli ilə, əruzla bağlı qandığım bu oldu ki, əgər başa düşmürsənsə, yaxşısı budur sus, danışma, çünki burada nəsə bir sehr var.
O ki qaldı Seyyidə, məktəbdə onun da iki-üç satirasını oxumuş, beş-üç qəzəli haqqında eşitmişdim. Bir də səhv etmirəmsə, o dövrün yazıçılarından Əzizə Cəfərzadənin onun haqqında "Aləmdə səsim var mənim” romanını oxumuşdum.
Amma dediyim o söhbətdən sonra Fizuliyə və Seyyidə daha çox diqqət yetirməyə, deyilənləri daha diqqətlə dinləməyə başladım və gördüm ki, yox, heç də belə deyil: Fizuli çox ruhani şairdir, hətta daha çox dindardır, amma Seyyid heç də belə deyil, bir azca şuluqçudur, Allahın nadinc bəndəsidir, o, sanki Xəyyamla Fizuli arasında vurnuxur...
Adicə bir misal:
Zahida, bükmə məni ayə yazılmış kəfənə,
Neyləyər ayə küfr ilə dolmuş bədənə...
Səhv etmirəmsə, bəli, yaddaşım aldatmırsa, yanılmıramsa, Seyyidin misralarıdır bunlar. Hərçənd, artıq yaddaşıma tamam-kamal etibar edə bilmirəm, amma məncə, onun misraları olmalıdır. Üstəlik, onun bu cür misraları çoxdur, hansındakı o, özünü hətta "kafər” adlandırır.
Qayıdaq yazının əvvəlində hallanan söhbət məsələsinə. Əvvəlcə onu deyim ki, bu il həm də Seyyidin 190 illiyi qeyd olunacaq və düşünürəm, heç də günah olmaz, əgər onunla bağlı mənim kimi adi, hətta diletant oxucular da bir–iki kəlmə söz yazsalar...
Digər məqama gəldikdə, inanın, bəzən siyasətdən, siyasi mövzulardan qaçmaq istəyirəm.
Az qala, otuz il kiçik bir siyasət institutu kimi çalışdım. Heç qiymət verən oldumu? Demirəm ki, ədəbiyyatdan-sənətdən yazsam, sinəmə orden taxacaqlar, yox, olmayacaq, sadəcə, təskinlik verən budur ki, heç olmasa, hərdənbir ürəyim istəyəni, lap açığı, kefim istəyəni yazıram.
Həm də digər poeziya dahisinin – Nəsiminin də çox məşhur beyti var:
Hər kimsə Nəsimi dilini fəhm edə bilməz,
Bu, quş dilidir, bunu Süleyman bilir ancaq...
Hüseynbala Səlimov
Şərhlər