Xəbər lenti

Markes, Migel Littin və Pinoçet...
Məmməd SÜLEYMANOV
Sənət 11:45 11.04.2025

Markes, Migel Littin və Pinoçet...

Siyasi mühacir 12 illik fasilədən sonra gizlicə Vətəninə dönür. Onun adı "dönüşü həmişəlik qadağan olunmuş 5 min şəxs” siyahısındadır. O isə həyati risqə baxmayaraq, soyadını, sənədlərini, zahiri görkəmini dəyişərək faşist Çilisinə gəlir və ay yarım ərzində çəkdiyi 7 kilometrlik kino lenti ilə Avropaya dönür.

Nəticədə 2 saatlıq "Çilinin ümumxalq bəyannaməsi” filmi və 4 saatlıq "Çili hadisələrinin xronikası” televiziya verilişi ərsəyə gəlir. Hər ikisi Venesiya kino festivalının qalibi olur.

Diktator Pinoçetin qəzəbini təsəvvür etmək çətin deyil. Onu uşaq kimi dolayıblar, üstəlik ölkədəki səfaləti, siyasi terroru, müqaviməti, "Acların marşı”nı lentə köçürüb dünyaya göstəriblər.

Siyasi qaçqın, rejissor, ssenarist, yazısı Migel Littin cəsarəti və avantürası ilə Pinoçeti ifşa edir. Üstəlik, silahlı müxalifətdən, Manuel Rodriges adına Vətənpərvər Cəbhənin liderlərindən müsahibələr də alır, onların Çilidə yarada bildikləri şəbəkəni - konspirativ mənzilləri, yığıncaqları, hətta gizli xəstəxananı da lentə köçürür.

Bu hadisədən 1 il sonra Qabriel Qarsia Markes Madriddə Littinlə görüşür, günlərlə söhbətləşir və 1986-cı ildə "Migel Littinin Çilidə təhlükəli macəraları” kitabını yazıb nəşr etdirir. Povest reportaj üslubundadır, birnəfəsə oxunur, sadə dillə yazılıb və birinci şəxsin (Migel Littinin) adından nəql olunur.
 


Kitabın çapı Çili hakimiyyətində hiddət doğurur. 1987-ci ildə Pinoçetin əmri ilə kitabın 15 min nüsxəsi əldə edilərək Valparasio şəhərində yandırılır.

Bu, o illərdi ki, Hollivud sənayesi Bond və Rembo kimi saxta və bayağı "qəhrəmanlar” ixrac edirdi. Markes isə əsl qəhrəmanı göstərir - dünya Migel Littindən nümunə götürməlidir...

Salvador Alyendenin prezidentliyi dövründə Çili Kino institutuna rəhbərlik etmiş Migel Littinin 11 sentyabr hərbi çevrilişi baş verəndə 31 yaşı vardı. Ağlasızmaz təsadüf onun Santyaqo stadionundakı həbsxanaya göndərilməsinin qarşısını alır. 2 ay həyat yoldaşı və 2 övladı ilə gizlənəndən sonra Meksikaya uçan Migel Littin o vaxt artıq tanınmış rejissordu, 4 film (o cümlədən, Alyende haqda "Yoldaş Prezident” filmini) çəkmişdi.

Markes kitabında Littinin dilinə həm də Pinoçetə qarşı öz mövqeyini yerləşdirir. Bu, o haldır ki, əsərin müəllifi ilə qəhrəmanın prototipinin fikirləri üst-üstə düşür.

"Ölkədə qalanlar da sürgündədir”, - Markes yazır. O, Pinoçetin heç vaxt sonadək ram edə bilmədiyi pablisyonlarda (şəhərətrafı fəhlə qəsəbələri) bir gün də səngiməyən sinfi mübarizədən, 2 övladına verilən işgəncələrə etiraz olaraq özünü yandıran Konsepsyon sakini Sebastyan Asevedodan, jandarmların ən çox axtardığı adam olan 21 yaşlı kommunist inqilabçı Fernando Larenasdan yazır. "Çikaqo oğlanları”nın reseptlərini icra edərək siyasi şoku iqtisadi şokla birləşdirmiş Pinoçetin ölkəyə gətirdiyi ifrat təbəqələşməni, zibillikdə eşələnib yem axtaran uşaqları, təqib olunanları gizlədən, buna görə də təqib olunan və bəzən də qətlə yetirilən katolik keşişləri təsvir edir.

Markes devrilmiş prezident Alyendeni unutmayan adi insanlardan bəhs edir. Bu insanlar Pinoçeti yox, hələ də Alyendeni prezident sayırlar, onun fotolarını ikonaların arxasında gizlədirlər. Bir qadın isə deyir: "Ev və ərzaq əsas deyil, əsas olanı - qürurdur. Bizə heç nə lazım deyil, təki səsimizi əlimizdən almasınlar. Səs və seçim hüququ”.

Bu ölkədə "Cəhənnəm küləyi” adı ilə tanınan Lota mədənləri onları milliləşdirən Alyendedən sonra Pinoçet tərəfindən yenidən özəlləşdirilib. Orada aclıq və səfalət normadır. Aşağı Lotada ölüm şaxtaları yerləşirsə, Yuxarı Lotada zənginlərin malikanələri ucalır.

Bu ölkədə diktaturanın qələbəsindən 11 gün sonra vəfat etmiş kommunist Pablo Nerudanın İla-Neqradakı evinin hasarları siyasi şüarlar üçün yazı taxtasıdır. Karabinerlər köhnə şüarları silib bitirməmiş yeniləri peyda olur: "Bilin, general, sevgi heç vaxt ölməyəcək”, "Alyende və Neruda diridir”, "Bir dəqiqəlik qaranlıqla bizi kor edə bilməzsiz”.
 


11 sentyabr çevrilişi zamanı məktəbə gedən uşaqlar artıq böyüyüb diktaturaya dirəniş verirlər. Markes onları bu cümlələrlə xarakterizə edir: "Onlar yeni nəslin tələsmədən və səs-küysüz diktaturanın zülmündən qurtarmaq qətiyyətini və hazırlığını nümayiş etdirirlər. Gənc olmalarına baxmayaraq, onların çiyinlərində xəyali qəsrlər yox, sezilməyən rəşadət və gizli qələbələr dayanır. Onlar bu qələbələrini qayğı ilə və dinməz-söyləməz ürəklərində gəzdirirlər”.

Pinoçet "Mən demokratiyanın nə olduğunu bilən nəsil yox olana qədər ölkəni idarə edəcəm” deyir, halbuki, bu, əfəl istəkdir. Çilidə gənclik Kuba musiqiçiləri Silvio Rodriges və Pablo Milanesi dinləyir, hətta kilsələrdən də bənzərsiz Violeta Parranın intihardan bir neçə ay əvvəl yazdığı ölməz "Gracias a la vida” ("Həyata təşəkkürlər”) nəğməsinin sədaları gəlir: "Karabinerlər isə dinləyərək təəccüblənirlər - niyə bu qadın ağlamaq əvəzinə oxuyur?”

"Gənclik özünü müdafiə etməyi öyrənib. Onlar - 10 il əvvəlin uşaqları artıq zövqləri, həyat tərzini, sevgi barədə təsəvvürləri, incəsənəti, siyasəti diqtə edir”, - Markes yazır.

Migel Littinin Markes tərəfindən kitaba çevrildilən qəhrəmanlığı isə soyuqqanlılıq və konspirasiya nümunəsidir. Littin 3 çəkiliş qrupu ilə işləyir - qruplar bir-birindən xəbərsizdir. Sonra tələbat artanda gənc inqilabçılardan (15-21 yaşlı kommunistlərdən) daha 6 çəkiliş qrupu hazırlayır - yenə də hər qrup digərlərinin mövcudluğunu bilmir.

İşə köhnə tanışlarını cəlb edir. Bramsın heyranı olan 72 yaşlı zəngin qadın ona şikayətlənir ki, həyatını boşuna yaşayıb, var-dövlət içində yaşamaqdansa, diktatura ilə küçə savaşında ölməyi üstün tutur. Və Littinin ən çətin tapşırıqlarını yerinə yetirir - rejissorun Çilidə ad və ünvanlarını dəyişib təbliğatla və mübarizəylə məşğul olan 3 köhnə yoldaşını axtarıb tapır. 

Bu risqli və arxi-çətin fəaliyyətin daha bir - sırf şəxsi - çətinliyi də var: Migel Littin ona əziz olan heç kəslə görüşməməlidir. O, kafedə köhnə qonşularını görür - təbii ki, onlar görünüşünü dəyişmiş rejissoru tanımırlar. Küçədə qayınanası ilə təsadüfən rastlaşır - qadın onu tanımır.

Kolçaqua vadisində, doğulduğu Palmilya kəndindən bir qədər aralıda çəkilişlər bitəndən sonra komendant saatına düşən rejissor özü də bilmədən, intuitiv olaraq sığınmaq üçün maşınını doğma kəndinə sürür, ən əsas qadağanı pozur - anası ilə görüşür. Ana oğlunu tanımır... Bu real hadisə simvolikdir - ən çətin anda özün də bilmədən doğma evinə, valideyninə sığınırsan...

Migel Littinin ekspedisiyası onun iştirakçılarının hamısının sağ-salamat qalması ilə də diqqətəlayiqdir: əhalinin total nəzarətə götürüldüyü diktaturada Uruqvay pasportu ilə Çiliyə gələn rejissor Pinoçetin qorxu xofunu çilik-çilik edir. "İnsanlar qarşısında vəzifəm və borc saydığım işlərim olmasaydı, Çilidə uzun müddət qeyri-leqal yaşaya bilərdim” - Littin Markesə söyləyir.

Bir sözlə, özünə güvənən Pinoçet heç də hər-şeyə-qadir deyilmiş. Littinin filmlərindən və Markesin kitabından sonra 70 yaşlı diktatorun niyə sonsuz qəzəbləndiyini anlamaq olar.

Markes və Littin isə diktaturaya qarşı savaşda İncəsənətin gücünü göstərirlər. Biri qələmi, digəri kamerası ilə. Uğurlu tandemdir...

Məmməd Süleymanov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->