Ötən həftə eşitdim ki, qonşu həyətdə bir qadın telefonla danışa-danışa içində altı min manata yaxın pul olan pulqabını skamyada unudaraq ordan aralanıb. Qadın bir xeyli gəzindikdən sonra qalxıb evinə. Evdə bilib ki, pulqabını hardasa itirib. Skamyada unutduğunu heç ağlına da gətirmirmiş...
Sizə hardan deyim, hardan xəbər verim, qadının portmanatının sonrakı taleyindən! Həmin həyətdəki yelləncəkdə yellənməyə gələn bir məktəbli uşaq pulqabını orada görür və götürüb baxır ki, içi dolu "yüzlük”dü. Ağlı normal kəsən yaşda olan uşaq bilir ki, həyətdə ümumi kamera var, hər şeyə nəzarət olunur. Bu amilə və daxili saflığına görə uşaq pulqabını götürüb, otağı binanın altında yerləşən komendantın yanına qaçır. Komendant hər ehtimala qarşı uşağın ad-familiyasını özü üçün qeyd edir və hadisə haqda binanın vatsap qrupuna yazır. Və qadın tezliklə itirdiyi pulqabını komendantdan təhvil alır.
Bu situasiyada ən azı onu deyə bilərik ki, o pulqabı həyət üçün quraşdırılmış videokameraya görə öz sahibinə qayıdıb.
Deyirəm, müasir videokameralar qədimlərdə təlqin olunan Tanrını əvəz edir, artıq. Əvvəllər deyirdilər, Tanrı göydən baxır. Ancaq, nə qədər desək də, yuxarıdan baxmağı ehtimal olunan həmin Tanrıya görə heç də hamı tapdığı pulu boynuna almaz, geri qaytarmazdı. Kamera olmayan məkanda tapdığı qiymətli əşyanı geri qaytarması üçün insana yüksək əyarlı vicdan lazımdı. Əks təqdirdə itən əşya heç vaxt geri qayıtmayıb. Ona görə də ən yaxşısı elə yeni texnologiyadı. Bu yeni dünyamızda yeni texnologiyanın sayəsində indiki insandan insaf, vicdan, ədəb yox, sadəcə, qanunlara riayət etmək tələb olunur.
Müasir Avropa ölkələrində vəziyət belədi, səndən heç kim vicdan, insaf, namus-qeyrət tələb eləmir, yetər ki, qanunlara riayət edəsən, vəssalam!
Sən vicdanlısan, namuslusan, yaxud insafsızsan, allahsızsan, binamussan - özün bilərsən, o, sənin şəxsi işindi - ancaq ölkə qanunlarına tabe olmalısan!
Buna görə sivil Avropa ölkələrində dinə ehtiyac qalmayıb, dinləri kilsələrə qovublar. Odur ki, inkişaf eləmiş ən sosial ölkələrdə əhalinin 70-80 faizi ateistdir, heç bir dinə qulluq eləmir.
Yəni, sən inanclı bir insan olaraq istədiyin vaxt gedib kilsədə şam yandıra bilərsən, bu istəyinə heç kim mane ola bilməz. Lakin sənin küçələrə düşərək başqalarından da bunu tələb etməyin cinayət sayılacaq, artıq. Yəni, sən dindarsan, deistsən, adeistsən, aqnostiksən - özün bilərsən.
Sənin bu şəxsi dünyabaxışın öz beynindən kənara çıxıb heç kimə mane olmamalıdı. Bu cür rahat insanlardan təşkil olunmuş cəmiyət də rahat olacaq.
Yəni, daxilində kimsən, özün bilərsən, ancaq buyur, yaşadığın ölkənin qanunlarına əməl elə!
Cəmiyyət hər situasiyada bir cür təfsir oluna biləcək dini kurallarla deyil, sivil, hüquqi qanunlarla idarə olunmalıdı.
O cümlədən, dövlət idarəçiliyi də məmurların insaf-mürvətinin ümidinə qalmamalı, konstitusion qayda-qanuna əsaslanmalıdı.
Bu qanunlar həyətdə və həyatda quraşdırılmış videokamera kimi yuxarıdan bizi izləməli və idarə etməlidi!
Murad Köhnəqala
Şərhlər