Xəbər lenti

Yaxın Şərq münaqişəsi dünyanın ən zəngin
Dünya 17:48 20.05.2026

Yaxın Şərq münaqişəsi dünyanın ən zəngin "qaz ölkəsi"nə zərbə vurur - KİV

Regional münaqişə və Hörmüz boğazının blokadası nəticəsində Qətər əsas resursu olan mayeləşdirilmiş təbii qazın ixrac imkanlarını faktiki olaraq itirib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Adverul” nəşri yazıb.

Məlumata görə, fevral ayından etibarən Qətər qazının demək olar ki, tamamilə keçdiyi Hörmüz boğazında dəniz hərəkəti faktiki bloklanıb. Ölkənin qaz hasilatı mərkəzi sayılan Ras-Laffan sənaye şəhəri İranın üzərinə atılan raket və pilotsuz aparat hücumlarından sonra fəaliyyətini azaltmağa məcbur olub.

Nəşr bildirir ki, istehsal gücü təxminən 17% azalıb.

Qətərin dövlət şirkəti "QatarEnergy” beynəlxalq müqavilələri yerinə yetirməkdə çətinlik çəkdiyini etiraf edib. Analitiklərin qiymətləndirməsinə görə, dəniz blokadasının başlanmasından bəri ölkənin itkiləri milyardlarla dollarla ölçülür.

Qətər onilliklər ərzində dünyanın ən böyük təbii qaz yatağı sayılan "North Field” hesabına zənginləşib. İlk böyük qaz tankeri 1996-cı ildə Yaponiyaya göndərilmişdi. Sonrakı illərdə qaz gəlirləri metro xətlərinin, Lusail kimi yeni şəhərlərin tikintisini və 2022-ci il futbol üzrə dünya çempionatının keçirilməsini maliyyələşdirib.

Analitiklərin fikrincə, Qətərin Hörmüz boğazına alternativ çıxışı yoxdur və bu marşrut ölkənin yeganə dəniz qapısı sayılır.

Məişət səviyyəsində də vəziyyət hiss olunur. Qətərdə istehlak olunan məhsulların 90%-i idxal edilir və hazırda onlar ölkəyə əsasən hava reysləri və ya Səudiyyə Ərəbistanı üzərindən çatdırılır. Suk Vakif bazarında və Lusail şəhərində turistlərin sayı da nəzərəçarpacaq dərəcədə azalıb.

Qiymət artımının qarşısını almaq üçün hökumət subsidiyalar tətbiq edib.

Beynəlxalq Valyuta Fondu bu il Qətər iqtisadiyyatının 8,6% kiçiləcəyini, mümkün bərpanın isə yalnız 2027-ci ildə başlayacağını proqnozlaşdırır.

Bununla belə, iqtisadçılar xəbərdarlıq edirlər ki, blokada nə qədər uzun sürsə, həm qaz sənayesi, həm də iqtisadiyyatını şaxələndirməyə çalışan yeni Qətər layihələri üçün vəziyyət bir o qədər ağırlaşacaq.

Aydın
--> -->