Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq, Bakı şəhərində piyada zonalarının və dəhlizlərinin yaradılması davam etdirilir.
Qaynarinfo xəbər verir ki, bu yaxınlarda paytaxtın iki geniş piyada zonası olan Fəvvarələr meydanı və Qış Parkını optimal şəkildə birləşdirən İslam Səfərli küçəsi piyadalaşdırılaraq şəhər sakinləri və qonaqların ixtiyarına verildi.
İctimaiyyət tərəfindən rəğbətlə qarşılanan, müasir şəhərsalma prinsiplərinə tam uyğun olan bu laylihənin İslam Səfərli küçəsinə yaxın ərazilərdə davam etdirilməsi nəzərdə tutulur.
Belə ki, Nəqliyyatı Əlaqələndirmə Şurası tərəfindən Əlimərdan Topçubaşov, Lev Tolstoy, Yusif Məmmədəliyev, Rəsul Rza və Xaqani küçələrinin piyadalaşdırılması ilə bağlı qərar qəbul edilib.
Yaxın günlərdə istər yerli sakinlər, istərsə də qonaqlar üçün olduqca cəlbedici olan bu məkanlarla bağlı dünya təcrübəsinə əsaslanan layihənin icrasına başlanılacaq.
Xatırladaq ki, 19–20-ci əsrlərə aid tarixi tikililərin mövcud olduğu bu küçələr hazırda avtomobil sıxlığının mərkəzindədir. Sakinlər və şəhərimizin qonaqları avtomobil sıxlığı səbəbindən bu məkanlarda yerləşən tarixi abidələrlə tanış ola bilmirlər. Adıçəkilən küçələrdə səkilərin dar, piyada axınının isə çox olması səbəbindən ərazi faktiki olaraq avtomobilsiz hərəkət iştirakçıları tərəfindən geniş istifadə edilir.
Bütün bunları nəzərə alaraq, piyadalar arasında populyar olan bu ərazilərin tamamilə avtomobilsiz edilməsi nəzərdə tutulur.
Layihənin icrası nəticəsində İçərişəhərdən kənarda, Bakının mərkəzində yerləşən piyada küçələrinin ümumi uzunluğu ciddi şəkildə artacaq. Bununla da şəhər mərkəzinin piyada infrastrukturunun daha da inkişafı və genişləndirilməsi təmin ediləcək. Həmçinin Xaqani bağı və Fəvvarələr meydanından Qış parkına və Mərkəzi parka uzanan iki müstəqil piyada marşrutu formalaşacaq.
Piyadalaşdırılacaq küçələrin parklanma yerləri əlçatanlıq saxlanılmaqla kəsişən küçələrə köçürüləcək, əlavə yerlər təşkil ediləcək. Eyni zamanda, operativ və kommunal xidmət avtomobillərinin bu küçələrə daxil olması üçün şərait yaradılacaq.
Şərhlər