Xəbər lenti

Bakı-Tiflis-Bakı qatarı açılır: Regionların turizm potensialı necə dəyişəcək?
Ekonomiks 18:50 20.05.2026

Bakı-Tiflis-Bakı qatarı açılır: Regionların turizm potensialı necə dəyişəcək?

Bakı-Tiflis-Bakı istiqamətində sərnişin qatarının yenidən fəaliyyətə başlamasının turizm sektorunda ciddi canlanmaya, həm turist axınına, həm də ölkədaxili turizm qiymətlərinə təsir göstərəcəyi gözlənilir. Bu qərar həm də insanların daha rahat və münasib qiymətə səyahət etməsinə imkan yaradacaq. 
 
Bəs regionlarda fəaliyyət göstərən kiçik turizm obyektlərinin fəaliyyətinə bu qərar necə təsir göstərəcək?

İqtisadçı Xalid Kərimlinin fikrincə, qatar reyslərinin bərpası bazarda rəqabəti artıracaq və xidmət keyfiyyətinin yüksəlməsinə səbəb olacaq.

Qaynarinfo-ya açıqlamasında iqtisadçı Xalid Kərimli bildirib ki, Bakı-Tiflis-Bakı qatarının yenidən fəaliyyətə başlaması turizm sektoruna iki istiqamətdə təsir göstərəcək:

"Birincisi, xaricə gedən turistlərin sayı artacaq. Bu tam təbiidir. Təyyarə ilə səyahət həm baha başa gəlir, həm də müəyyən narahatlıqlar və vaxt itkisi yaradır. Qatar reyslərinin açılması ilə xaricə getmək daha rahat olacaq. İkincisi, indiyə qədər xaricə getməkdə çətinliklər olduğuna görə bəzi yerli turizm obyektləri istədikləri qiymətləri tətbiq edə bilirdilər. Yeni qərar turizm sahəsində rəqabət yaradacaq".
 


İqtisadçı qeyd edib ki, alternativlərin az olması insanları ölkə daxilində istirahət etməyə məcbur edirdi və bu da qiymətlərin yüksəlməsinə səbəb olurdu:

"Tələbat çox olduğuna görə qiymətlər də yüksək idi. İndi isə qatar xəttinin istifadəyə verilməsi yerli otellər üzərində müəyyən təzyiq yaradacaq. İnsanlar daha ucuz səyahət edə biləcəklər. Həm Gürcüstandan Azərbaycana turist axını artacaq, həm də Azərbaycandan Gürcüstana gedənlərin sayı çoxalacaq.

Bu isə daxili turizm bazarında şişirdilmiş qiymətlərin müəyyən qədər aşağı düşməsinə təsir göstərəcək. Gürcüstan bazarının açılması xidmət keyfiyyətinə də müsbət təsir edəcək. Çünki rəqabət olan yerdə xidmətin keyfiyyətini artırmaq zərurəti yaranır”.

Xalid Kərimli hesab edir ki, bu qərar yerli sahibkarlar üçün də yeni imkanlar yaradacaq:

"Ölkəyə gəlib-gedən sərnişinlər stansiyalarda dayanarkən həmin ərazilərdə fəaliyyət göstərən sahibkarlar üçün potensial müştəriyə çevriləcəklər. Eyni zamanda fərdi evlərini kirayə verən şəxslər üçün də bu imkanlar yarana bilər. Sadəcə onların bir çoxunun satış və marketinq imkanları zəifdir. Daha çox müştərinin özlərini tapmasını gözləyirlər. Gəlirləri əsasən mövsümi olur. Gürcüstanla sərhədin açılması onlar üçün müsbət təsir yaradacaq. Amma bununla yanaşı, müəyyən rəqabət çətinlikləri də meydana çıxacaq. Əvvəllər turistlərin böyük hissəsi birbaşa həmin evlərə üz tuturdu, indi isə otellərlə rəqabət aparmalı olacaqlar”.

İqtisadçı vurğulayıb ki, onlayn platformalardan düzgün istifadə edənlər daha çox üstünlük qazanacaqlar:

"Instagram" və "TikTok" kimi platformalarda özünü düzgün reklam edən, xidmət keyfiyyətini artıran şəxslər daha çox qazanacaqlar. Mən düşünmürəm ki, dövlət xüsusi güzəştlər etməlidir. Dövlət ümumilikdə turizmin inkişafına çalışmalıdır. Turizm inkişaf edərsə, hər kəs üçün kifayət qədər müştəri olacaq. Bunun üçün ölkəyə giriş-çıxış daha asan və daha ucuz olmalıdır. Eyni zamanda səyahət zamanı vaxt itkisi minimuma endirilməlidir. Turizmin inkişafına kompleks şəkildə yanaşmaq lazımdır”.
 
Günay İlqarqızı

--> -->