ABŞ Ədliyyə Nazirliyi prezident Donald Trampa, onun ailə üzvlərinə və əlaqəli biznes strukturlarına davam edən vergi yoxlamaları və mümkün hüquqi təqiblərdən immunitet verib.
Qaynarinfo xəvər verir ki, bu barədə "The New York Times” nəşri məlumat yayıb.
Söhbət Tramp ilə ABŞ hökuməti arasında bağlanmış razılaşmaya əlavə edilən müddəadan gedir. Həmin razılaşma çərçivəsində, həmçinin prezidentin federal araşdırmalar və təqiblər nəticəsində zərər çəkdiyi iddia olunan müttəfiqləri üçün 1,8 milyard dollarlıq kompensasiya fondu yaradılır.
ABŞ baş prokurorunun səlahiyyətlərini icra edən Todd Blanşın imzaladığı sənəddə qeyd olunur ki, hökumətə Tramp, onun ailə üzvləri və şirkətlərinə qarşı vergi işləri üzrə məhkəmə iddiaları qaldırmaq və ya hüquqi təqib aparmaq əbədi olaraq qadağan edilir.
Bu müddəa dərhal tənqidlərə səbəb olub. Vergi hüququ üzrə ekspertlər belə qərarın qanunsuz ola biləcəyini bildiriblər.
Nəşr qeyd edir ki, sənədin Ədliyyə Nazirliyinin saytında geniş ictimai müzakirə olmadan yerləşdirilməsi qərarın görünməmiş dərəcədə cəsarətli olduğunu göstərir. Məqalədə vurğulanır ki, bu addım Tramp və komandasının hökumət üzərində tam nəzarəti saxladıqları dövrdə maksimum səlahiyyətləri minimum xarici nəzarətlə həyata keçirmək istəyini nümayiş etdirir.
Bununla yanaşı, NYT yazır ki, federal qanun prezidentə, vitse-prezidentə və digər icra hakimiyyəti rəsmilərinə ABŞ Daxili Gəlirlər Xidmətinə konkret auditlərin başlanması və ya dayandırılması barədə göstəriş verməyi qadağan edir. Lakin bu qadağada baş prokuror üçün istisna ola biləcəyi ehtimal edilir.
Nyu-York Universitetinin Vergi Hüququ Mərkəzinin baş hüquq müşaviri Brendon DeBot bildirib ki, auditdən qorunma müddəası yenə də qanunsuz hesab oluna bilər:
"Daxili Gəlirlər Xidməti bu immunitetin qüvvəyə minməsi üçün addımlar atmalı olacaq və bu da audit prosesinə qanunsuz siyasi müdaxilə ilə bağlı əlavə suallar doğura bilər. Bu razılaşma və ümumi hüquqi azadolma vergi və hüquq sistemindən şokedici sui-istifadədir".
1,8 milyard dollarlıq fondun yaradılması və Tramp üçün yeni təminatlar yalnız demokratlar deyil, bəzi respublikaçılar tərəfindən də tənqid olunub. Senatda respublikaçı çoxluğun lideri Con Tun bildirib ki, o, belə fondun böyük tərəfdarı deyil və onun heç bir məqsədini görmür.
Demokrat senator Kris Van Hollen isə Senat dinləmələri zamanı Todd Blanşı müstəqil Ədliyyə Nazirliyi rəhbəri kimi deyil, Trampın şəxsi vəkili kimi davranmaqda ittiham edib.
Aydın
Şərhlər