Böyük Britaniya İranla bağlı hava hücumundan müdafiə strategiyasında mühüm dəyişiklik edib.
Qaynarinfo xəbər verir ki, Britaniya Kral Hərbi Hava Qüvvələrinə (RAF) məxsus "Typhoon" qırıcılarına yeni silah sistemi inteqrasiya olunub. Aşağı xərcli, lakin yüksək dəqiqlikli bu texnologiyanın döyüş balansını dəyişə biləcəyi bildirilir. Hədəfdə İranla əlaqəli pilotsuz uçuş aparatları (PUA) var.
Britaniya Yaxın Şərqdə İran mənşəli hava təhdidlərinə qarşı müdafiə imkanlarını gücləndirmək üçün yeni addım atıb. "Telegraph” qəzetinin məlumatına görə, RAF-ın "Typhoon” qırıcılarına quraşdırılan yeni nəsil ucuz raket sistemi İran dəstəkli dronların zərərsizləşdirilməsi üçün aktiv istifadəyə verilib.
Maliyyətin azaldılması
Britaniya Müdafiə Nazirliyinin məlumatına əsasən, yeni sistemin əsas üstünlüyü əvvəlki raketlərlə müqayisədə xeyli aşağı xərcə başa gəlməsidir. Daha əvvəl PUA-lara qarşı istifadə edilən ASRAAM raketlərinin vahid qiyməti təxminən 200 min funt sterlinq təşkil edirdi.
Yeni sistem isə bu xərcləri ciddi şəkildə azaldır. Rəsmilər bildirirlər ki, müasir döyüş şəraitində ucuz dronlara qarşı bahalı raketlərin istifadəsi iqtisadi baxımdan dayanıqlı deyil.
"Hydra" raketlərinin lazerlə yönləndirilməsi
Yeni konsepsiyanın mərkəzində adi halda idarəolunmayan "Hydra 70 mm” raketləri dayanır. Bu raketlər lazer yönləndirmə sistemi ilə yüksək dəqiqlikli hava-hava silahına çevrilib.
Layihə "BAE Systems” və "QinetiQ” şirkətlərinin əməkdaşlığı ilə hazırlanıb və qısa müddətdə operativ vəziyyətə gətirilib. Bildirilir ki, normalda illərlə çəkə biləcək proses bir neçə həftəyə tamamlanıb.
"QinetiQ" Hava Sistemləri direktoru Simon Qolt bildirib:
"Konsepsiyadan ilk sınağa qədər cəmi səkkiz həftə keçdi. Bu miqyasda bir layihə üçün bu, olduqca sürətli prosesdir".
İlk sınaqlar
Sistem ilk dəfə mart ayında keçirilən sınaqda yer hədəfini uğurla məhv edib. Daha sonra RAF-ın 41-ci Test və Qiymətləndirmə Eskadronuna məxsus "Typhoon” pilotları havadan-havaya ilk uğurlu atışı həyata keçiriblər.
Sınaqlar zamanı Uelsdə yerləşən "Aberporth" poliqonunda "Banshee” adlı dron məhv edilib. Rəsmilər nəticələrin gözləntiləri üstələdiyini bildiriblər.
Orta şərqdə aktiv istifadə
Britaniya Müdafiə Nazirliyi yeni sistemin artıq əməliyyat bölgələrində istifadə olunduğunu açıqlayıb. RAF-ın 9-cu eskadronuna məxsus "Typhoon” qırıcılarının İran mənşəli hava təhdidlərinə qarşı bu texnologiyadan istifadə etdiyi bildirilir.
Eyni zamanda Britaniyanın Yaxın Şərqdə hərbi mövcudluğunu artırdığı qeyd olunur. "Sky Sabre" sistemləri Səudiyyə Ərəbistanına, digər hava müdafiə vasitələri isə Bəhreyn, Küveyt və İraqa yerləşdirilib.
Müdafiə naziri Luk Pollard bildirib ki, "Typhoon” qırıcıları həm NATO-nun, həm də Böyük Britaniyanın hava müdafiəsinin əsas dayaqlarından biridir.
Ümumi qiymətləndirmə
Hərbi ekspertlər hesab edirlər ki, aşağı xərcli dronların artması müasir müharibələrin xarakterini dəyişdirib və NATO ölkələrini daha ucuz qarşısınıalma sistemləri hazırlamağa məcbur edib.
Yeni sistemin digər NATO ölkələri üçün də nümunə ola biləcəyi qeyd olunur.
Aydın
Şərhlər