Xəbər lenti

Dünyada 4 günlük iş həftəsinə keçən ilk ölkə: Nəticə hamını təəccübləndirdi
Dünya 13:09 20.05.2026

Dünyada 4 günlük iş həftəsinə keçən ilk ölkə: Nəticə hamını təəccübləndirdi

İslandiya faktiki olaraq milli səviyyədə 4 günlük iş həftəsinə keçən ilk ölkə kimi tarixə düşüb. Eyni zamanda bu addım "iş saatlarının azalması iqtisadiyyata zərər verir” kimi yayılmış fikri də təkzib edib.

Qaynarinfo "HotNews”a istinadən xəbər verir ki, rəsmi göstəricilər ölkə iqtisadiyyatının nəinki zəifləmədiyini, əksinə 2025-ci ildə 1,3 faiz artdığını göstərir. 2026-cı ildə isə artımın 3 faizə yüksələcəyi proqnozlaşdırılır, işsizlik səviyyəsi isə Avropada ən aşağı göstəricilərdən biri olaraq qalır.

"Eurostat” məlumatlarına əsasən, İslandiyanın 2025-ci ildəki artım tempi Almaniya, İsveçrə, Norveç, Fransa və İtaliya kimi daha böyük iqtisadiyyatları da geridə qoyub.

Yeni modelə keçidin əsasında "Autonomy” adlı Britaniya analitik mərkəzi və İslandiyanın "Alda” təşkilatı tərəfindən aparılan geniş araşdırmalar dayanır. Nəticələr göstərib ki, iş həftəsinin qısaldılmasından sonra:

– stress və peşəkar tükənmişlik azalıb
– işçilərin psixi və fiziki sağlamlığı yaxşılaşıb
– insanlar ailə və şəxsi həyat üçün daha çox vaxt qazanıb
– məhsuldarlıq artıb, çünki işçilər daha fokuslanmış olub

Dünyanın ən böyük eksperimentlərindən biri

4 günlük iş həftəsinə keçid 2015–2019-cu illərdə Reykjavik hökuməti və İslandiya dövlətinin keçirdiyi iki böyük pilot proqramla başlayıb. Prosesdə 2500-dən çox işçi iştirak edib. Təcrübə məktəblər, xəstəxanalar, sosial xidmətlər və polis də daxil olmaqla müxtəlif dövlət sektorlarını əhatə edib.

Əsas model iş saatlarının 40 saatdan 35–36 saata endirilməsini, lakin maaşların dəyişməməsini nəzərdə tutub. Bunun üçün iş prosesləri optimallaşdırılıb, lazımsız iclaslar azaldılıb və səmərəsiz tapşırıqlar ləğv edilib.

İslandiya təcrübəsi göstərib ki, effektivlik işlənən saatların çoxluğundan yox, işin təşkilindən asılıdır.

Məqalədə qeyd olunur ki, bu model Z nəslinin iş yanaşması ilə də üst-üstə düşür. Gənc işçilər artıq həddindən artıq iş mədəniyyətindən uzaqlaşır və daha balanslı həyat tərzini üstün tutur.

"Z nəsli üçün iş artıq həyatın mərkəzi deyil, onun yalnız bir hissəsidir", deyə məqalədə qeyd olunur.

Bu uğur artıq digər ölkələrə də təsir göstərməyə başlayıb. Böyük Britaniya, İspaniya və Yeni Zelandiya kimi ölkələrdə oxşar modellər müzakirə olunur.

Aydın

--> -->