Bakı-Tiflis-Bakı sərnişin qatarı üzrə birtərəfli biletin qiyməti 81 manatdan başlayacaq.
Bu barədə Qaynarinfo-ya "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.
Məlumata görə, minimum qiymətlər Yevlax–Tiflis üzrə 67 manat, Gəncə–Tiflis üzrə 62 manat, Ağstafa–Tiflis üzrə 57 manat, Böyük Kəsik–Qardabani üzrə 51 manat olacaq.
Beynəlxalq istiqamətlər üzrə gedişhaqqı İsveçrə frankının yerli məzənnəyə nisbətinə əsasən formalaşdırılır və kurs fərqinə görə dəyişə bilir. Bakı-Tiflis-Bakı reysi üzrə bilet qiymətləri də Gürcüstanla hesablaşma əsasında İsveçrə frankının manata məzənnəsinə görə müəyyən edilir. Bundan əlavə, beynəlxalq marşrutlar üzrə qatarın keçdiyi hər bir ölkə tarifə əmsal tətbiq edir.
Qiymətlərə həmçinin ölkədaxili marşrutlarda olduğu kimi, həftə sonları, bayram günləri və yer seçimi də təsir göstərir.
Marşrut üzrə səfərlər müasir "Stadler" qatarları ilə həyata keçiriləcək. 2019-cu ildə istismardan çıxarılmış köhnə hərəkət tərkibi ilə müqayisədə bu yeni nəsil yataq tipli vaqonlar yüksək komfort, müasir interyer, fərdi xidmət və beynəlxalq standartlara uyğun rahat səyahət imkanları ilə seçilir.
İlkin qrafikə əsasən, qatar hər gün Bakıdan saat 23:10-da yola düşəcək və növbəti gün saat 08:41-də Tiflisə çatacaq, Tiflisdən isə saat 21:00-da yola düşməklə növbəti gün Bakıya saat 06:24-də çatacaq. Bu müddətin sərhəd-gömrük baxışı məqsədilə 1 saatı Azərbaycan sərhədi, 1 saatı isə Gürcüstan sərhədi üçün nəzərdə tutulub.
Şərhlər