Rusiya Prezidenti Vladimir Putinin Pekinə səfəri və Çin lideri Si Szinpinlə keçirdiyi genişmiqyaslı danışıqlar dünyanın aparıcı media qurumlarının əsas gündəmlərindən birinə çevrilib. Bu marağın səbəbi yalnız iki ölkə arasındakı münasibətlər deyil. Əslində Pekində baş verənlər formalaşmaqda olan yeni beynəlxalq güc balansının növbəti nümayişi kimi qiymətləndirilir.
Putinin Pekinə son dərəcə geniş nümayəndə heyəti ilə gəlməsi xüsusi diqqət çəkir. Rusiya nümayəndə heyətində baş nazirin müavinləri, nazirlər, Prezident Administrasiyasının nümayəndələri, iri dövlət korporasiyalarının rəhbərləri, bank sektoru təmsilçiləri, Mərkəzi Bank rəhbəri Elvira Nabiullina, Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev, həmçinin biznes və media nümayəndələri yer alıb. Bu isə göstərir ki, Moskva Çinlə münasibətləri artıq yalnız siyasi tərəfdaşlıq deyil, iqtisadi və maliyyə təhlükəsizliyinin əsas dayaqlarından biri hesab edir.
Ukrayna müharibəsi və Qərbin sərt sanksiyalarından sonra Çin Rusiyanın əsas iqtisadi tərəfdaşına çevrilib. Son illərdə iki ölkə arasındakı ticarət dövriyyəsi rekord həddə çatıb. Rusiya enerji ixracında Avropa bazarını itirdikcə diqqətini sürətlə Asiya istiqamətinə yönəldir. Məhz buna görə Pekində aparılan danışıqların mərkəzində yenə enerji layihələri, xüsusilə "Sibirin Gücü-2” qaz kəməri dayanır.
Bu layihə Qərbi Sibirdən ildə təxminən 50 milyard kubmetr qazın Monqolustan üzərindən Çinə nəqlini nəzərdə tutur. Əslində Moskva bu layihə vasitəsilə vaxtilə Avropaya satdığı qazın mühüm hissəsini Çin bazarı ilə əvəz etməyə çalışır. Lakin layihə ilə bağlı yekun razılaşmanın hələ də imzalanmaması göstərir ki, Pekin qiymət və şərtlər məsələsində Moskvaya ciddi güzəşt etməyə tələsmir.
Çin isə bu münasibətlərdə daha rahat və üstün mövqedə görünür. Pekin yaxşı anlayır ki, Qərb sanksiyalarından sonra Rusiyanın iqtisadi və siyasi baxımdan Çinə ehtiyacı əvvəlkindən qat-qat artıb. Bu isə Çinə Moskva ilə münasibətlərdə daha sərt və praqmatik davranmaq imkanı verir.
Çin üçün Rusiya bir neçə istiqamətdə vacibdir, ucuz və uzunmüddətli enerji mənbəyi, ABŞ təsirinə qarşı geosiyasi tərəfdaş və Avrasiya məkanında strateji balans elementi. Pekin xüsusilə enerji təhlükəsizliyi baxımından Rusiyanı vacib tərəfdaş hesab edir. Çünki dəniz marşrutlarından fərqli olaraq, quru üzərindən gələn enerji xətləri ABŞ donanmasının nəzarət imkanlarından kənarda qalır.
Qərb mediasının diqqət yetirdiyi digər mühüm məqam isə görüşün zamanlamasıdır. ABŞ Prezidenti Donald Trampın Çinlə təmaslarından qısa müddət sonra Putinin Pekinə səfəri təsadüfi sayılmır. Bir çox analitik hesab edir ki, Çin bununla həm Vaşinqtona, həm də Moskvaya mesaj verir: Pekin artıq qlobal diplomatiyanın əsas mərkəzlərindən birinə çevrilib və böyük güclər Çin amilini nəzərə almadan strateji siyasət qura bilməz.
Si Szinpin son illərdə Çini yalnız iqtisadi güc deyil, həm də alternativ siyasi qütb kimi təqdim etməyə çalışır. Pekin Qərbin rəhbərlik etdiyi dünya nizamına açıq qarşıdurma elan etməsə də, ABŞ dominantlığının zəiflədiyi çoxqütblü beynəlxalq sistem ideyasını fəal şəkildə müdafiə edir. Rusiya isə bu konsepsiyanın ən aktiv tərəfdaşlarından biridir.
Putin-Si görüşü həm də Kremlin beynəlxalq təcrid görüntüsünü dağıtmaq cəhdi kimi qiymətləndirilir. Moskva Qərbin "təcrid olunmuş Rusiya" tezisinin reallığı əks etdirmədiyini göstərməyə çalışır. Pekində keçirilən yüksək səviyyəli qarşılanma mərasimi, böyük nümayəndə heyəti və imzalanması planlaşdırılan çoxsaylı sənədlər məhz bu siyasi görüntünün formalaşdırılmasına xidmət edir.
Lakin münasibətlərdə tam bərabərlikdən danışmaq çətindir. Son illərin iqtisadi göstəriciləri açıq şəkildə göstərir ki, bu tandem daxilində əsas dominant güc Çindir. Rusiyanın Çin bazarına, Çin texnologiyalarına və maliyyə imkanlarına ehtiyacı sürətlə artır. Bu isə uzunmüddətli perspektivdə Moskvanın Pekindən daha asılı vəziyyətə düşməsi riskini gücləndirir.
Bütün hallarda Pekindəki görüş bir daha göstərir ki, dünya siyasətində yeni geosiyasi konfiqurasiya formalaşır. ABŞ, Çin və Rusiya arasında gedən böyük rəqabətin əsas səhnələrindən biri artıq Pekindir. Putin və Si Szinpin isə burada yalnız iki ölkənin münasibətlərini deyil, gələcək dünya düzəninin siyasi və iqtisadi konturlarını da müzakirə edirlər.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Çin Sədri Si Szinpinlə danışıqlar aparmaq üçün Çinə səfər edib. TASS-ın məlumatına görə, Rusiya liderinin iş proqramı Tyananmen Meydanında rəsmi qarşılanma mərasimi ilə başlayıb və orada Çin Sədri tərəfindən qarşılanıb. Bundan sonra tərəflər bir-birlərinə nümayəndə heyətlərini təqdim ediblər.
Rusiya nümayəndə heyətinə Baş nazirin beş müavini, səkkiz nazir, Prezident Administrasiyasının nümayəndələri, region rəhbərləri, dövlət korporasiyalarının və iri bankların rəhbərləri, biznesmenlər daxildir. Pekinə həmçinin Mərkəzi Bankın sədri Elvira Nabiullina, Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev və universitetlərin və media təşkilatlarının nümayəndələri də gəlib.Rəsmi qarşılanma mərasimindən sonra Vladimir Putin və Si Szinpin birgə şəkil çəkdirəcəklər və danışıqlar başlayacaq.
Liderlər əvvəlcə təkbətək görüş keçirəcəklər, ardınca nümayəndə heyətlərinin iştirakı ilə geniş danışıqlar aparacaqlar. Görüşdən sonra sənədlərin imzalanması və media üçün bəyanatlar gözlənilir.
Siyasət şöbəsi
Şərhlər