Son illər Z nəslinin valideynlik yanaşmaları ilə bağlı baxışları geniş müzakirə olunur. Bir tərəfdən "anlayışlı valideyn” metodlarından uzaqlaşma müşahidə edilsə də, digər tərəfdən 1960-70-ci illərdə tətbiq olunan sərt qaydaların bir çoxu bu gün gənclər tərəfindən qəbuledilməz hesab edilir.
Qaynarinfo yourtango-ya istinadən xəbər verir ki, Z nəsli uşaqları "real həyata hazırlamağın” vacibliyini qəbul etsə də, əvvəlki nəsillərin avtoritar tərbiyə üsullarını düzgün yanaşma saymır. Mütəxəssislər bildirirlər ki, həmin dövrdə normal qəbul edilən bir çox davranış indi psixoloji baxımdan zərərli hesab olunur.
"Böyüklərə sözsüz itaət etməlisən"
60-70-ci illərdə ailələrdə sərt iyerarxiya hökm sürürdü. Uşaqların böyüklərə etiraz etməsi və ya öz fikrini müdafiə etməsi xoş qarşılanmırdı. "Çünki mən belə dedim” yanaşması valideyn tərbiyəsinin əsas prinsiplərindən biri sayılırdı.
Bu gün isə Z nəsli uşaqların seçim haqqının və fərdi sərhədlərinin qorunmasının vacib olduğunu düşünür.
Boşqabı tam bitirmək məcburiyyəti
Həmin dövrdə yeməyi boşqabda saxlamaq hörmətsizlik hesab olunurdu. Xüsusilə qıtlıq dövrlərini yaşamış ailələrdə yeməyin israf edilməsinə qarşı sərt münasibət vardı.
Müasir yanaşmalara görə isə uşaqları məcburi şəkildə yemək yeməyə vadar etmək onların qida ilə münasibətinə və sağlamlıq davranışlarına mənfi təsir göstərə bilər.
Psixoloji problemlər gizli saxlanılırdı
Keçmişdə depressiya, narahatlıq və digər psixoloji problemlər barədə danışmaq ayıb sayılırdı. Valideynlər uşaqlardan emosiyalarını gizlətməyi tələb edir, terapiya və psixoloji dəstəyə isə mənfi yanaşırdılar.
Bu gün isə Z nəsli emosional sağlamlıq mövzusunda daha açıq mövqe nümayiş etdirir.
Dini qaydalar müzakirə olunmurdu
Bir çox ailədə dini qaydalara əməl etmək məcburi idi. Uşaqların seçim haqqı demək olar ki, yox idi.
Müasir gənclər isə din və mənəviyyata daha fərdi və çevik yanaşmağa üstünlük verirlər.
"Problemini özün həll et”
Keçmişdə uşaqların çətinliklər qarşısında dözümlü olması əsas prinsip hesab olunurdu. Valideynlər emosional dəstək göstərməkdənsə, uşaqların problemləri özlərinin həll etməsini istəyirdilər.
Xüsusilə X nəslinin nümayəndələri erkən yaşlarından müstəqil olmağa məcbur qaldıqlarını bildirirlər.
"Valideyn dost deyil”
60-70-ci illərdə valideynlər özlərini daha çox qayda qoyan rəhbər kimi aparırdılar. Emosional yaxınlıq və dost münasibəti zəif idi.
Müasir valideynlik anlayışında isə həm qayda, həm də emosional yaxınlığın balanslı şəkildə qorunmasının vacibliyi vurğulanır.
Böyüklərə kor-koranə hörmət
Keçmişdə yaşlılara etiraz etmək və ya sərhəd qoymaq tərbiyəsizlik sayılırdı. Bu isə bəzi hallarda uşaqların özlərini müdafiə etməsini çətinləşdirirdi.
Z nəsli isə hörmətin qarşılıqlı olmalı olduğunu düşünür.
Sevgi və tərif şərtli idi
Bir çox ailədə uşaqlar yalnız uğurlu olduqda və ya itaət etdikdə tərif alırdı. Valideyn sevgisi bəzən "mükafat sistemi” kimi qəbul edilirdi.
Psixoloqlar hesab edir ki, bu yanaşma uşaqların özünəinamına mənfi təsir göstərə bilər.
"Küçə işıqları yanana qədər evə gəlmə”
Həmin dövrdə uşaqlar günün böyük hissəsini küçədə, nəzarətsiz keçirirdilər. Bu, normal həyat tərzi sayılırdı.
Müasir valideynlər isə təhlükəsizlik narahatlıqları səbəbindən uşaqlara daha çox nəzarət etməyə çalışırlar.
Uşağı hər kəs cəzalandıra bilərdi
Əvvəllər qonşular və qohumlar da uşağın tərbiyəsinə müdaxilə edə bilir, cəza verə bilirdilər. Bu, "uşağı bir kənd böyüdər” düşüncəsinin bir hissəsi idi.
Bu gün isə valideynlər şəxsi sərhədlərə daha həssas yanaşır və başqalarının uşaqlarına müdaxiləsini qəbul etmirlər.
Günay
Şərhlər