Xəbər lenti

Tramp Sumı faciəsinə reaksiya verdi, lakin Rusiyanı günahkar hesab etmədi
Dünya 10:56 14.04.2025

Tramp Sumı faciəsinə reaksiya verdi, lakin Rusiyanı günahkar hesab etmədi

ABŞ prezidenti Donald Tramp Ukraynanın Sumı şəhərinə endirilən zərbə ilə bağlı danışarkən bildirib ki, ona Rusiyanın ''səhv etdiyi'' deyilib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Unian" yazır.

''Düşünürəm ki, bu, dəhşətli bir hadisə idi. Və mənə dedilər ki, onlar səhv ediblər. Amma məncə, bu dəhşətdir'', deyə o, jurnalistlərə bildirib.

Trampdan "Rusiya səhv etdi” dedikdə nəyi nəzərdə tutduğunu izah etməsi xahiş olunanda o, belə cavab verib: ''Düşünürəm ki, bu... baxın, gedin, onlardan soruşun''. Bununla o, konkret kimi nəzərdə tutduğunu dəqiqləşdirməyib - deyə CNN yazır.

Xatırladaq ki, bundan əvvəl ABŞ dövlət katibi Marko Rubio Sumıya zərbə ilə bağlı açıqlama vermişdi. O bildirib ki, ABŞ Sumıya endirilmiş dəhşətli Rusiya raket zərbəsi nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir.

''Bu, prezident Trampın və onun administrasiyasının bu müharibəyə son qoymaq və davamlı sülhə nail olmaq üçün niyə bu qədər vaxt və səy sərf etdiyini faciəvi şəkildə xatırladır'', deyə Rubio vurğulayıb.

Avropa liderləri isə bu zərbəyə daha emosional və açıq reaksiya veriblər. Onlar bəyanatlarında rusları pravoslavların böyük bayramı - Bədirlənmiş Bazar günü mülki ukraynalıları qətlə yetirdiklərinə görə qınayıblar. Xüsusilə Çexiyanın xarici işlər naziri açıq ifadələrlə danışaraq bildirib ki, Rusiyaya qatillər rəhbərlik edir.

Xatırladaq ki, dünən səhər rusiyalı işğalçılar kasetli döyüş sursatları ilə Sumı şəhərinin mərkəzinə raket zərbəsi endiriblər. Son məlumata görə, hücum nəticəsində 34 nəfər, o cümlədən iki uşaq həlak olub. Yüzdən çox insan yaralanıb.

Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kiril Budanov isə Rusiyanın Sumıya endirdiyi zərbənin bəzi detalları barədə məlumat verib. Onun sözlərinə görə, artıq məlumdur ki, bu cinayətkar hücum Rusiya Silahlı Qüvvələrinin 112-ci və 448-ci raket briqadalarının heyəti tərəfindən Voronej vilayətinin Leski və Kursk vilayətinin Lejenki yaşayış məntəqələrinin ərazisindən həyata keçirilib.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->