Xəbər lenti

Sakinlərin narazılığı böyüyür:
Ekonomiks 16:54 15.04.2025

Sakinlərin narazılığı böyüyür: "Viləşçay" MTK heç bir qanuna riayət etmir"

"Viləşçay" tikinti şirkəti ilə sakinlər arasında baş verən narazılıq böyüyür. 

Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən yaşayış kompleksinin sakinlərindən olan İslam Mahmudov Qaynarinfo-ya açıqlamasında "Viləşçay" MTK-nın açıq-aşkar özbaşınalıqla məşğul olduğunu bildirib:

"Yəni heç bir dövlət qanunlarını tanımır, heç bir qanuna riayət eləmir. 2018-ci ildə bina təhvilə getdiyi halda bu adam yenə də hegomonluq edir. Burada bir ailə şirkəti yaradıb, sakinlərin müraciətinə və şikayətinə baxmır. Binanı ata malı kimi istifadə edir. Binanı təhvil verib, pulunu almısan, vəssalam. Bu gün də MTK olaraq binanı idarə edirlər. Əslində idarə etmirlər, camaatdan pul yığırlar, bundan əlavə, onların heç bir xidməti yoxdur”.

İslam Mahmudov vurğulayıb ki, sözügedən binanın sakinləri MMC yaradıb, binanı özləri idarə etmək istəyir:

"Biz 4-5 aydır ki, bu MMC-ni yaratmaq üçün vuruşuruq. Kim sənəd verirsə, MTK ona bir ziyan vurur, gah işığın kəsir, gah qiymətləri qaldırır, əlindən gələn hər pisliyi edir ki, bu MMC yaranmasın. İnsanlara hədə-qorxu gəlir".

İslam Mahmudov "Viləşçay" MTK-nın heç bir əməkdaşı ilə müqavilə bağlamadığını diqqətə çatdırıb:

"Xadimə, mühafizə və s. əməkdaşlarının heç biri ilə müqaviləsi yoxdur. Hamısını qeyri-qanuni işlədir, ayda 300-350 manat verir, halbuki 400 manat maaş yazır. Buradan ev alan sakinlərin heç birinin İsrafil Hüseynovla müqaviləsi yoxdur. Birinə oğlunun, birinə gəlininin, birinə yeznəsinin adını yazıb ki, guya MTK-nın direktoru onlardır. Hamısı ilə də MTK-nın direktoru olaraq müqavilə bağlayıb. Bu binada sənədi yerində olan bir sakin yoxdur. Nəyinsə gücünə binanı idarə edir".

Qeyd edək ki, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən 250 mənzildən ibarət "Viləşçay" Yaşayış Kompleksinin sakinləri tikinti şirkətindən narazılıq edir. Bununla bağlı ATV-də süjet təqdim edilib.

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->