Honq Konqun "South China Morning Post" nəşrinin məlumatına görə, son illər ərzində Çində süni intellekt sahəsinin inkişafı ilə məşğul olan bir neçə tanınmış alim gözlənilmədən dünyasını dəyişib.
Qaynarinfo xəbər verir ki, bu ölümlər tədqiqatçıların şəxsi təhlükəsizliyi və onların məruz qaldığı yüksək stress səviyyəsi ilə bağlı narahatlıqlara səbəb olub. Qeyd olunur ki, bu narahatlıqlar xüsusilə ABŞ və Çin arasında texnoloji rəqabətin artdığı bir dövrdə daha da aktuallaşır.
Nəşr xatırladır ki, məsələn, 2022-ci ilin iyununda "Megvii Technologies" şirkətinin aparıcı alimi və maşın görmə texnologiyaları üzrə tanınmış ekspert Sün Cian vəfat edib. O, dünyada böyük nüfuz qazanmışdı və "MIT Technology Review" tərəfindən ən yaxşı gənc alimlər siyahısına daxil edilmişdi. 45 yaşlı alimin ölüm səbəbi açıqlanmayıb, yalnız "qəfil xəstəlik” nəticəsində vəfat etdiyi bildirilib.
Bir il sonra isə Çin Xalq Azadlıq Ordusuna bağlı Pekin Milli Müdafiə Texnologiyaları Universitetinin süni intellektin hərbi tətbiqləri sahəsində çalışan dosenti Fen Yanxe vəfat edib. O, cəmi 38 yaşında idi və ölüm səbəbi ümumiyyətlə açıqlanmayıb.
Eyni il böyük texnoloji şirkət olan "SenseTimein"in təsisçisi və Honq Konqdakı Çin Universitetinin professoru Tan Syaou da gözlənilmədən vəfat edib. O zaman 55 yaşında olan alimin hansı xəstəlikdən öldüyü barədə məlumat verilməyib.
Bundan bir il sonra 41 yaşlı "Yidu Tech” şirkətinin həmtəsisçisi və innovasiyalar üzrə baş direktoru Xe Çji də qəfil dünyasını dəyişib.
2025-ci ildə isə Cənubi Çin Texnologiya Universitetinin Kompüter Elmləri Məktəbinin dosenti, maşın görmə sahəsində ekspert Çüan Yüxhueyin ölümü barədə məlumat yayılıb. Onun ölüm səbəbi də ictimaiyyətə açıqlanmayıb.
"South China Morning Post" yazır ki, bu ardıcıl və izah olunmamış ölümlər texnologiya sektorunda çalışan mütəxəssislər üçün artan təzyiqlər və potensial risklərə dair suallar doğurur.
Aydın
Şərhlər