Dövlət Dəniz və Liman Agentliyində (DDLA) "Gəmi agenti haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq "Gəmi agentlərinin hazırlığı” üzrə təşkil olunan növbəti kursa yekun vurulub.
Sözügedən kursda iştirak üçün 36 nəfər müraciət edib. Kursu keçmiş 33 nəfərdən 22-si imtahanı müvəffəqiyyətlə verib və müvafiq sertifikatla təltif edilib.
Agentliyin İdarə heyəti sədrinin müşaviri Habil Abbasov uğur qazanan iştirakçıları təbrik edərək onlara gələcək fəaliyyətlərində yüksək nailiyyətlər arzulayıb. "Gəmi agentlərinin hazırlığı” üzrə təşkil olunan kursun əhəmiyyətindən danışan natiq onu da vurğulayıb ki, gəmi agentinin fəaliyyəti nəinki dəniz nəqliyyatı sahəsində əməliyyatların düzgün gedişatını təmin edir, həmçinin beynəlxalq ticarətin səmərəliliyinin artırılmasında da mühüm rol oynayır.
Qeyd edək ki, aprelin 1-4-də "Gəmi agentlərinin hazırlığı” üzrə təşkil olunan kursun məqsədi dəniz nəqliyyatı xidmətlərinin beynəlxalq standartlara uyğun təşkili, ərazi sularına daxil olan xarici bayraqlı gəmilərə xidmət göstərilərkən ölkəmizin iqtisadi və siyasi maraqlarının qorunması, beynəlxalq yükdaşımalarda respublikanın mövcud imkanlarının təbliği və dəniz üzgüçülüyü təhlükəsizliyinin təmin olunması, eləcə də gəmilərin liman əməliyyatları zamanı vaxt itkisinin minimuma endirilməsi olub.
Sonda kursu müvəffəqiyyətlə bitirən iştirakçılarla xatirə şəkli çəkilib.
Şərhlər