Xəbər lenti

İn-Yan, Aydın Can, Azərbaycan... - Özüdür ki var!
Pərviz CƏBRAYIL
Sənət 11:52 13.04.2025

İn-Yan, Aydın Can, Azərbaycan... - Özüdür ki var!

Aydın Canın yeni kitabı məndən və mənim kitablarımın cəmindən yekə, mənim kitab tutan əllərimdən, fikirlərimi yazıya çevirən klaviaturamdan qat-qat ağırdır.

Kitab elə "Aydının özüdür ki var” da deyə bilməyəcəyəm, çünki Aydından ağır, Candan böyükdür. Bu, Azərbaycanın P ilə başlayan bütün prospektləridir, P-dən söz düşmüşkən, həm də elə "Pərviz” prospektidir (karın könlündəki) və sonunda Azərbaycanın Özüdür ki var – bölünmüş, böyük, sanballı, möhtəşəm. Dünəni, bü günü, sabahı. O üzü, bu üzü. Bu, Aydının Azərbaycanıdır!
 
Annotasiyasını oxuyub, yarısında yuxarıdakı qeydi edəndən sonra keçirəm "Müəllifdən" olan hissəyə. Orta əsrlər poeziyamızda əsərlərini bu cür başlayırdı klassiklərimiz: minacat, saqinamə, padişahın tərifi və s və i.a, Aydın hamısını bu "Müəllifdən” hissəsində birləşdirib, klassiklərə göndərmə öz yerində, elə səhifənin ortasındaca bu yazılıb:
 
 
"Bu kitab: ... Azərbaycanın Özüdür ki var”.
 
 
Az əvvəl bu cümləni öz adımdan, öz fikrim kimi yazanda mən hələ bu "minacat"a göz atmamışdım, ancaq onun yazacağı cümlədən xəbərsiz eyni şeyi yazmışam. Demək ki, bizim söz gedişlərimiz eynidir, demək ki, mən Aydından xəbərsiz onu elə görürmüşəm! Demək, Aydın istədiyinə nail olub!
 
 
"Bu kitabı oxuyan,
Bu kitab,
Bu kitabda...” – Aydın sıralayır.
 
 
Bu rəngarəng üslub, iddia, "yekəxanalıq", forma... Biz 90-cıların havasıdı və nə yazıq ki, biz bu azman formanı illərin olaylarında yelə verərkən və nə möhtəşəm ki, Aydın hələ də o yekəxanalıqda bəlkə də yek 90-cı olaraq qalır! Bəziləri, elə şəninə Aydının da təriflər yağıdrdığı mənsəbə, şöhrətə çatan kimsələr keçmişinə dirsəklənib at oynadır, "mən həmin istedadam” deyib at kimi adamın üzünə durur, Can isə hələ də söz oynatmağın ustası olaraq qalır, hərçənd nə mənsəbi var, nə efir şöhrəti.
 
Hər dəfə məni heyrətə salır bu sevgiylə nifrətin simbiozu olan möhtərəm və möhtəşəm adam - həmin vəcd, həmin entuziazm, həmin ilk yazısını qəzetdə görüb özünü dahi hesab edən, qanadlarını gərərək Yer kürəsini dövrə vurub yerinə qayıdan adam. Yo-o, biz yerimizə qayıtdıq, o isə hələ də şahin kimi dövrə vurur və bizə artıq əlimiz çatmayan o keçmiş göylərdən "namələr” yazır. O bu qanadları, bu enerjini necə qorudu başının ayılmadığı o qədər qeylü-qaldan sonra? Hə, çünki o, iki mühərrikliydi - biri nifrət, biri sevgiylə uçuran. Biri İn, biri Yan! Biri sıradan çıxanda o birinin hesabına uçdu, sonra o birini təmir edib işə saldı, biz isə tək sevgi mühərrikli. İçi nifrətdən xali olan sevgiylə çox uçmaq olmaz, demək ki...
 
 
Bəzi yazıları adamda elə təəssürat yaradır ki, Aydın nələrisə təhrif edir, nələrisə yalan yazır. Ancaq Aydının yazdıqlarında yalan yoxdur! Yanlışlar olur, bəzən qəsdən, bəzən instinktiv olaraq buraxdığı "probellər” olur. Probelləri, həm də gözə girəcək probelləri ona görə buraxır ki, biz onları açıq-aydın görək. Probellər də onda həqiqəti çatdırmaq üçün südlə yazılmış sözdür!
 
 
Aydın kəndirbazdır, söz fəndgiridir, onda boşluqlar da doludur və danışır! Vahibi-surət sənin başını gözsüz yaratmayıbsa, görəcəksən. Neynəsin, siz bir parçasını yox, bütöv həqiqəti ancaq onun dilindən eşitmək istəyirsinizsə, o da qayıdıb deyər ki: "Buyur, onu da sən yaz, mən tir kimi boşluqları boşuna buraxmamışam ki! Başıma gələnlər bəsimdir! Neynəsin, mədhlərin yanında qəsdən buraxdığı o boşluqların yerinə yenə latayır yazsın? Onda da deyirik ki, Aydın "sevmək”dən çox yazır...
Və elə bilməyin ki, o, həmin o boşluqlarda yazacağı fikirləri unudub, yox, yaddaşı onu heç vaxt aldada bilməz, bəzən o özü öz yaddaşını aldadır və onda dediyim yarımçıq həqiqət meydana çıxır...
 
 
Onun yazdıqları həqiqətdir! Ancaq bəzən yarımçıq, bəzən qanadıqırıq. O bunu bilmirmi? Bilir. Biz də bilirik. Onu da bilirik ki, tam həqiqət günəş kimidir – yazsa, onu yandırıb kül edəcək. O, həqiqətdən özünə lazım olanı yazır. Özünə sərf edəni yazır, özünü salamat saxlayacaq qədər yazır! Öz fikrinin həqiqət olduğunu "gözə soxmaq” üçün yazır. Bu da onun həqiqətidir və buna görə onu ittiham etmək olarmı? O ittiham da bizim istəyimizə bağlı - kim necə istəsə. Ancaq bir məsələ var – axı adam diliylə deyir: bu kitab Azərbaycanın özüdür! Ağzında Azərbaycan deyirsən...
 
 
Ya gərək tam susasan, yarımçıq olacaq deyə bir cümlə də yazmayasan, ya da yarmçıq olsa da, nələrisə deyə biləsən. Düzünü desəm, bunlardan hansının Azərbaycanın perspektivi üçün daha xeyirli olduğunu bilmirəm. Zatən susanları kimsə eşitmir və nə vaxtsa eşidəcəyinə də əmin deyiləm. Bir özü biləcək nələri susduğunu, bir də allahı!
 
 
***
 

 
Aydın təkbaşına mənim adımı ayrı-ayrılıqda çəkənlərin cəmindən daha çox çəkib yazılarında! Əlbəttə, yaxşı mənada. Hər dəfə oxucuya bir şeyi sübut etmək istəyir – ya mənimlə bağlı, ya özünün hansısa fikriylə bağlı. Özüylə bağlı da olanda yenə mənim adımı dövrəyə salır. Təbii ki, yenə də yaxşı mənada. Onunçün yazısında keçən adlar o adlara sevgidən, heyrətdən doğmur, Aydının öz həqiqəti üçün vasitəçi qismində iştirak edir! Onu öz həqiqətindən və möhtəşəmliyindən başqa heç nə maraqlandırmır!
 
 
Ancaq mənim adımı çəkəndə o, bircə ("Yad dildə” ilə bağlı) məqamda daim özünə, yaddaşına böhtan atır, kəf gəlir: "Sənin "Yad dildə”ni bəyənməmişəm, ona qarşı sərt yazmışam... sözümün üstündə dururam, çünki sən o sevgiyə layiq olmayan filankəsi baş qəhrəman seçibsən. Buna baxmayaraq, bu, romanıın dəyərini azaltmır”. Ona özünə böhtan atdığını deyirəm. "Azadlıq” radiosunun "Oxu zalı”nda romanın müzakirəsində yazdığı bir-iki acı rəydən başqa heç bir mənfi yazısı olmayıb. Əksinə, ona qədər mənilə bir müsahibəsində romanla bağlı elə bir cümlə yazıb ki! Hətta başlığa çıxarıb. Hətta başlığa çıxarılan o cümlə özümü belə qorxudub! Təxminən beləydi ki, bu romandan sonra, düz 20 il nə Pərviz özü, nə başqaları roman yaza biləcək.
 
 
Onu da hər dəfə ona xatırladacağıma söz verirəm ki, görüşəndə o baş qəhrəman iddiasının yanlış olduğunu sənə deyəcəyəm. İllər keçir, biz görüşə, bölüşə bilmirik. İmkan düşdü burda yazım. O romanda baş qəhrəman yoxdur. Onun "şübhələndiyi”, nəzərdə tutduğu adamın prototipi saydığı qəhrəman isə dediyi o adam deyil. Bəlkə o obraz başına gələn hadisələrlə özüməm, ancaq "O” deyil, əslində heç özüm də deyiləm və o romanda ümumiyyətlə, baş qəhrəman yoxdur. Nəzərə alınası xüsusi məqamdır ki, romanda bütün Dədə Qorqud personajları olsa da, Dədə Qorqudun özü yoxdur! Bu romanda bütün obrazlar bir nəfərin ayrı-ayrı üzləridir, cəmdə bir obraz var və o da Aydının bu gün kitabına seçdiyi kimi: Azərbaycanın özüdür ki var!
Aydının bu kitabının hələ ki cəmi 4-5 yazısını oxumuşam. Adam roman-hekayə qəbiristanlığıdır, yox bu bir az sərt oldu, nəsr xammal deposudur! Nə qədər romanların mövzusu ola biləcək hadisələr, nə qədər xarakterlər var bu yzılarda! Onları Aydın yazan deyil, yazmayacaq, ancaq bizə deyir ki, yazın da, hazır mövzudur sizinçün toplamışam!
 
***
 
 
Aydın sözə hökm edə bilən adamdır. Onun portretlərini, bəzən reportajlarını oxuyanda adama elə gəlir ki, görəsən sonu necə bitəcək, kobud desəm, məsələn, bu polis rəisi axırda öləcək, ya qalacaq? Hərçənd bilirsən ki, bu adam filankəsdi, işi-əməli, taleyi budur, hələ də yaşayır, ola bilsin, indi sadəcə təqaüdə çıxıb. Ancaq yox, bunları bilə-bilə yenə nəsə bir final gözləyirsən.
 
Romanlarda, filmlərdə olduğu kimi. Aydın yazılarında mətni gücləndirmək üçün lətifədən, məsəldən, hədisdən, vaqeədən çox istifadə edir və bu onun yazılarını birə beş gücləndirir, bildiyin hədisi, ya lətifəni sanki ilk dəfə oxuyursan. İndi mən də, səhv etmirəmsə, bir lətifəni xatırladıb fikrimi gücləndirmək istəyirəm.
İki yoldaş, alpinistlərdən bəhs edən filmə baxmağa gedir. İkisi də bir-birindən xəbərsiz filmə təkrar baxır və qəfildən biri qayıdır ki, heyif ki, axırda alpinistlər zirvəyə çıxacaq, ölməyəcək. O biri deyir ki, öləcəklər. Mübahisə mərcləşməyə gəlir və təbii ki, sonda alpinistlər ölür. "Öləcəklər” deyən deyir, mən bu filmə baxmışdım, bilirdim ki, öləcəklər. O biri də qayıdır ki, mən də baxmışdım, ancaq dedim, bəlkə bu dəfə ölməyələr... İndi Aydının yazıları da elədi, təkrar oxusan belə, elə bilirsən, nəsə başqa sonluq ola bilər...
 
 
Bu, dediyim kimi, Aydının sözə hökm edə bilmə istedadır. Bir növ sözün əfəndisi! Və məsələ ondadır ki, Aydın özü də yazıları kimidir. Hər dəfə elə bilirsən ki, bu dəfə nəsə başqa Aydını görəcəyəm. Di gəl, özünü unudub, atıb, əynindən çıxarıb atan qələmdaşlarından fərqli olaraq, Aydın həmin Aydındı, o istedadı, o qüdrəti, o yaramazlığı, o şövqü, o sözə ehtirası ilə: bəzən Canidi, Bəzən Canıyevdi, bəzən Candı, bütün hallarda bunların cəmində Aydın candı ki var, yəni Aydın Can!
 
Pərviz Cəbrayıl
 
 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->