"Tramp üçün Rusiya daha əhəmiyyətli, daha mənfəətli sayılır".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Ukrayna və Vladimir Putinə münasibət məsələsində ABŞ prezidenti Donalıd Trampla komandasındakı bəzi üzvlər arasında yaranan fikir ziddiyyətini şərh edərkən deyib.
Zərdüşt Əlizadə bildirib ki, Amerika klassik imperalist dövlətidir:
"İmperalist dövlətləri də yalnız və yalnız öz maraq və mənafelərindən çıxış edirlər. İmperalist ABŞ üçün də tərəzinin iki gözü var. Bir gözündə Ukraynadır, o biri gözündə isə Rusiya. Tramp üçün də bu mənada Rusiya daha əhəmiyyətli, daha mənfəətli sayılır. Ona görə də tabeliyindəki bəzilərinin, ondan asılı olan, ona yaltaqlanan, hər sözünə itaət edən bəzi insanların Ukraynaya daha böyük üstünlük verilməsini tələb etmələri Tramp üçün heç nədir".
Politoloq bildirir ki, Trampın dünyagörüşü və təsəvvüründə yürüdəcəyi xarici siyasətin əsas cizgiləri artıq müəyyənləşib:
"Ona görə də Marko Rubio, Kit Kelloqun Amerikanın Putinlə müqayisədə Ukraynaya yönəlik ənənəvi siyasətinin daha əhəmiyyətli olmasını vurğulamaları heç bir halda Trampı öz mövqeyindən çəkindirməyəcək. Tramp yenə də öz dediyini deyəcək".
Qeyd edək ki, "The Wall Street Journal" ABŞ prezidenti Donald Trampla bəzi köməkçiləri arasında Putin və Ukraynaya münasibətdə parçalanma baş verdiyindən yazıb. ABŞ prezidenti Donald Trampın bir neçə yüksək vəzifəli köməkçisi ona Kremlin Ukraynaya qarşı müharibəni bitirmək istəyinə daha çox şübhə ilə yanaşmağı məsləhət görüb. Onlar Ağ Evin rəhbərinə sübut edirlər ki, Rusiya diktatoru Putin hələ də döyüşlərin dayandırılmasına əsla maraq göstərməyib.
Nəşr yazıb ki, dövlət katibi Marko Rubio və Ukrayna üzrə xüsusi nümayəndə Keyt Kelloqun başçılıq etdiyi bir qrup Trampa Putinə qarşı daha təmkinli olmağı və Kremlin Ukraynadan ərazi güzəştləri ilə bağlı daimi tələblərinə qarşı daha sərt mövqe nümayiş etdirməyi tövsiyə edib.
Lakin nəşrin yazdığına görə Tramp hələ də xüsusi nümayəndə, bu yaxınlarda Moskvada səfərdə olan Stiv Uitkoffun fikirlərini dəstəkləyir. Hansı ki, o, Putinlə iki görüşdən sonra, onun həqiqətən müharibəni bitirmək istədiyinə əmin olduğunu bildirib.
Onu da qeyd edək ki, bu arada ABŞ Konqresi Ukraynaya dəstək və Rusiyaya qarşı sanksiyaların tətbiqilə bağlı qanun layihəsi təqdim edib.
Rüfət Sultan
Şərhlər