Bakı Ağır Cinayətlər Məhkəməsində Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzinin keçmiş baş direktoru Saleh Novruzinin, direktor müavini Yadulla Balışovun və Laboratoriya şöbəsinin müdiri Tahir Vəliyevin məhkəmsi davam edir. Bu iş hakim Rasim Sadıxovun icraatındadır. Keçmiş səhiyyə işçiləri rüşvət almaqda, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilir.
Qaynarinfo xəbər verir ki, aprelin 15-də keçirilən məhkəmə iclasında şahidlər dindirilib. İlyas Müqəddəmli ifadəsində göstərib ki, sahibkarlıq fəaliyyətiylə məşğul olur. Sahibi olduğu uşaq geyimləri mağazasına sertifikat almaq üçün mərkəzə müraciət edib. Mərkəzdə çalışan İlahə adlı əməkdaşla əlaqə saxlayıb. Geyimlərdən nümunələr göndərərək sertifikat alıb. Ödənişi isə kartdan karta göndərmək üsulu ilə həyata keçirib. Şahid təqsirləndirilən şəxsləri tanımadığını deyib.
Məhkəmə Sanitariya-Karantin Mərkəzinin həkimi Samir Musayevi də dindirib. Şahid ifadəsində göstərib ki, vəzifəsi təqdim olunan nümunələri yoxlayaraq sertifikat üçün yararlı olub-olmaması barədə rəy vermək olub: "Mərkəzə ərizəylə müraciət olunurdu, biz də nümunələri yoxlayırdıq. Başqa heç bir məlumatım yoxdur".
İki şahidin dindirilməsindən sonra hakim tərəflərə bildirib ki, bəzi şahidlərə məhkəmə bildirişi göndərilsə də, gəlib ifadə vermirlər. Hakim həmin şahidlərin məcburi gətirilmələri barədə qərar çıxarıb.
Növbəti məhkəmə iclası aprelin 22-nə təyin olunub.
Bundan əvvəlki məhkəmə iclaslarında ifadə verən təqsirləndirilən şəxslər ittihamları qəbul etməyiblər. Məsələn, Respublika Sanitariya-Karantin Mərkəzinin keçmiş baş direktoru, təqsirləndirilən şəxs Saleh Novruzi özünü təqsirli bilməyib. Yaşadığı ünvandan götürülən pulların şəxsən özünə aid olduğunu deyib.
Ötən il Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzi publik hüquqi şəxsin baş direktoru Saleh Novruzi, direktor müavini Yadulla Balışov və Laboratoriya şöbəsinin müdiri Tahir Vəliyev cinayət başında yaxalanıb. İlkin sübutlar əsasında Saleh Novruzi, Yadulla Balışov və Tahir Vəliyev şübhəli şəxs qismində tutularaq Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, hər 3 şəxsin yaşı və səhhəti nəzərə alınmaqla, barələrində istintaq orqanının vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə ev dustaqlığı (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) növündə qətimkan tədbirləri seçilib.
Esmira Cavadova
Şərhlər