Bakıda Gülarə Qədirbəyova küçəsinin adı dəyirşdirilərək Mirzə Qədim İrəvani ilə əvəzlənib. Gülarə Qədirbəyova 9 ünvanında yerləşən Qərbi Azərbaycan İcması isə əvvəllki kimi, eyni məkanda, lakin Mirzə Qədim İrəvani 9-da fəaliyyətini davam etdirəcək.
Bu binada - Gülarə Qədirbəyova 9 ünvanında çox ağrı-acılar yaşamış, eynisini də bu ünvana üz tutub gələnlərdən görmüşəm. Bəzən elə olurdu ki, gecə saatlarınadək işləyir, sonda ümidsizliyə qapılıb evə gedirdik. "Yox ey, torpaqların qayıtması nağıldır". Bu sözləri bir-birimizə deməyə isə utanırdıq.
Ümid sonuncu ölmür, öləzəyən ruh olur.
Əvəllər bu ünvanda (Gülarə Qədirbəyova 9) Şuşa Rayon İcra Hakimiyyəti və "Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi yerləşirdi. Mən də orada media-kommunikasiya üzrə məsləhətçi idim. Ermənistanın sosial media seqmenti bu binadan çıxan materialları diqqətlə izləyir, bəzən israrla susur, bəzən də biz, İrəvanın rəsmi dairələrində "aləmi bir-birinə" vura bilirdik. Amma bütün kiçik uğurlarımızın sonunda erməni tərəfinin özünü "qalib xalq", "sarsılmaz ordu" kimi aparıb tikanlı atmacalarla cavab qaytarması yeddi qatımızdan keçirdi...
İndi Qarabağ İcmasının üzvləri Qarabağda məskunlaşma problemləri ilə məşğul olurlar. Desən, bəlkə, yadlarına da düşməz, Gülarə Qədirbəyova 9 harada yerləşir. Az qala o binanın varlığını da unudublar. Halbuki, müxtəlif problemlərlə bu ünvana gəlir, gedərkən də çiyinilərini büküb, başlarını bulayaraq Qarabağ dərdini özləri ilə aparırdılar.
Bir yaşlı qadını isə heç unuda bilimirəm: torpaqlar alınsa, Bakıdakı birotaqlı evini gənc tələbəyə bağışlayıb Qarabağa gedəcəyini deyir, sonra isə qəhərdən gözləri dolur, sanki o günü yaşaya bilməyəcəyini anlayıb hamıdan küsübmüş kimi çıxıb gedirdi. O gün o qadını televiziyada - Xankəndində müsahibə verərkən gördüm. Gözləri gülürdü...
"Köylü qızı" ləqəbli, Gülarə Qədirbəyova Azərbaycan tarixində xüsusi yeri olan şəxsiyyətlərdəndir. "Şərq qadını" jurnalının baş redaktoru olub, sovet quruculuğunda iştirak etsə də, qurmaq istədiyi sovetin qırmızı terroruna məruz qalıb. Ümid edirəm ki, Gülarə Qədirbəyovanın adını daşıyan küçə də başqa bir ünvanda yerləşdiriləcək. Lakin əsl repressiya Qədirbəyovadan daha əvvəl, Mirzə Qədim İrəvaninin özünə, soyuna, əsərlərinə qarşı edilib. Daha sonra isə - XX əsrin sonlarında, yenə ürəkləri soyumayıb, Qarabağda, İrəvan və onun ətrafında, Ermənistan Respublikası tərəfindən azərbaycanlılara qarşı əsl terror aparılıb. Bunu bir dövlət edib. Sadə insanları ittiham etmək fikrim yoxdur. Lakin sadə insanlar dönüb dövlət olanda bəzən o dövlətin kimliyi, necəliyi də təzahür edir.
İndi məsələ belədir ki, bizim də sadə insanlardan formalaşan kiçik bir dövlətimiz var. Bu dövlət ağlı indi də eyni məkanda və eyni ünvanda Qərbi Azərbaycan İcmasını yerləşdirib. Və təbii şəkildə yuxarıdan Təbriz küçəsi ilə, aşağıdan isə Xətai prospekti ilə Mirzə Qədim İrəvani küçəsi kəsişib. Məkan adları o qədər simvolik, açıq və örtülü mesajlar verir ki, bu ünvanda yerləşdirilən (Mirzə Qədim İrəvani küçəsi 9) Qərbi Azərbaycan İcmasının da vaxtı gələndə çıxıb gedəcəyi mümkündür. Necə ki, Qarabağ İcması çıxıb getdi.
Məncə, Mirzə Qədim İrəvani adını götürüb getməyə də ehtiyac qalmayacaq, tarixdən yadigar qalsa, yaxşıdır. Hardan baxsan, indi, bizim üçün, Şərqdən Qərbə gedən bütün yollar İrəvana aparır.
Məqsəd Nur
Şərhlər