Finlandiyada 1976-cı ildən bəri ilk dəfə olaraq polis əməkdaşları tətilə çıxıb.
Qaynarinfo xəbər verir ki, bu barədə ölkənin dövlət tele-radio yayım şirkəti "Yle" məlumat yayıb.
Verilən məlumata görə, tətilin əsas səbəbi 80 minə yaxın polis əməkdaşını əhatə edən maaş artırımı ilə bağlı danışıqların çıxılmaz vəziyyətə düşməsidir. Tətil iki gün davam edəcək və bu müddətdə bir çox bölgənin polis idarələrində qəbul qeydləri ləğv edilib, hüquq pozuntuları və sığınacaqla bağlı müraciətlər qəbul edilmir.
Aksiyaya həmçinin Hemeenlinna və Vantaa şəhərlərində yerləşən həbsxanaların işçiləri də qoşulub.
Tətil dövlət qulluqçularının əməkhaqqı ilə bağlı kollektiv müqavilə üzrə peşə birlikləri ilə işəgötürənlər arasında yaranmış mübahisə fonunda baş tutur. Həmkarlar ittifaqları dövlət sektorunda çalışanların maaşlarının özəl sektorla bərabərləşdirilərək üç il ərzində 7,8% artırılmasını təklif edirlər. Hökumət isə maaşların yalnız 6,3% artırılmasına razıdır və bundan artıq artımın "borc içində olan" dövlət üçün maliyyə baxımından çox baha başa gələcəyini bildirir.
Qeyd edək ki, Finlandiyanın xarici işlər naziri Elina Valtonen bundan əvvəl Rusiyaya qarşı sanksiyaların gücləndirilməsinə və Ukraynaya daha çox dəstək verilməsinə çağırmışdı.
Aydın
Şərhlər