"Rəsmi İrəvan vaxt udmaq, topu Azərbaycana ötürmək, sonra yenidən geri almaq kimi mənasız işlərlə məşğuldur".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şəhrçi Qulamhüseyn Əlibəyli Ermənistan XİN rəhbəri Ararat Mirzoyanın eyni gündə iki - həm sülh sazişi, həm də ATƏT-in Minsk Qrupunu buraxmaq barədə sənədi imzalamaqla bağlı təklifi şərh edərkən deyib.
"Minsk Qrupu ilə bağlı məsələni prinsipcə, o cür həll etmək olar. Əvvəlcə Minsk Qrupunun buraxılması haqqında sazişi imzalayıb, sonra da sülh müqaviləsi imzalamaq olar. Amma sülh müqviləsinin imzalanması üçün Azərbaycanın şərti təkcə mənasız qurum olan Minsk Qrupunun buraxılması deyil. Azərbaycanın daha ciddi şərti var. O da ərazi iddialarından imtina edilməsi məsələsidir. Odur ki, mirzoyanlar, paşinyanlar əvvəlcə konstitusiyalarını düzəltsinlər ki, Azərbaycana ərazi iddiası olmasın", deyə Qulamhüseyn Əlibəyli bildirib.
Həmsöhbətimiz qeyd edir ki, İrəvan öncə 1992-ci ildə parlamentlərinin qəbul etdiyi qərarı ləğv etməlidir:
"1992-ci ildə Ermənistan Ali Soveti qərar verib ki, rəsmi İrəvan Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu təsdiq edən hər hansı bir sənədə imza atmasın. Zəhmət çəkib əvvəlcə həmin qərarı ləğv etsinlər ki, Ermənistan hakimiyyəti sərbəst hərəkət etmək imkanına malik olsun. İndilikdə nə Paşinyan, nə də digərlərinin elə bir sənədi imzalamaq hüququ va. Sadəcə olaraq, İrəvan diqqəti Minsk Qrupuna cəlb etməklə, ikinci dərəcəli məsələni əsas məsələ kimi qələmə verib, birinci dərəcəli məsələni aradan çıxarmaq istəyir. Onların heç bir vədinə inanmıram, gündüz bir söz, axşam başqa söz deyirlər. Nə qədər ki İrəvan konstitusiya dəyişikliyini həyata keçirməyib və Minsk Qrupunun ləğvi haqqında sənədi imzalamayıb, sazişin imzalanmasından söhbət gedə bilməz. Onlar vaxt udmaq, topu Azərbaycana ötürmək, sonra yenidən geri almaq kimi mənasız işlərlə məşğuldurlar".
Qeyd edək ki, Ermənistan XİN rəhbəri Ararat Mirzoyan eyni gündə iki sənədin, sülh sazişi və ATƏT-in Minsk Qrupunun ləğvi üzrə sənədin imzalanmasını təklif edib:
"Azərbaycan tərəfinin səsləndirdiyi bəzi fikirlərə, xüsusən də Minsk Qrupu mövzusuna gəlincə, qeyd etmək istərdim ki, bizim mövqeyimiz aydındır. Münaqişənin bitdiyi və bu faktın sülh müqaviləsi ilə təsdiqləndiyini etiraf etsək, o zaman nə Minsk Qrupu, nə də ona tabe olan strukturlar artıq məqsədəuyğun deyil. Məhz bu məntiqə əsaslanırıq ki, biz eyni gündə iki sənədin imzalanmasını təklif etdik: sülh müqaviləsi, o cümlədən ATƏT və ya onun üzvü olan dövlətlərdə Minsk Qrupunun buraxılması prosesinə başlamaq üçün birgə bəyanat".
Rüfət Sultan
Şərhlər