Xəbər lenti

Böyük Mavi Çuxurun sirri açıldı - Təbii fəlakətlərlə əlaqəsi varmı?
Dünya 11:05 14.04.2025

Böyük Mavi Çuxurun sirri açıldı - Təbii fəlakətlərlə əlaqəsi varmı?

Belizdə (Mərkəzi Amerikanın şimal-şərqində dövlət) yerləşən və vizual gözəlliyi ilə tanınan məşhur Böyük Mavi Çuxur artıq yalnız turistik cazibə nöqtəsi kimi deyil, həm də elmi araşdırmaların mərkəzi kimi diqqət çəkir.

Qaynarinfo xəbər verir ki, bu nəhəng sualtı çuxurda aparılan son tədqiqatlar, qlobal əhəmiyyət daşıyan maraqlı nəticələr ortaya qoyub.

Qlobal fırtına arxivi: 5 min 700 ilin izləri

Orta Amerikanın şimal-şərqində, Karib dənizi sahilində yerləşən Beliz tropik meşələri və sualtı gözəllikləri ilə tanınır. Bu ölkənin ən məşhur təbii möcüzələrindən biri isə 125 metr dərinliyə malik Böyük Mavi Çuxurdur. Son tədqiqatlara görə, bu çuxurun dibindən çıxarılan torpaq nümunələri son 5 min 700 il ərzində baş verən tropik fırtına və qasırğaların artdığını göstərir.

Frankfurt Göte Universitetindən olan bir tədqiqat qrupu, açıq dənizdəki sondaj platforması vasitəsilə bu bölgədən 30 metr uzunluğunda çöküntü nümunəsi əldə edib. Qat-qat yığılan bu çöküntülər ağac halqaları kimi, hər ilin hava hadisələrinə dair izlər daşıyır. Təbii fəlakətlərin intensivliyi, rüzgar sürəti və dalğa hündürlüyü kimi parametrlər bu qatların rəng və tərkib fərqləri ilə müəyyən edilib.



İqlim dəyişikliyinə dair xəbərdaredici nəticələr

Əldə edilən məlumatlara əsasən, Böyük Mavi Çuxurdan çıxarılan nümunələr 5 min 700 ildə ümumilikdə 574 fırtına hadisəsini qeydə alıb. Xüsusilə son 20 ildə qeydə alınan 9 fırtına təbəqəsi, qarşıdakı illərdə fırtınaların sayında kəskin artım ola biləcəyini göstərir.

Professor Eberhard Gişlerin rəhbərlik etdiyi araşdırma qrupu, XXI əsrdə Beliz bölgəsindən təxminən 45 tropik fırtına və qasırğanın keçə biləcəyini ehtimal edir. Bu isə son 6 min illik tarixi göstəricilərdən xeyli yüksəkdir. Alimlər bu artımın yalnız təbii iqlim dövranları ilə deyil, sənaye inqilabı ilə başlayan qlobal istiləşmə ilə də bağlı olduğunu vurğulayırlar.



Dəniz səviyyəsi və okean temperaturu da həlledici rol oynayır

Dəniz səviyyəsindəki dəyişikliklər və okean səthinin istiliyinin artması, fırtınaların daha tez-tez və güclü baş verməsinə səbəb olur. Qlobal istiləşmə nəticəsində okeanlarda toplanan enerji miqdarı da artır, bu da daha böyük və dağıdıcı fırtınaların yaranmasına şərait yaradır.

Böyük Mavi Çuxur haqqında 10 maraqlı fakt

1. Çuxur Buz dövrünün sonunda dəniz səviyyəsinin qalxması ilə su altında qalan mağaraların nəticəsində yaranıb.

2. Bu mağaralar təxminən 153 min il əvvəl formalaşıb və 15 min il əvvəl tam sualtına keçib.

3. Böyük Mavi Çuxur UNESCO tərəfindən qorunan Beliz səddi resifinin bir hissəsidir.

4. Çuxurdakı sualtı mağaralar quruda yaranmış böyük sarkıtlarla doludur.

5. Burada Karib rif köpəkbalıqları, çəkic başlı və öküz köpəkbalıqları kimi növlər yaşayır.



6. Sualtı mağaralar yalnız təcrübəli dalğıclar üçün açıqdır.

7. "Discovery Channel" 2012-ci ildə Mavi Çuxuru dünyanın "ən heyranedici 10 yeri" siyahısında birinci göstərib.

8. Nəhəng dairəvi forması kosmosdan da görünə bilir.

9. "Mavi Çuxur" ifadəsi ilk dəfə 1988-ci ildə britaniyalı dalğıc Ned Middltonun kitabında istifadə olunub.

10. 2018-ci ildə Riçard Branson çuxurun dibinə enən və plastik butulkalar aşkar edən bir ekspedisiyada iştirak edib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->