Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun milyonluq sifarişi ilə Cəbrayıl rayonunda Şükürbəyli kənd yaşayış məntəqəsi salan "Ağa-EE İnşaat" Məhdud Məhsuliyyətli Cəmiyyəti (MMC) külli miqdarda cərimələnib.
Qaynarinfo-nun məlumatına görə, şirkətdə aparılan yoxlama zamanı Vasif və Asəf Şabanov qardaşlarının Şükürbəyli kəndi ərazisində aparılan işlərə əmək müqaviləsi bağlanmadan usta kimi cəlb edilməsi faktı aşkarlanıb.
Baş Prokurorluğun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsi tərəfindən "Ağa-EE İnşaat" MMC barəsində 192.1-ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə protokol tərtib edilib və işə məhkəmədə baxılıb.
Məlum olub ki, işçilər MMC-ni faktiki olaraq idarə edən Vurğun Abbasov tərəfindən işə götürülsə də, onların bəziləri ilə əmək müqaviləsi bağlanmayıb. Onlara MMC-də topoqraf vəzifəsində işləyən Faiq Hüseynli nəzarət edib.
Məhkəmənin hökmü ilə "Ağa-EE İnşaat" MMC-nin rəhbərliyi barəsində 20.000 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilib.
Qeyd edək ki, nizamnamə kapitalı 10 manat olan "Ağa-EE İnşaat" MMC-nin qanuni təmsilçisi Ağalı Natali Qaçay qızıdır. 2024-cü ilin sentyabr ayında Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Cəbrayıl rayonunda 1042 ailəlik (birinci mərhələdə – 635 ailəlik) Şükürbəyli kənd yaşayış məntəqəsinin salınması ilə bağlı sözügedən şirkətlə 7 milyon 664 min 194 manat dəyərində müqavilə bağlayıb. "Ağa-EE İnşaat” MMC həmin kənddə bir fərdi yaşayış evini orta hesabla 159,6 min manata tikir.
Əhməd
Şərhlər