Xəbər lenti

Qaliblər arasında yad sima: Qabbard Trampın komandasını niyə tərk etdi?
Dünya 19:36 24.05.2026

Qaliblər arasında yad sima: Qabbard Trampın komandasını niyə tərk etdi?

ABŞ Milli Kəşfiyyatının direktoru (DNI) Tulsi Qabbard istefa verdiyini açıqlayıb. İstefanın 30 iyun tarixindən qüvvəyə minəcəyi bildirilib.
 
Qaynarinfo xəbər verir ki, rəsmi səbəb kimi həyat yoldaşının ağır xəstəliyi və ailəsinin yanında olmasının zəruriliyi göstərilib. Lakin Vaşinqtondakı müşahidəçilər hesab edir ki, şəxsi səbəblərlə yanaşı, Qabbardın Ağ Evlə münasibətlərində yaranmış sistemli böhran da qərara təsir edib.
 


Tulsi Qabbardın milli təhlükəsizlik məsələlərində, xüsusilə İranın nüvə proqramı və İslam Respublikasına qarşı hərbi əməliyyatların məqsədəuyğunluğu ilə bağlı müstəqil mövqeyi onu Tramp administrasiyasında narahatlıq yaradan fiqura çevirib. Administrasiyada isə əsas meyar kimi sadiqlik ön plana çıxır.

ABŞ-dakı "Kommersant” qəzetinin müxbiri Yekaterina Murun məlumatına görə, Tulsi Qabbard 22 may 2026-cı ildə istefasını elan edib. O, Donald Trampın ikinci prezidentlik müddətindən sonra – 2025-ci ilin fevralında ABŞ-ın 18 kəşfiyyat qurumunun fəaliyyətini koordinasiya edən qurumun rəhbəri təyin edilmişdi.
 


Qabbard "X” sosial şəbəkəsində paylaşdığı açıqlamada bildirib:

"Təəssüf ki, 30 iyun 2026-cı il tarixindən etibarən qüvvəyə minəcək istefa ərizəmi təqdim etməyə məcburam. Həyat yoldaşım Abrahamda nadir sümük xərçəngi aşkarlanıb. Bu dövrdə onun yanında olmaq üçün dövlət xidmətindən ayrılmalıyam".

O, vəzifədə təxminən 16 ay çalışıb. ABŞ mediasının, xüsusilə "Fox News”un məlumatına görə, prezidentə təqdim etdiyi istefa məktubunda Trampa etimada görə təşəkkür edib və kəşfiyyat sistemində şəffaflığın artırılması istiqamətində əldə olunan nəticələri vurğulayıb.

Donald Tramp isə "Truth Social” platformasında yazıb:

"Təəssüf ki, Tulsi Qabbard uğurlu fəaliyyətindən sonra administrasiyanı 30 iyunda tərk edir".
 


O əlavə edib ki, müvəqqəti direktor vəzifəsini Qabbardın müavini Aaron Lukas icra edəcək.

Müşahidəçilərin fikrincə, istefa şəxsi xarakter daşısa da, Ağ Evin siyasəti ilə fikir ayrılıqları yaşayan Qabbard üçün ailə məsələsi "son damla” rolunu oynayıb.

İlk fikir ayrılıqları 2025-ci ilin yazında üzə çıxıb. Mart ayında Senatda keçirilən dinləmələrdə Qabbard bildirib ki, ABŞ kəşfiyyatı İranın hazırda aktiv şəkildə nüvə silahı hazırlamadığı qənaətindədir və belə silahın əldə olunması perspektivi uzaq görünür.

Bu açıqlama ABŞ-ın İranın nüvə obyektlərinə zərbələrə hazırlaşdığı dövrə təsadüf edib. Sızdırılan məlumatlara görə, Tramp buna sərt reaksiya verərək jurnalistlərə "Tulsi Qabbardın nə düşündüyü məni maraqlandırmır” deyib.
 


Həmin dövrdə Qabbardın hərbi əməliyyatlarla bağlı əsas qərarların qəbulundan qismən uzaqlaşdırıldığı da bildirilirdi. Bundan sonra onun istefası ilə bağlı şayiələr yayılmağa başlayıb.

Buna baxmayaraq, Qabbard uzun müddət bu xəbərləri təkzib edib və prezidentə sadiqliyini nümayiş etdirməyə çalışıb. O, administrasiya üçün həssas sayılan məsələlərlə bağlı araşdırmalar başladıb və dəstəkləyib.

Xüsusilə ABŞ-ın 44-cü prezidenti Barak Obama administrasiyasının 2016-cı il seçkilərinə Rusiyanın müdaxiləsi ilə bağlı fəaliyyətinin araşdırılmasının vacibliyini vurğulayıb. Lakin bu prosesdə əsas fiqur keçmiş baş prokuror Pem Bondi olub. Bondi istədiyi nəticələri əldə edə bilmədiyi üçün 2026-cı ilin aprelində istefa verib.

Qabbard həmçinin ABŞ tərəfindən maliyyələşdirilən xaricdəki 120-dən çox biolaboratoriyanın, o cümlədən Ukraynadakı 40-dan artıq laboratoriyanın yoxlanılmasına start verib.

"COVID-19 belə tədqiqatların fəlakətli nəticələrini göstərdi", deyə o bildirib.

2026-cı ilin martında Milli Antiterror Mərkəzinin direktoru və Qabbardın yaxın müttəfiqi Co Kentin istefasından sonra yeni qalmaqal yaranıb. Kent administrasiyanın İran siyasətini açıq şəkildə tənqid edib və İranın ABŞ təhlükəsizliyi üçün birbaşa təhlükə yaratmadığını bildirib.
 


Qabbard həmkarından açıq şəkildə uzaqlaşmayıb və onun ünvanına yönələn sərt ittihamları dəstəkləməyib. Daha sonra Konqresdə keçirilən dinləmələrdə də neytral mövqe sərgiləyib. Bu isə Tramp tərəfdarları tərəfindən onun hələ də "komandanın tam üzvü olmadığı” kimi qiymətləndirilib.

Tulsi Qabbard heç vaxt klassik "komanda oyunçusu” hesab edilməyib. O, Havay ştatından keçmiş konqres üzvüdür və daha əvvəl ABŞ ordusunda xidmət edib. 2004–2005-ci illərdə İraqda döyüş əməliyyatlarında və Küveytdə humanitar missiyada iştirak edib. Sonradan ABŞ-da ən tanınmış müharibə əleyhdarı siyasətçilərdən birinə çevrilib.

2017-ci ildə Suriyaya səfər edərək həmin dövrün prezidenti Bəşər Əsədlə görüşməsi ABŞ siyasətində ciddi mübahisələrə səbəb olmuş və ona "Rusiyaya yaxınlıq” ittihamları yönəldilmişdi.

Qabbard 2020-ci ildə Demokratlar Partiyasının ilkin seçki debatlarında Kamala Harrisi sərt tənqid etməsi ilə daha geniş tanınıb. O, Harrisi cinayət hüququ məsələlərində ikili standartlarda ittiham etmişdi.

Sonradan iki siyasətçinin yolları tamamilə ayrılıb. Harris əvvəlcə Co Bayden administrasiyasında vitse-prezident, daha sonra prezidentliyə namizəd olub. Qabbard isə Demokratlar Partiyasını tərk edərək Donald Trampın komandasına qoşulub.
 


Analitiklər bildirirlər ki, Qabbardın istefası Tramp administrasiyasında qısa müddətdə baş verən ilk yüksək səviyyəli ayrılıq deyil. Onların fikrincə, administrasiyada əsas seçim meyarı sədaqət və "şahin” mövqeyidir.

Hazırda müvəqqəti direktor olacaq Aaron Lukasın da bu xətti təmsil etdiyi vurğulanır. O, keçmiş Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) əməkdaşıdır və Trampın ilk prezidentliyi dövründə Milli Təhlükəsizlik Şurasında çalışıb.

Tulsi Qabbardı daimi əsasda əvəz edə biləcək namizədlər arasında keçmiş konqresmen Devin Nunes və konqres üzvü Eliz Stefanikin də adı çəkilir. Stefanikin İran və milli təhlükəsizlik məsələlərində sərt mövqeyi ilə tanındığı qeyd olunur.
 
Aydın
--> -->